174 min yeni iş yeri açılıb


Baxıldı : 108

Tarix : 2017-08-25 23:16:04


2014-cü il yanvarın 1-dən bu il iyulun 1-nə qədər olan dövr ərzində Azərbaycanda ümumilikdə 613,7 min olmaqla 470,4 min daimi iş yeri yaradılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında ölkədə 174 min yeni, o cümlədən 119,3 min daimi iş yeri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 65,1 faizi qeyri-dövlət sektoruna aid olub. Açılan iş yerlərinin 22 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının payına düşüb. 77,2 faizi regionlarda, o cümlədən 34,5 faizi Aran, 10,8 faizi Lənkəran, 9,8 faizi Gəncə-Qazax, 5,9 faizi Yuxarı Qarabağ, 5,1 faizi Abşeron, 4 faizi Şəki-Zaqatala, 3,6 faizi Dağlıq Şirvan, 3,2 faizi Quba-Xaçmaz, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarındadır. Göründüyü kimi, yeni iş yerlərinin çox hissəsi bölgələrdə açılıb. Bu da regionların sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə həll olunduğunun bariz nümunələrindəndir. Daimi iş yerlərinin 8,2 faizi yeni, 14,4 faizi mövcud, 1,1 faizi isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda açılıb. Qalan 76,3 faizi fərdi sahibkarlar tərəfindən yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 22,0 faizi tikinti, 21,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,9 faizi emal sənayesi, 7,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi peşə, elmi və texniki fəaliyyət, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 25,1 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, bu ilin birinci yarımili ərzində ölkədə 25 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 76,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 64,7 faizi fərdi sahibkarlıq subyektlərinin, 15,9 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 19,4 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Son zamanlar kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi əhalinin məşğulluq probleminin həllinə yeni təkan verib. Ölkədə pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, fındıqçılıq, hətta gülçülük və s. inkişaf etdirilir. Bu da hər bölgənin iqliminə, torpağının münbitliyinə, əhalisinin illərlə topladığı təcrübəyə uyğun sahələrin dirçəldilməsi və ilk növbədə onların işlə təminatı deməkdir.