12 günlük tətil planı


Baxıldı : 90

Tarix : 2017-06-16 22:05:59


İngiltərədə Atom Silah İstehsalı (ASİ) işçiləri "Unite" Həmkarlar İttifaqının təşkilatçılığı ilə iyun ayı ərzində 12 günlük tətil keçirməyə hazırlaşır. Tətilə səbəb pensiya məsələsində ortaya çıxan anlaşılmazlıqlardır. Belə ki, ötən əsrin 90-cı illərin əvvələrində qəbul edilən qərara əsasən, əmək şəraiti zərərli və ağır olan peşə sahəsi kimi qeydiyyata alınaraq burada çalışanların pensiya təyinatı yüksək hesablanırdı. Konsorsium özəlləşdirildikdən sonra rəhbərlik 2017-ci ilin yanvarından bu qərarı ləğv edərək  pensiyaya ödənilən əlavə xərcləri dayandırdı.  Bir müddət danışıqlar aparılsa da, nəticə əldə olunmadığından zavodun 700 işçisinin iştirakı ilə davamlı tətillər başlandı.

“Unite"nin bölgə üzrə nümayəndəsi Bob Midlton  bildirib ki, üzvlərimiz son iki  ayda səsvermə yolu ilə tətil günlərini təyin ediblər: "Bu ay nəzərdə tutulan tətillər keçirilərsə, ümumi tətil sayı 30 günə çatmış olacaq. ASİ konsorsiumu 2000-2015-ci illərdə 804 milyon funt-sterlinq  qazanc əldə edib. Bu, illik gəlirin 50 milyondan çox olduğunu göstərsə də, qurum pensiya sistemində anlaşılmazlığın həlli yolunda təkliflərimizi rədd edir. Tətillərin iş planlamasına təsir etmədiyi bildirilsə də, ölkənin hərbi müdafiəsi üçün nəzərdə tutulan "Trident" proqramının gedişində gecikmələr olduğu bizə məlumdur.  Konsorsium ya vaxt və maddi itkilərlə barışmalı olacaq, ya da bizim tələblərimizi yerinə yetirəcək".

Qeyd edək ki, tətillərdə işçilərin 95 faizi iştirak edir.

Cavid SƏFƏROV