Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
Sahibkarlıq fəaliyyəti ilə məşğulam. Qusar Rayon Qaz İstismarı İdarəsinin nəzarətçisi tərəfindən işlədiyim müəssisədə yoxlama aparılarkən, qaz sayğacı 12.03.2011-ci il tarixində işlək vəziyyətdə olmuş, 13.03.2011-ci il tarixində təkrar yoxlama vaxtı isə sayğacın standartlara uyğun işləməməsi müəyyən olunmuşdur. Qaz İstismarı İdarəsinin 000140 saylı Aktında sayğaca kənar müdaxilənin olmaması göstərilir. Buna baxmayaraq, Qaz İstismarı İdarəsi yeni sayğacın mənim tərəfimdən qoyulmasını tələb edir. Bilmək istəyirəm ki, əgər qaz sayğacına kənar müdaxilə edilməmişsə, lakin bu sayğac standartlara uyğun işləmirsə, onun yenisi ilə əvəz edilməsi sahibkar, yoxsa Qaz İstismarı İdarəsi tərəfindən həyata keçirilməlidir?
Çigəli HACIYEV, Qusar şəhəri.
- Qeyd etdiyiniz münasibətlər qanunvericiliklə nəzərdə tutulan qaydada sizinlə Qusar Rayon Qaz İstismarı İdarəsi arasında bağlanan müqavilə ilə tənzimlənməlidir. Qaz sayğacının standartlara uyğun olması, keyfiyyətli olması və normal işləməsi üçün məsuliyyəti həmin sayğacı quraşdıran müəssisə daşıyır. Sualınızda bildirirsiniz ki, Qusar Rayon Qaz İstismarı İdarəsinin 000140 saylı Aktında sayğaca kənar müdaxilənin olmaması göstərilir. Əgər həqiqətən qaz sayğacı standartlara uyğun deyilsə və sizin tərəfinizdən kənar müdaxilə olmayıbsa, bu zaman onun yenisi ilə əvəz edilməsi Qaz İstismarı İdarəsinin vəsaiti hesabına həyata keçirilməlidir. Əgər qaz sayğacına sizin tərəfinizdən birbaşa və ya digər yollarla müdaxilə edilibsə, həmin qaz sayğacı sizin hesabınıza dəyişdirilməlidir. Qusar Rayon Qaz İstismarı İdarəsinin bu barədə olan tələbi ilə razılaşmırsınızsa, həmin idarənin tabe olduğu "Azəriqaz" İstehsalat Birliyinə müraciət etməklə bu problemin həll edilməsinə nail omalısınız.
Əmək pensiyası etibarnamə üzrə də ödənilə bilərmi?
Ülvi Muradov, Şəki rayonu.
- Bəli, "Əmək pensiyaları haqqında" qanunun 40-cı maddəsinə əsasən, əmək pensiyası etibarnamə üzrə də ödənilə bilər. Etibarnamənin verilməsi qaydaları və qüvvədə olması müddəti mülki qanunvericiliklə tənzimlənir.
İntizam tənbehi hansı müddətdə qüvvədə olur və vaxtından əvvəl götürülə bilərmi?
Mərdan VƏLİYEV, Bakı şəhəri.
- Əmək Məcəlləsinin 190-cı maddəsinə əsasən: o İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. o İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmasa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. o İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. o İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına hansı qaydada immiqrasiya oluna bilərlər?
Svetlana VASİLYEVNA, Bakı şəhəri.
- “İmmiqrasiya haqqında” qanuna əsasən, 18 yaşına çatmış fəaliyyət qabilyyəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına immiqrasiya üçün müvafiq icra hakimiyyəti orqanına, bilavasitə və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi, yaxud konsul idarələri vasitəsilə vəsatət verə bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vəsatətlərində Azərbaycan Respublikasına immiqrasiyanı əsaslandırmalıdırlar. İmmiqrasiya haqqında vəsatətə notarial və ya ona bərabər tutulan qaydada təsdiq edilən aşağıdakı sənədlər əlavə edilir: o Doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan başqa sənəd. o Ailə tərkibi haqqında ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya olduğu yer göstərilməklə arayış, nikah haqqında şəhadətnamənin surəti, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə immiqrasiya edən 14 yaşından 18 yaşınadək olan uşaqların immiqrasiya haqqında yazılı razılığı. o İmmiqrasiya edən şəxslərin sağlamlığı haqqında arayış. o Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayan şəxs ölkədə qaldıqları vaxtda, təminatı öz üzərinə götürdüyü hallar istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin və ya onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaitin olması barədə sənəd. o Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlığını təsdiq edən sənəd. o Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisasını təsdiq edən sənəd. Azərbaycan Respublikasında immiqrasiya haqqında vəsatətin rədd edilməsi əsaslarının mövcud olmasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə sənədlər tələb edilə bilər. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) altı ay müddətində Azərbaycan Respublikasına immiqrasiya haqqında vəsatətə baxır və qərar qəbul edir. İmmiqrasiya haqqında vəsatət verildikdə qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət rüsumu ödənilir.
Təhsil məzuniyyətlərinin müddətləri barədə məlumat verməyinizi xahiş edirəm.
Sitarə MƏMMƏDOVA, Mingəçevir şəhəri.
- Əmək Məcəlləsinin 124-cü maddəsinə əsasən: o Ali məktəblərin axşam şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 20 təqvim günü, qalan kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir. o Orta ixtisas məktəblərinin axşam şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 10 təqvim günü, qalan kurslarda 20 təqvim günü müddətində məzuniyyət verilir. o Ali məktəblərin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas məktəblərinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir. o Ali və orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir. o Diplom işinin hazırlandığı və müdafiə etdiyi dövrdə ali məktəblərin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir. o Peşə məktəblərində, peşə liseylərində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir. o Orta ümumtəhsil məktəblərinin nəzdində axşam siniflərində və qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir. Qeyd olunan məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.
İşçilərin icbari tibbi müayinədən keçirilməsi hansı hallarda məcburi qaydada həyata keçirilir?
Fərid HƏSƏNLİ, Göyçay rayonu.
- Əmək Məcəlləsinin 226-cı maddəsinə əsasən, ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir. İşçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən Əmək Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər.
Ər-arvadın qarşılıqlı razılığı olduqda nikah məhkəmədə hansı qaydada və hansı müddətdə pozulur?
Ülkər HƏSƏNZADƏ, Şirvan şəhəri.
- Ailə Məcəlləsinin 21-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və sair) nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən bir aydan tez olmayaraq həyata keçirilir.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.