18 aylıq məhkəmə qələbə ilə yekunlaşıb


Baxıldı : 167

Tarix : 2019-07-08 07:20:47


Kanadanın Quebek əyalətində yerləşən  “Aluminerie Becancour İnc” fabrikin işçiləri ilə rəhbərlik arasında məhkəmə çalışanların lehinə nəticələnib.  Belə ki, bir müddət öncə  əmək müqaviləsinin müzakirəsi ilə bağlı qurumun həmkarlar ittifaqı təşkilatı rəhbərliyə müraciət etsə də, rəhbərlik danışıqları  rədd etmiş,  etiraz edən həmkarlar ittifaqı təşkilatı üzvləri, fəalları işdən atılmışdı. Nəticədə bütün işçilərin birlik nümayiş etdirərək tətil elan etmiş, rəhbərlik isə vəziyyətlə bağlı məhkəməyə baş vurmuşdu.  Tətildən 18 ay sonra məhkəmənin nəticələri açıqlanıb.

Qərara əsasən:

 işdən çıxarılanlar 8 ay müddətində öz vəzifələrinə bərpa olunmalı;

müəssisədə daha yaxşı əmək şəraitinin yaradılması üçün  həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə imkan yaradılmalı;

işəgötürən həmkarlar ittifaqı təşkilatı ilə razılaşmadan hər hansı vəzifəni ləğv etməməlidir;

 Həmçinin işəgötürən qurumun  tətilə görə 19 milyon dollarlıq təzminat tələbi  məhkəmə tərəfindən rədd edilib.

Kanadanın Birləşmiş Metal İşçiləri Həmkarlar İttifaqının bölgə üzrə katibi Klement Masse haqlı mübarizədə  üzvlərini dəstək və birlik nümayişinə görə təbrik edib və qürur duyduğunu bildirib. O qeyd edib ki, bu bizim zəfərimizdir: “Nəticələrin bizim xeyrimizə olacağından əmin idik. Şirkət rəhbərliyi zamanında bunu dərk edərək danışıqlara başlasaydı zavod 18 ay qapalı qalmazdı. Bu, sadəcə, bölgə üçün deyil, həmkarlar ittifaqı təşkilatının fəaliyyəti üçün böyük uğurdur”.

İndustriALL Qlobal İttifaqının bölgə üzrə katibi François Leqault bu mübarizədə xalqın da onları dəstəklədiyini və bunun müsbət bir hal olduğunu qeyd edib. O bu zaman müddətində şirkət rəhbərliyinin müzakirələrin aparılması ilə bağlı mövqeyinin  şirkətə zərər vurduğunu deyib.

Qeyd edək ki, “Aluminerie Becancour İnc” fabrikinin səhmlərinin 75 faizi beynəlxalq şirkət olan “Alcoa”ya, qalan 25 faizi “Rio Tinto”ya məxsusdur.