Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 30-da) ... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır. … Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.
(avqustun 31-də) … Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
(sentyabrın 1-də) … və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.
(sentyabrın 2-də) … və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.
(sentyabrın 3-də) … və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır. … və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.
- Kənd təsərrüfatı müəssisəsində işləyirəm. Bu sahədə işləyən işçilərin əmək münasibətlərinin tənzimlənməsi xüsusiyyətləri barədə məlumat verməyinizi xahiş edirəm. Ş.MUSAYEV, Yevlax rayonu.
- Bildiririk ki, kənd təsərrüfatı və digər aqrar-sənaye sahələrində işəgötürənlə işçilər arasında əmək münasibətləri yalnız həmin müəssisələrin Nizamnaməsi, Əsasnaməsi, Əmək Məcəlləsinin müvafiq normaları, həmçinin "Ailə-kəndli təsərrüfatı haqqında", "Kooperasiya haqqında", "Aqrar islahatın əsasları haqqında" AR-in qanunları və müvafiq icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada yaranır və tənzimlənir. Kənd təsərrüfatı kooperativləri üzvlərinin əmək fəaliyyəti lokal normativ aktlar (kooperativlərin özləri və ya onların seçkili nümayəndəli orqanları tərəfindən qəbul edilən) əsasında tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində göstərilən hüquqlar kənd təsərrüfatı işçilərinə də şamil edilir. Kənd təsərrüfatı istehsal kooperativlərində, şirkətlərində üzvlük münasibətlərinə daxil olan şəxslər, həmin təminatlardan lokal aktlar, daxili nizam qaydalarına uyğun müqavilə bağlamaqla istifadə edə bilərlər. Göstərilən sahədə çalışan işçilərlə işəgötürənlər arasında əmək müqaviləsinin bağlanması Əmək Məcəlləsinin III bölməsində müəyyən edilmiş qaydalara və şərtlərə uyğun həyata keçirilir. ƏM-in 9-cu maddəsində nəzərdə tutulmuş əmək müqaviləsi üzrə işçinin hüquqları kənd təsərrüfatı və digər aqrar sənaye sahələrində qanunvericiliyə uyğun qaydada yaradılan müəssisələrin nizamnamə və əsasnamələri ilə məhdudlaşdırıla bilməz. Bu müəssisələrin təsis sənədlərində yalnız əmək münasibətlərinin daha mütərəqqi forma və üsullarla tənzimlənməsinin şərtləri, qaydaları nəzərdə tutula bilər. Kənd təsərrüfatı təyinatlı bütün müəssisələrdə qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadə qaydaları müəyyənləşdirilir. Bu işçilərin əməyindən yalnız qanunvericilikdə nəzərdə tutulmuş normalar dairəsində istifadə oluna bilər. Əmək Məcəlləsinin 37 və 38-ci fəsillərindəki maddələrdə (240-255) nəzərdə tutulmuş normalar, habelə Nazirlər Kabinetinin 20.II.1999-cu il tarixli, 170 saylı "Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin Siyahısının təsdiq edilməsi haqqında" və 24.03.2000-ci il tarixli, 58 saylı "Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin Siyahısının təsdiq edilməsi haqqında" qərarları bu sahədə əsas götürülməlidir. Əmək Məcəlləsinin 241-ci maddəsinə görə əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. Qadınların həmin maddə ilə müəyyən olunmuş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi yolverilməzdir. Hamiləliyin aşkar olunduğu andan, bitkiçilik və heyvandarlıqda hamilə qadınların əməyindən istifadəyə yol verilmir. Hamiləliyin bütün dövrü ərzində hamilə qadın daha yüngül işə keçirildikdə yeni iş yerində onun əsas vəzifəsi üzrə orta əməkhaqqı saxlanılır. Hamilə qadınların əməyindən istifadə etmək üçün müəssisələrdə xüsusi sahələr yaradılır. Qanunvericiliyə görə kənd təsərrüfatı müəssisələrində də yaşı 18-dən az olan işçilərin ağır və zərərli əmək şəraitində çalışması yolverilməzdir. Törədici buğalara, ayğırlara, erkək donuzlara 18 yaşına çatmamış şəxslərin, hamilə və bir yaşına çatmamış uşağı olan qadınların qulluq etməsi, heyvanların kəsilməsi, ölmüş heyvanların yarılması işlərinə cəlb olunması, yaşı 18-dən az olan işçilərin baytarlıq sanitarı, ayğırlara xidmət üzrə mehtər kimi çalışması, pestisidlərlə işləməsi, qoşqulu kənd təsərrüfatı maşınlarını idarə etməsi, çətənə istehsalında, istixanalarda məşğul olması qadağan edilmişdir. Kənd təsərrüfatı müəssisələrində işləyən yaşı 18-dən az olan şəxslər tibbi müayinədən keçdikdən sonra işə qəbul edilir və 18 yaşına çatana qədər hər il işəgötürənin vəsaiti hesabına məcburi tibbi müayinədən keçməlidirlər. İş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamalıdır.
- Hörmətli redaksiya! Kənd təsərrüfatı müəssisələrində iş vaxtının və əməyin ödənilməsi necə tənzimlənir? R.CƏFƏROV, İmişli rayonu.
- Kənd təsərrüfatı və digər aqrar-sənaye müəssisələri öz nizamnamələrini hazırlayarkən qanunvericilik normaları və qaydaları çərçivəsində istehsal və digər iqtisadi münasibətlərin xüsusiyyətlərini nəzərə almalıdırlar. Bu zaman kənd təsərrüfatı işlərinin mövsümiliyi nəzərə alınır. Mövsümlə əlaqədar iş vaxtının cəmlənmiş və ya mövsumi işlərin yerinə yetirilməsi üçün ayrı-ayrı dövrlərə bölünmüş uçotu aparılır. Kəndli (fermer) təsərrüfatları, kooperativlər, ailə-kəndli təsərrüfatları, ailə (fərdi) təsərrüfatlar müstəqil surətdə öz iş vaxtlarını və iş müddətlərini nizamlayırlar. Nazirlər Kabinetinin 31.05. 2001-ci il tarixli, 109 saylı qərarı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı müəssisələrində işçilərin əməkhaqqının normativlərinə dair Tövsiyə"də kənd təsərrüfatı müəssisələrində iş vaxtının tənzimlənməsi, onun rejimi, həmçinin iş vaxtından artıq görülən işin tənzimlənməsi barədə tövsiyələr verilir. Tövsiyələrdə göstərilir ki, qeydiyyat uçot dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən iş saatlarının sayından çox olmamaq şərtilə iş vaxtının cəmlənmiş uçotu tətbiq oluna bilər. Bu halda qeydiyyat uçot dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti 12 saatdan çox ola bilməz. İş gününün uzadılması hamilə qadınlara və yaş yarıma çatmamış uşaqları olan qadınlara şamil edilmir. Qanunvericiliyə görə işəgötürən hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatların dəqiq, dürüst uçotunu aparmalıdır. Kənd təsərrüfatı təyinatlı məhsul istehsal edən və ya xidmətlər göstərən qurumların üzvlərinin əməkhaqqı məsələləri ilə bağlı münasibətlər, həmin müəssisələrin mülkiyyətindəki pay iştirakı ilə müəyyən edilir. Kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrdə əmək və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsində Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəlinin tətbiqi haqqında" 21.04.1993-cü il tarixli, 205 saylı və "Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında" 26.05.1996-cı il tarixli, 60 saylı qərarları rəhbər tutulmalıdır. Əgər kənd təsərrüfatı müəssisələrində işçilərin əməkhaqqının ödənilməsi formaları, qaydaları, əmək və əməyin qiymətləndirilməsi normaları onların nizamnamələrində, əsasnamələrində nəzərdə tutulmamışdırsa, onda müəssisənin əməkhaqqı normalarının müəyyən edilməsi və ödənilməsi qaydaları tətbiq edilir. Bu qaydalar müəssisənin ümumi yığıncağı tərəfindən səs çoxluğu ilə qəbul olunur. Əgər belə qaydalar da qəbul edilməyibsə, əməkhaqqı normaları müvafiq icra hakimiyyəti və ya bələdiyyə orqanları tərəfindən müəyyən olunmuş normativlər barədə müvafiq tövsiyələr əsasında müəyyən edilir. Bu müəssisələrdə bağlanılan əmək müqavilələrində göstərilən aylıq işlər üçün əməkhaqqının minimum məbləği dövlət tərəfindən müəyyən edilmiş minimum səviyyədən aşağı olmamalıdır. Yuxarıda adıçəkilən tövsiyələrə görə, VTC üzrə əməyin ödənilməsinin minimum məbləği kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisənin öz maliyyə imkanları daxilində işlənib hazırlanmaqla müəssisə işəgötürəni ilə həmkarlar ittifaqları təşkilatının razılığına əsasən hər ilin əvvəlindən müəyyənləşdirilir, kollektiv və ya əmək müqaviləsi şərtlərinə daxil edilir.
- Kənd təsərrüfatı müəssisələrində işləyən işçilərin məzuniyyət müddətləri nə qədərdir? A.RƏSULOV, Goranboy rayonu.
- Əmək Məcəlləsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçinin əmək məzuniyyəti əsas və əlavə məzuniyyətdən ibarətdir. İşçilərə, o cümlədən kənd təsərrüfatı işçilərinə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. ƏM-in 114-cü maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilər 30 təqvim günü müddətində ödənişli əsas məzuniyyətdən istifadə etməlidirlər. Çox zaman bu təcrübədə düzgün tətbiq edilmir. Kənd təsərrüfatının bütün sahəsində çalışan işçilərə 30 təqvim günü müddətində məzuniyyət verilir. Kənd təsərrüfatı məhsullarının istehsalı sahələrinə aşağıdakı kənd təsərrüfatı istehsalatları daxildir: - taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, çayçılıq, tərəvəzçilik, bostançılıq, meyvəçilik, kartofçuluq, yemçilik, tingçilik, bağçılıq, südçülük, donuzçuluq, qoyunçuluq, quşçuluq, atçılıq, baramaçılıq, arıçılıq, xəzlik heyvan və dovşanların yetişdirilməsi, balıqçılıq. Kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə illik ödənişli əsas məzuniyyətin 30 təqvim günündə verilməsi üçün onların hansı peşələrdə və ya vəzifələrdə işləməsinin əhəmiyyəti yoxdur. Bu məsələdə əsas şərt işçinin kənd təsərrüfatı məhsullarının istehsalında əmək müqaviləsi ilə işləməsidir.
Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.
Elza HƏSƏNOVA, Samux rayonu.
- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər. Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.