1918-1920-ci İLLƏRDƏ AZƏRBAYCANDA BAŞ VERƏN HƏRBİ-SİYASİ HADİSƏLƏR


Baxıldı : 328

Tarix : 2018-05-19 00:32:58


 

1918-ci ilin baharında Azərbaycan dövlətinin demokratik respublika formasında bərpa edilməsi prosesi mühüm hərbi strateji və zəngin təbii ehtiyatları olan region üzərində öz nəzarətini müəyyənləşdirmək üçün xarici dövlətlərin rəqabətindən yaranmış mürəkkəb daxili və xarici siyasət şəraitində gedirdi.

Öz aralarında mübarizə edən Üçlər İttifaqı və Antanta ölkələri, eləcə də Sovet Rusiyası Zaqafqaziyanın böyük sənaye mərkəzi və Xəzərin ən böyük limanı olan Bakıda möhkəmlənmək, burada hasil edilən neft mənbələrinə nəzarəti ələ keçirməyə səy göstərirdilər.

 

Şimalda “vahid və bölünməz Rusiya” yaratmağa çalışan general A.İ.Denikinin ağqvardiyaçılar ordusu və cənub-qərbdən ərazi iddiaları irəli sürən daşnak Ermənistan gənc respublikanın ərazi bütövlüyünə, istiqlalına təhlükə törədirdi. Bu təhlükə Azərbaycan xalqının milli maraqlarının müdafiəsi üçün lazım olan tədbirlərin görülməsini tələb edirdi. Azərbaycan Respublikası hökuməti hərbi quruculuq işində obyektiv və eləcə də subyektiv xarakter daşıyan bir sıra çətinliklərlə qarşılaşmalı oldu. Məlum olduğu kimi, keçmiş Rusiya imperiyasında çarizmin müsəlman xalqlarına, o cümlədən də azərbaycanlılara münasibəti, dini və milli motivlərə əsasən inam olmadığından, çox ehtiyatlı idi. Bu hal çar hökumətinin hərbi siyasətində də özünü göstərirdi. Çarizm dövründə azərbaycanlıları, müstəsna hallar nəzərə alınmasa, hərbi məktəblərə qəbul etmirdilər. Hələ 1887-ci ildə çar hökuməti Zaqafqaziyanın müsəlman əhalisindən müntəzəm orduya çağırış əvəzinə onlar üçün xüsusi hərbi vergi ayırmışdı.

Köhnə orduda gürcü və ermənilərdən fərqli olaraq, həm də böyük Azərbaycan hərbi hissələri yox idi. Qafqaz yerli (“vəhşi”) süvari diviziyasının (1917-ci ilin avqustundan korpus) tərkibinə daxil olan, Birinci Dünya müharibəsi illərində Qafqaz dağ müsəlmanlarından, o cümlədən azərbaycanlılardan təşkil olunmuş Tatar süvarilər alayı (çarizm illərində azərbaycanlıları Qafqaz tatarları adlandırırdılar - müəllif) müstəsnalıq təşkil edirdi. 1917-ci ilin axırları, 1918-ci ilin əvvəllərində Gəncədə Azərbaycan korpusu yaradılan zaman artıq, təcrübəli hərbi kadrların, xüsusən ştab zabitlərinin çatışmazlığı kimi mühüm çətinliklə qarşılaşmalı oldular.

Bununla yanaşı olaraq Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə 7 noyabr 1918-ci ildə əvvəlcə baş nazir F. Xoyskinin ozünün başçılıq etdiyi hərbi nazirlik  təşkil edildi. Dekabrın 25-də artilleriya generalı S. S. Mehmandarov hərbi nazir təyin edildi, dekabrın 29-da isə general -leytenant Ə. Şıxlinski nazir müavini oldu. 22 noyabr 1918-ci ildə hərbi nazirlik Gəncəyə köçürüldü və dərhal Qafqaz İslam Ordusunun tərkibinə daxil olmuş Azərbaycan hərbi hissələrinin bazasında nizami ordu yaratmaq prosesi başlandı.

Tezliklə respublikanın hərbi qüvvələrinin idarəetmə orqanı yaranmağa başladı. 15 yanvar 1919-cu il artilleriya, mühəndis, intendant, general-kvartirmeyster, növbətçi general, hərbi-sanitar, hərbi-təlim, topoqrafiya və nəzarət şöbələri olan Baş Qərargah yaradıldı. Polkovnik Həbibbəy Səlimov (sonralar general-mayor, ordu komandanı) Baş qərargah və dəftərxana rəisi təyin edildi. Növbətçi general vəzifəsinə polkovnik, sonralar isə general- mayor Həmid Qaytabaşı, intendant şöbəsinə rəis polkovnik Mirzə Məhəmməd Seyfulin, artilleriyaya general-mayor Murad Kirey Tlexas, atış üzrə inspektor general-mayor İbrahim ağa Yusifov və s. təyin edildilər. Onlardan daha böyük olan - kvartirmeyster şöbəsi əməliyyat-səfərbərlik, nizami və hesabat, kəşfiyyat və əks kəşfiyyat, eləcə də rabitə xidməti şöbələrindən ibarət idi. Birinci dünya müharibəsi illərində 37-ci ordu korpusuna komandanlıq edən general-leytenant Məmməd bəy Sulkeviç Qərargah rəisi təyin olunmuşdu. Qərargahın öz mətbəəsi var idi. Hərbi məhkəmə və hərbi prokuror nəzarəti də təşkil olunmuşdu. 1920-ci ilin mart ayında Baş (qlavnı) Qərargah ilə Baş (qeneralğnıy) Qərargahın Baş idarəsinin birləşdirilməsi nəticəsində general-mayor H.Səlimovun başçılığı altında Azərbaycan ordusunun vahid qərargahı təşkil edildi.

Hərbi nazirin yanında ordunun yüksək rütbəli şəxslərindən hərbi qanunvericilik və maliyyə-təsərrüfat məsələlərinin həlli üçün “hərbi şura” təşkil olunmuşdu. Respublika paytaxtının çox mühüm hərbi-strateji vəziyyətini nəzərə alaraq Ələtdən Qızılburuna qədər Bakı quberniyasının dayaq məntəqələrini əhatə edən Bakı əlahiddə rayonunun hərbi general-qubernatorluğu yaradıldı. Onu general-mayor M.Q.Tlexas idarə edirdi. Qarnizonda nizam-intizama general-mayor Firidun bəy Vəzirovun başçılıq etdiyi 1919-cu ilin yayında yaradılmış Bakı komendant idarəsi nəzarət edirdi.

Parlament və hökumət hərbi müəssisənin ehtiyaclarına xüsusi diqqət yetirirdi. 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 20-nə qədər, parlament fəaliyyətini davam etdirdiyi müddətdə, onun iclaslarında respublika hərbi quruculuğuna müxtəlif cür aidiyyəti olan, hərbi nazirliyin təsdiq etdiyi doqquz qanun layihəsi müzakirə edilmişdi. Dövlət sənədlərində qeyd edildiyi kimi, hökümətin pul vəsaitini ən çox xərcləyən  hərbi nazirlik idi. 1919-cu ildə nazirliyin xərcləri dövlət büdcəsinin dörddə birindən yuxarı, yəni 400 milyon rubl təşkil etmişdi.

 

 Adil MİRABDULLAYEV,

siyasi elmlər doktoru