Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 30-da) ... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır. … Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.
(avqustun 31-də) … Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
(sentyabrın 1-də) … və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.
(sentyabrın 2-də) … və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.
(sentyabrın 3-də) … və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır. … və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.
- Aliment hesablanmış əməkhaqqından tutulur, yoxsa vergilər çıxılandan sonra alınacaq məbləğdən? Mirdadaş QASIMOV, Astara rayonu, Artupa kəndi.
- Ailə Məcəlləsinin 102-ci maddəsinə əsasən, şəxsin işlədiyi təşkilatın müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment ödənilməsi barədə saziş əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əməkhaqqından və ya başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əməkhaqqı və ya gəlirlər verilən gündən ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur. Aliment verən şəxsin əməkhaqqı və gəlirlərindən gəlir vergisi ümumi qaydada tutulur və qalan məbləğdən müəyyən edilmiş faiz miqdarında aliment ödənilir. Vergi Məcəlləsinin 102.1.5-ci maddəsinə əsasən ödənilən aliment isə (aliment alanın aldığı məbləğ) gəlir vergisindən azaddır.
- Vətəndaş eyni vaxtda iki yerdə işləyərək müvəqqəti əmək fəaliyyətini itirirsə, alınmış xəstəlik kağızını hansı iş yerinə təqdim etməlidir? Söhbət əsasən sahibkarlıqdan gedir. Çünki sahibkarlar ayrı-ayrılıqda maliyyələşdiyinə görə birinin digərinə aidiyyəti yoxdur. Məndə olan məlumata görə, xəstəlik kağızı bir nüsxədən ibarət olur və onun surətini digər iş yeri qəbul etmir. Elə isə ikinci iş yerindən müvəqqəti əmək fəaliyyəti itirildiyinə görə müavinət necə hesablanmalıdır? Mənə müraciət olunmuş bu suala aydınlıq gətirməyinizi xahiş edirəm. Ş.MƏMMƏDOV, ASEEİMİMHİ Ağdaş Rayon Komitəsinin sədri.
- Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerində əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan ikinci iş yeri işçinin əlavə iş yeri, birinci əmək müqaviləsi bağlanan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə iş vaxtının müddəti Əmək Məcəlləsinin 89-cu maddəsində müəyyən edilmiş normanın yarısından çox olmamaqla (həftəlik normal iş vaxtının müddəti 20 saatdan çox olmamaqla) tərəflərin razılığı ilə müəyyən edilir. Nəzərə almaq lazımdır ki, iş vaxtından sonra əvəzçilik üzrə iş yerində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir, iş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin (birinci əmək müqaviləsi bağlayan) razılığı ilə yol verilir. Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 41-ci bəndinə əsasən, işçi əsas iş yerindən əlavə başqa müəssisədə də müqavilə üzrə işləyirsə, bu zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanır və əsas iş yerində müəyyən olunmuş stavkanın ikiqat məbləğindən artıq olmamaq şərtilə ödənilir. Eyni zamanda qeyd etmək lazımdır ki, əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı (Dövlət Sosial Müdafiə Fondu) tərəfindən müəyyən olunmuş qaydada və miqdarda və işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.
- Oğlum Elnur Eldarov xarici şirkətlərdən birində işləyərkən hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən 2007-ci ilin aprel ayında qayıdıb. Onu həmin müəssisəyə işə qəbul etmirlər. Qanunla oğlum əvvəlki iş yerinə bərpa olunmalıdırmı? Yaxud işdən ixtisar olunarsa ona hansı kompensasiyalar verilməlidir? Bu məsələlərə aydınlıq gətirməyinizi xahiş edirəm. Əmrulla ELDAROV, Qusar şəhəri, İ. Qutqaşenli küçəsi 170/28.
- "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 7-ci bəndinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılanadək işləmiş şəxslərin həmin müəssisədə, idarədə və təşkilatda əvvəlki vəzifədə və ya buna bərabər vəzifədə işə girmək hüququ saxlanılır. Eyni zamanda bildiririk ki, Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak edən işçilərin iş yeri və orta əməkhaqqı saxlanılır. Xarici şirkət rəhbəri sizin hərbi xidmətdən qayıdan oğlunuzu könüllü olaraq işə bərpa etmədiyinə görə və ya "İşçilərin sayı və ya ştatların ixtisarı" ilə əlaqədar müavinətləri ödəmədiyinə görə (bu müavinətləri almaq üçün oğlunuz ilk növbədə işə bərpa olunmalıdır) siz aidiyyəti üzrə əmək qanunvericiliyinə, dövlət nəzarətlərini həyata keçirən Dövlət Əmək Müfəttişliyinə və məhkəmə orqanlarına müraciət etməlisiniz.
- Marşrut xətlərində işləyən avtobusların və 1,5 tondan yuxarı yükgötürmə qabiliyyəti olan avtomobillərin sürücülərinin və avtoçilingərlərin neçə gün əlavə məzuniyyət hüququ var?
İ. BAĞIROV, Ordubad şəhəri.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin" Siyahısının 161-164 və 177-180-cı bəndlərinə əsasən: - Müntəzəm xətlərin avtobusunda, eləcə də sifarişli avtobusda avtomobil sürücüsünün; - Marşrut taksidə işləyən avtobus sürücüsünün; - Tibbi yardım və sanitar avtomobillərində işləyən avtomobil sürücüsünün; - 1,5 tondan yuxarı yükgötürmə qabiliyyətli avtomobil, eləcə də xüsusi avtomobil (yanğınsöndürəndən başqa) sürücüsünün; - Avtomobilin təmiri üzrə çilingər və daima gecə növbələrində avtomobillər təmir edən və onlara baxış keçirən köməkçi (nəqliyyatçı) fəhlə; - Avtotəsərrüfatlarda aşağıda göstərilən yanacaqla işləyən avtomobil mühərriklərinin təmiri ilə məşğul olan avtomobillərin təmiri üzrə çilingər: a) qazla; b) etillənmiş benzinlə; - Etillənmiş benzinlə iş zamanı açıq havada benzindoldurma kalonkalarının təmiri ilə daimi məşğul olan elektrik çilingərinin; - Etillənmiş benzinlə işlər zamanı binalarda benzindoldurma kalonkalarının təmiri ilə məşğul olan elektrik çilingərlərinin - 6 təqvim günü əlavə məzuniyyət hüququ vardır.
Mən 1974 - cü ildən Zərdab rayonunda Kənd Təsərrüfatı Birliyində texnik vəzifəsində işləmişəm. 1978 - ci ilin dekabr ayında həmin müəssisədə istehsalatda baş verən bədbəxt hadisə nəticəsində əmək qabiliyyətimin 60 %-ni itirməklə əlil olmuşam. 2006 - cı ildən xəsarət aldığım iş yerindən əmək xəsarəti ilə əlaqədar verilən müavinətlər dayandırılıb. Hazırda istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətimin 60% - ni itirməklə əlaqədar II qrup əliləm. Bilmək istəyirəm, hazırda iş yerindən mənə nə qədər pensiya ödənilməlidir? Elton MƏLİKOV, Zərdab rayonu.
Bildirmək istəyirik ki, istehsalatda bədbəxt hadisə ilə əlaqədar ödənclərin verilməsi hazırda Nazirlər Kabinetinin 9 yanvar 2003 - cü il tarixli "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə, ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında" 03 saylı Qərarı ilə tənzimlənir. Bu Qərarın 3.3 - cü maddəsinə əsasən, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əməkhaqqı zərərçəkənin əmək xəsarəti almasından və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əməkhaqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əməkhaqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əməkhaqqı sağlamlığın pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əməkhaqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işləmiş olduğu əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Bu Qərarın 3.5 - ci maddəsinə əsasən, "İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əməkhaqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təmin edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əməkhaqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımından 2 aylıq faktiki orta əməkhaqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əməkhaqqının hesablanmasında nəzərə alınmayan ödənclərin siyahısı "Orta aylıq əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000- ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə təqsirkar müəssisədə müvafiq peşə və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Yuxarıda göstərilənləri əsas tutaraq hesab edirəm ki, sizin aylıq ödəncinizin məbləği təqsirkar müəssisə hesab olunan Zərdab Kənd Təsərrüfatı Birliyinin hal - hazırda işləyən texniklərin, bu vəzifə yoxdursa müvafiq vəzifə və yaxud vəzifə qrupları üzrə işçilərin orta əməkhaqqının 60%-i məbləğində hesablanıb ödənilməlidir. Bununla bərabər, siz əmək xəsarəti ilə əlaqədar sağlamlığınızın pozulmasıyla bağlı əlavə çəkdiyiniz xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, başqasının qulluğuna xüsusi nəqliyyat vasitəsinin əldə edilməsinə çəkdiyiniz xərclərin də əvəzini müvafiq sənədlər təqdim etməklə təqsirkar müəssisədən almaq hüququna maliksiniz.
Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.
Elza HƏSƏNOVA, Samux rayonu.
- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər. Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.