1 Oktyabr - Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Peşə Bayramı Günü qeyd edildi


Baxıldı : 78

Tarix : 2018-10-06 05:16:32


Oktyabrın 1-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda “1 Oktyabr - Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Peşə Bayramı Günü” və Milli Prokurorluğun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun 100 illik yubileyi münasibətilə dövlət başçısı cənab İlham Əliyevin təbrik məktubunu oxumuşdur.

Tədbirdə çıxış edən Baş prokuror Zakir Qaralov Azərbaycan Prokurorluğunun 100 illik yubileyi və peşə bayramı günü münasibətilə Baş Prokurorluğun Kollegiyası adından prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini səmimi-qəlbdən təbrik edərək bildirmişdir ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, milli maraqlarımıza xidmət edən bir dövlət təsisatı kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və onun gündəlik qayğısı nəticəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yubiley münasibətilə prokurorluq əməkdaşları və veteranlarına ünvanlanmış təbrikinin əhəmiyyətini vurğulayan Baş prokuror bildirmişdir ki, Azərbaycan Prokurorluğunun 100 illik tarixi ərzində keçdiyi inkişaf yoluna, Xalq Cümhuriyyəti dövrü və ondan sonrakı tarixi mərhələlərdəki fəaliyyətinə qiymət verən həmin müraciətdə ümummilli liderin rəhbərliyi ilə Milli Prokurorluğun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılmış, müasir dövrdə prokurorluq orqanlarının qarşısında duran vəzifələr müəyyənləşdirilmişdir. Eyni zamanda minnətdarlıq hissi ilə qeyd edilmişdir ki, yubiley ərəfəsində dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamla bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatları - orden və medallarla təltif edilməsi kollektivin böyük sevincinə səbəb olmuşdur.

Tədbirdə çıxış edən prokurorluğun veteranı Qənimət Səfərov prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan, Baş Prokurorluğun Hüquqi Təminat İdarəsinin prokuroru Vüsal Mehrəliyev isə prokurorluğa qulluğa qəbul edilmiş gənclərə göstərilən dövlət qayğısından ətraflı söz açmışlar.

Mərasimdə xidmətdə fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının bir qisminə Baş prokuror tərəfindən “Azərbaycan Prokurorluğunun 100 illiyi” yubiley medalı, “Prokurorluğun fəxri işçisi” döş nişanı, Fəxri fərmanlar və digər təltiflər təqdim edilmişdir.

Tədbirin yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident cənab İlham Əliyevin ünvanına yekdilliklə müraciət qəbul edilmişdir.

Məlumat üçün deyim ki, Baş prokurorun ötən il avqustun 9-da imzaladığı sərəncamla yubileyə hazırlıq, bu il sentyabrın 26-da imzaladığı sərəncamla isə prokurorluq orqanları tərəfindən qazanılan nailiyyətlər barədə kitab hazırlanması üzrə komissiyalar yaradılmışdır. Komissiyaların tərkibinə Prokurorluğun Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri də daxil edilmişdir.

Tədbirlər planına əsasən, sentyabrın 22-də prokurorluq orqanlarının əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə növbəti ağacəkmə aksiyası keçirmişlər. Əməkdaşlar tərəfindən Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində yarımadanın iqlim şəraitinə uyğun beş yüzdən artıq müxtəlif növ ağac əkilmişdir. Həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və təmizlik-abadlıq işləri aparılmışdır.

Sentyabrın 27, 29-da Sumqayıt və Gəncə şəhər prokurorluqlarının yeni inşa olunmuş inzibati binaları istifadəyə verilmişdir. Müasir standartlara uyğun tikilmiş, bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiya və mühəndis qurğuları ilə təchiz edilmiş, mebel və digər inventarlarla təmin olunmuş 4 mərtəbədən ibarət inzibati binaların açılış mərasimində Baş Prokurorluğunun rəhbərliyi və həmin şəhərlərin icra hakimiyyəti başçıları da iştirak etmişlər.

Sentyabrın 28-də Baş Prokurorluğun əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Onu da qeyd edim ki, yubiley tədbirlərində bizim komitə də yaxından iştirak etmişdir.

Sıralarında 1400 üzvü birləşdirən ittifaqımız Azərbaycan Prokurorluğunun 100 illik yubileyi münasibətilə bir sıra işlər görülmüşdür. Belə ki, Baş Prokurorluğun rəhbərliyinə, idarə rəislərinə, prokurorluğun veteranlarına, şəhər və rayon prokurorluqlarına təbrik açıqcaları göndərilmiş, işğal altında olan rayon prokurorluqlarının əməkdaşlarına birdəfəlik maddi yardım göstərilmiş, prokurorluğun əməkdaşlarına bayram sovqatı paylanmışdır.

 

Ruslan HACIYEV,

Azərbaycan Respublikası Baş 

Prokurorluğunun Birləşmiş Həmkarlar

İttifaqı Komitəsinin sədri