1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir


Baxıldı : 57

Tarix : 2019-09-13 18:25:22


1918-ci il may ayının 28-də, olduqca mürəkkəb bir dövrdə Milli Şura Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bütün dünyaya bəyan etdi. Həmin keşməkeşli günlərdə Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Bakı şəhəri və ətraf rayonlar erməni-bolşevik qüvvələrinin işğalı altında idi. Bolşevik donuna bürünmüş ermənilər necə olursa-olsun, Bakını əldə saxlamaq istəyirdilər. Amma Azərbaycanı, onun müstəqilliyini Bakısız təsəvvür etmək mümkün deyildi. Belə bir şəraitdə, özünün də ağır durumda olduğuna baxmayaraq, Osmanlı dövləti Azərbaycanla 1918-ci ilin iyun ayında bağladığı “Dostluq və əməkdaşlıq” müqaviləsinə əsasən, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın rəhbərliyi altında hərbi qüvvələrini ölkəmizə göndərdi. Tərkibini Osmanlı və Azərbaycan türkləri təşkil edən Qafqaz İslam Ordusu müəyyən təşkilatlanma və hazırlıqlardan sonra Azərbaycan Xalq Cümhuriyyətinin nəzarətində olmayan şəhərlərin, o cümlədən Bakının azad edilməsi istiqamətində döyüşlərə başladı. Göyçay, Salyan, Ağsu, Kürdəmir, Hacıqabul və Şamaxıda ağır döyüşlər baş verdi. Avqustdan etibarən isə Bakı yaxınlığında döyüşlər başladı.    

Sentyabrın 14-dən 15-nə keçən gecə Qafqaz İslam Ordusu həlledici hücuma keçdi. 15 sentyabrda isə artıq Bakı düşmən işğalından azad edilmişdi. Döyüşlərə ümumi rəhbərlik Nuru Paşa tərəfindən edilsə də, son hərbi əməliyyatlar birbaşa Mürsəl Paşa komandanlığında aparılmışdı. Xatırladaq ki, Mürsəl Paşa bu qəhrəmanlığına görə “Bakı” soyadını götürmüş və tarixə “Mürsəl Bakı” kimi keçmişdi. Döyüşlərdə Azərbaycan türkləri ilə yanaşı, Anadolunun müxtəlif yerlərindən, hətta Şərqi Avropadan, Kərkükdən və dünyanın digər yerlərindən könüllü olaraq Azərbaycana köməyə gəlmiş təxminən 1300 türk əsgər və zabiti şəhid olmuşdu. Bu hadisə tarixə, sadəcə, Azərbaycanın paytaxtının qurtuluş günü kimi yox, həm də türk həmrəyliyinin bariz nümunəsi kimi düşmüşdür. 

Tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi Cənubi Qafqazda Azərbaycan türkünün varlığına son qoymaq və “Böyük Ermənistan” xülyasını həyata keçirmək idi. Ancaq bu plan baş tutmadı.

 Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir.

Türkiyə ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.

Aliyə SƏMƏDOVA