1. Səksə...


Baxıldı : 260

Tarix : 2016-06-10 06:47:00


1. Səksən səkkiz yaşlı qoca və xəstə atama qulluq edirəm. Bağçada tərbiyəçi müəllimə işləyirəm. Qulluqla bağlı əmək qanunvericiliyində iş saatımın hansı vaxtlarını mənə güzəşt etməlidirlər?2. Bildiyimə görə, atama baxdığımı və qulluğumu nəzərə alan dövlət güzəşt qaydasında 55 yaşında təqaüdə getməyimi belə tənzimləmək iqtidarındadır.Bu barədə ətraflı məlumat verməyinizi Sizdən xahiş edirəm.Südabə ƏLƏSGƏROVA,Daşkəsən şəhəri.- Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı-natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.Qanunvericilikdə natamam iş vaxtının kimlərə şamil edilməsi də müəyyən edilmişdir. Adıçəkilən maddənin 3-cü hissəsinə görə, işçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu, habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələri ilə işəgötürən natamam iş vaxtı (iş günü, iş həftəsi) müəyyən etməlidir.Atanızın maddədə qeyd edilən xəstəliyi müvafiq tibbi rəylə təsdiq olunarsa, Siz natamam iş vaxtına keçmək üçün işlədiyiniz müəssisənin rəhbərliyinə ərizə ilə müraciət edə bilərsiniz.Qeyd edək ki, natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da işəgötürənlə Sizin qarşılıqlı razılığınızla müəyyən edilir.İkinci sualınıza cavab olaraq bildiririk ki, maddi yardıma, qulluğa, sosial xidmətə ehtiyacı olan və əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq, hər şeydən əvvəl, yetkinlik yaşına çatmış övladların əxlaqi və mənəvi borcudur. Övladlar valideynlərini hərtərəfli qayğı ilə əhatə etməli, onlara şəxsi qulluq etməli, lazım gəldikdə onların müalicəsini təşkil etməli, diqqət göstərməli, onlara dayaq olmalıdırlar. Övladların valideyn qarşısında borcu təkcə milli-mənəvi dəyərlərə, xalqımızın mentalitetinə əsaslanmır, bu, qanunvericilikdə də təsbit olunur. Konstitusiyamızın 34-cü maddəsində deyilir ki, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. Ailə Məcəlləsinin bəzi maddələrində də yetkinlik yaşına çatmış övladların valideynlər qarşısında vəzifələri əks olunmuşdur. \ Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar\ (Ailə Məcəlləsi, maddə 82).\ Əmək pensiyaları haqqında\ qanunun 21.2.4. maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti də sığorta stajı hesab edilir. Əgər atanıza baxmaq işinizdə hər hansı bir çətinlik törədirsə, onda DSMF-in rayon şöbəsində qeydiyyatdan keçməklə işdən çıxıb atanıza qulluq edə bilərsiniz.70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti onların üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumların (himayəçilərin) sığorta stajına bu barədə tərtib olunmuş müayinə aktı əsasında əlavə edilir.70 yaşına çatmış qocalara qulluq dövrü aşağıdakılara əsasən müəyyən edilir:1. qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı;2. yaşı təsdiq edən sənəd.Qeyd edilən müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və Fondun şəhər (rayon) şöbələrinin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur.70 yaşında qocaya qulluq etmə dövrü sığortaolunanın sığorta stajına daxil olsa da, bu zaman qanunvericiliklə müəyyən edilmiş yaş həddi (kişilər üçün 63, qadınlar üçün 60 yaş) azaldılmır.1) Qanunvericiliyə görə, əmək müqaviləsində əsasən nələr göstərilməlidir? Kamil AĞAYEV,Lənkəran şəhəri.- 1) Əmək Məcəlləsinin 43-cü maddəsinə görə, əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilmişdir:a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi);ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;d) əmək müqaviləsinin müddəti;e) işçinin əmək funksiyası;ə) işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əməkhaqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması;f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar;ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN);h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd.Əmək müqaviləsinə daxil edilən şərtlər tərəflər üçün məcburidir. Onlar birtərəfli qaydada nə işçi, nə də işəgötürən tərəfindən dəyişdirilə bilməz. Lakin tərəflərin qarşılıqlı razılığı olarsa, əmək müqaviləsinə əlavə dəyişiklik edilə bilər. Onu da qeyd etmək lazımdır ki, əmək müqaviləsinin nümunəvi forması Əmək Məcəlləsinə 1-ci əlavədə göstərilmişdir.Mətbuatda tez -tez \ işçinin əmək şəraiti təmin olunmalıdır\ sözlərinə rast gəlirik. Zəhmət olmasa izah edin, işçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?Rahib NƏCƏFOV,Sumqayıt şəhəri.- Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən qanunvericilikdə nəzərdə tutulan əmək şəraitini təmin etməlidir. Bu əmək şəraitinə peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyənləşdirilməsi, həmçinin əməyə görə haqqın miqdarının müəyyən edilərək ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən olunması daxildir. Əmək şəraitinin təmin olunması həmçinin sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi, əmək funksiyasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi, istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunması, işçilərin məcburi dövlət sosial sığorta edilməsi, əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması, insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması, əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan digər şərtləri nəzərdə tutur. Onu da qeyd etmək lazımdır ki, Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.Məcəllənin 55-ci maddəsinə əsasən isə, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına Əmək Məcəlləsində, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əməkhaqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.İşəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən əvvəl işçini xəbərdar etməyə borcludur. Belə ki, Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir və işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu, mümkün olmadıqda isə əmək müqaviləsinə Əmək Məcəlləsində nəzərdə tutulan qaydada xitam verilə bilər. Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər.