Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
Ali təhsilli iqtisadçıyam. Əmək stajımın 9,5 ili dövlət qulluqçusu kimi, qalan 36,5 ili isə ümumi qayda üzrədir. Bilmək istəyirəm ki, mənə pensiya hansı qaydada hesablanmalıdır? Onu da xatırladım ki, 2009-cu ilin fevralından dövlət qulluqçularının IX təsnifatına uyğun olaraq ayda 142 manat pensiya alıram.
Sabir İSMAYILOV, Ucar rayonu.
- Məktubunuzdan göründüyü kimi, o zaman sizə dövlət qulluğu vəzifəsində 10 ilə qədər qulluq stajına görə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün isə dövlət məvacibinin 2 faizi miqdarında əlavə hesablanaraq pensiya təyin olunub. Pensiyanız təyin edilərkən yalnız dövlət qulluğu vəzifəsində çalışdığınız qulluq stajı nəzərə alınır. Digər fəaliyyət dövrləri hesaba alınmır. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi sizə düzgün izahat verir. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə digər pensiya növləri ilə təmin oluna bilərlər. Belə halda dövlət qulluqçusu pensiyasından imtina edərək, ümumi əmək stajınız nəzərə alınaraq, yaşa görə pensiyanızın məbləği 142 manatdan 174 manata qədər artırıla bilər.
25 ildən çoxdur ki, Salyan Plastik Kütlə Emalı Zavodunda işləyirəm. 4 ay bundan əvvəl öz günahımdan əmək xəsarəti almışam. Hər dəfə xəstəlik vərəqələrini iş yerinə təqdim etdikdə problemlərlə üzləşirəm. İşlədiyim müəssisə hər ayın 10-na kimi xəstəlik vərəqələrini Sosial Müdafiə Fonduna təqdim etmədiyi üçün geri qaytarılır və növbəti ayın 10-dək qəbul edilir. Bu səbəbdən də xəstəlik vərəqinə görə ödəmələr növbəti ayın axırınadək gecikdirilir. Ailəmin dolanması və dərmanların alınmasında problemlərim yaranır. Bu məsələlərə aydınlıq gətirməyinizi xahiş edirəm.
İslam VƏLİYEV, Salyan rayonu.
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqələri qanunveriiciliklə nəzərdə tutulan qaydada Sosial Müdafiə Fonduna təqdim edilməlidir. Bu sənədlərin müəssisə tərəfindən vaxtında təqdim edilməməsi həm Sosial Müdafiə Fondu, həm də işçi üçün əlavə problemlər yaradır və nəticədə işçi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti vaxtında ala bilmir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqələrinin qanunveriiciliklə nəzərdə tutulan qaydada Sosial Müdafiə Fonduna təqdim edilməməsinə görə əsas məsuliyyət işlədiyiniz müəssisənin üzərinə düşür. Əgər bu hallar mütəmadi olaraq baş verirsə, siz bu barədə müəssisə rəhbərinə yazılı müraciət etməklə, yol verilən pozuntuların aradan qaldırılmasını müəssisə rəhbərindən tələb etməlisiniz. Sizə qarşı yol verilən bu hallar aradan qaldırılmazsa, bununla əlaqədar dəymiş ziyanın əvəzinin ödənilməsi ilə əlaqədar məhkəmədə iddia qaldıra bilərsiniz
Vəsiyyətnamələr hansı qaydada ləğv edilə və dəyişdirilə bilər?
Səmayə HƏSƏNOVA, Astara rayonu.
-Notarius, dövlət notariat arxivinin müdiri, müvafiq icra hakimiyyəti orqanı vəsiyyətnamənin ləğv olunması və ya dəyişdirilməsi haqqında ərizə aldıqda, eləcə də əvvəlki vəsiyyətnaməni ləğv edən və ya dəyişdirən yeni vəsiyyətnamə aldıqda, habelə vəsiyyətnamənin bütün nüsxələrinin məhv edilməsi haqqında vəsiyyətedənin sərəncamını aldıqda vəsiyyətnamənin notariat kontorunda, dövlət notariat arxivində və ya müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi binada saxlanılan nüsxəsində və notariat hərəkətlərin qeydiyyatı reyestrində bu barədə qeyd edir. Vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında ərizədə olan imza mütləq notariat qaydasında təsdiq olunmalıdır. Notarius və ya müvafiq icra hakimiyyəti orqanı vəsiyyətnaməni təsdiq edərkən əvvəllər vəsiyyətnamə təsdiq etdiyi ona məlum olarsa, aparılmış notariat hərəkəti barədə əvvəllər tərtib olunmuş vəsiyyətnamə nüsxəsinin saxlanıldığı dövlət notariat arxivinə, notariusa və ya müvafiq icra hakimiyyəti orqanına bildiriş göndərməlidir.
Hazırda dövlət qulluqçusunun yaş həddi 65 müəyyən edilmişdir. "Dövlət qulluğu haqqında" qanunun 33.4.1-ci maddəsinə əsasən, 65 yaşına çatmamış, istefaya könüllü çıxanlara 6 aylıq məbləğə qədər birdəfəlik haqq verilir. Bu, Əmək Məcəlləsinin 70-ci maddəsinin e) bəndi ilə əmək müqaviləsinə xitam verilən işçilərə də aid edilirmi? Yəni işçi könüllü olaraq ərizə verməyibsə, bu birdəfəlik ödənişlər onlara da şamil olunurmu? Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.
Abdulla HƏSƏNOV, Masallı şəhəri.
- Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası və əsasları Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndi və 69-cu maddəsi ilə tənzimlənir. Yəni işçinin xahişi ilə əmək müqaviləsinə xitam verilməsi bu maddələrdə nəzərdə tutulan qaydada öz ərizəsi əsasında həyata keçirildikdə, bu əsas işçinin könüllü olaraq işdən azad edilməsi sayılır. Əmək Məcəlləsinin 70-ci maddəsi, o cümlədən bu maddənin e) bəndi (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) ilə əmək müqaviləsinə xitam verilməsi işçi tərəfindən könüllü olaraq deyil, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarıdır.
Mülki işlərə baxılması ilə əlaqədar məsrəflərə hansı xərclər aid edilir?
Xəlil OCAQOV, Bakı şəhəri.
- Məhkəmədə mülki işlərə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: o Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. o Yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər. o Tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılması ilə əlaqədar olan xərclər. o Tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri. o Nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər. o Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər. o Cavabdehin axtarılması ilə əlaqədar ödənilən xərclər. o Qətnamənin icrası ilə əlaqədar ödənilən xərclər. Məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də məhkəmə qərarı ilə tərəflərdən tutula bilər.
Tapşırıq müqaviləsi nə deməkdir?
Firudin OSMANOV, Yardımlı rayonu.
- Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlanıla bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Əgər tapşırıq alan özünün hüquqi hərəkətlərini yerinə yetirməsi üzrə öhdəliklər bağlamaq niyyətində deyildirsə və yalnız ictimai, ənənəvi və ya dostluq münasibətləri ilə hərəkət edirsə, bu cür hərəkətlər tapşırıq müqaviləsinin doğurduğu hüquqi nəticələri doğurmur.
Eşitdiyimə görə, güzəştli şərtlərlə mənzil növbəsinə götürülən xəstəliklərin siyahısı keçmiş SSRİ Səhiyyə Nazirliyinin 1983-cü il, 330 saylı əmri ilə tənzimlənirdi. Həmin əmrdə göstərilən xəstəliklərin siyahısı hazırda Azərbaycan Respublikasında qüvvədədirmi?
Nazim BEHRUD, Bakı şəhəri.
- Hazırda Azərbaycan Respublikasında yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 2010-cu ildən qüvvəyə minən Mənzil Məcəlləsi ilə tənzimlənir. Bu Məcəllənin 50.1.4-cü maddəsinə əsasən, bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlar hesab edilirlər. Mənzil Məcəlləsinin 56.2.3-cü maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran və xroniki xəstə olan vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələri verilə bilər.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.