Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

Ərin n...

08.10.11 - 18:38192 baxılıb

Uşağı yeni doğulmuş valideynlərin nikahı hansı qaydada və hansı müddətdə pozula bilər?

Vüqar BAYRAMOV,
Şirvan şəhəri.

- Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.
Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.
Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.
Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.
Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
Ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:
o boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;
o uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;
o ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;
o ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.
Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər.
Məhkəməyə nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələri təqdim edən şəxslər 5 manat məbləğində dövlət rüsumu ödəməlidirlər.

16 ildir ki, səhiyyə sahəsində işləyirəm. Mənə 30 təqvim günü əsas məzuniyyət müəyyənləşdirilib. Bilmək istəyirəm ki, mənə cəmi neçə təqvim günü əmək məzuniyyəti verilməlidir?

Xəqani HÜMBƏTOV,
Bərdə şəhəri.

- İşçilərə verilən ödənişli əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti Əmək Məcəlləsində nəzərdə tutulmuş məzuniyyətdir. Məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. Siz də səhiyyə sahəsində belə bir vəzifə və ya peşədə çalışdığınızdan sizə verilən ödənişli əsas məzuniyyət 30 təqvim günü müəyyən edilmişdir. Eyni zamanda sualınızda bildirirsiniz ki, 16 il əmək stajınız vardır. Əmək Məcəlləsinə əsasən, işçinin on beş ildən çox əmək stajı olduqda ona 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Göstərilənlərə əsasən, sizin ən azı 36 təqvim günü əsas və əlavə ödənişli məzuniyyət almaq hüququnuz vardır.
Əmək Məcəlləsinə əsasən, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı il təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nda səhiyyə sahəsində çalışan işçilər üçün də əlavə ödənişli məzuniyyət almaq hüququ nəzərdə tutulmuşdur. Qeyd olunan Qərarla təsdiq olunmiuş Siyahının 37-ci bölməsində səhiyyə sahəsində çalışan işçilərin 6 təqvim günündən 24 təqvim gününə qədər (Siyahıda qeyd olunan vəzifə və peşəsindən asılı olaraq) əlavə ödənişli məzuniyyət almaq hüququ nəzərdə tutulmuşdur. Məsələn: Bu siyahıda qeyd olunan yoluxucu, göbələkli və vərəmli xəstələr üçün (vərəmə qarşı) müalicə-profilaktika müəssisələri, şöbələri, palataları, kabinetləri; sanitar-peşə məktəbləri və internat məktəbləri, uşaq evləri, uşaq bağçaları (qrupları), körpələr evi (qrupları), körpələr evi-bağçalar (qruplar) və xroniki dizenteriya xəstəliyi olan uşaq evləri (qrupları); vərəm xəstəliyi olan xəstələr üçün əlillər (sağlamlıq imkanları məhdud uşaqlar) evi (şöbələri); vərəm xəstəliyi olan əlillər üçün tədris məktəblərində - həkimin (o cümlədən şöbənin, kabinetin, laboratoriyaların həkimi-rəhbəri), diş texnikinin, kitabxanaçının - 6, cüzam əleyhinə müəssisələrin klinik və təsərrüfat həyətinin işçilərinin - 18, cüzam müəssisələrində həkim (o cümlədən həkim - şöbələrin, kabinetin rəhbəri) və ruhi xəstələr üçün müalicəvi istehsalat (əmək) emalatxanalarının və yardımçı kənd təsərrüfatının ustasının - 24 təqvim günü əlavə ödənişli məzuniyyət almaq hüququ vardır.
Əgər sizin işlədiyiniz vəzifə və ya peşənin adı bu Siyahıda varsa (sualınızda səhiyyə sahəsində işlədiyiniz vəzifə və ya peşənin adı qeyd olunmamışdır), bu hüquqdan istifadə etməklə sizin digər bir əlavə məzuniyyət hüququndan da istifadə etmək hüququnuz yaranmış olur.

Dövlət büdcəsindən maliyyələşən müəssislərdə çalışanların iş stajına təhsil illəri (əyani təhsil 5 il) əlavə edilirmi?

Sabir RÜSTƏMOV,
Gəncə şəhəri, Kəpəz rayonu.

- Əmək Məcəlləsinə əsasən, əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Təhsil illəri o zaman əmək və ya iş stajına daxil edilə bilər ki, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə kurslarına göndərilsin. İşçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir və həmin dövr əmək və ya iş stajına daxil edilir. İşçilərin əmək və ya iş stajı əmək pensiyasının təyini, məzuniyyət hüququnun hesablanması, hər hansı bir ödənişin hesablanması və sair hallarda tələb oluna bilər. Belə bir stajın hesablanması üçün, yuxarıda qeyd edildiyi kimi, yazılı formada əmək müqaviləsi bağlanmalıdır. Əmək məzuniyyətinə hüquq verən əmək stajı hesablanarkən qeyd etdiyiniz əyani təhsil illəri nəzərə alınmır. Əmək pensiyasının təyin edilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin aşağıdakı iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir:
o işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;
o yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət;
o müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanından qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;
o müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti;
o işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət;
o əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət;
o zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət;
o şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;
o əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;
o mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət;
o hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

Məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxs törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyırmı?

Sərxan HÜSEYNLİ,
Gəncə şəhəri.

- Bəli, Mülki Məcəllənin 1106-cı maddəsinə əsasən, məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzi onun özü tərəfindən ödənilir.

çap üçün verisya

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.