1975-ci ildən orta məktəbdə dərs demişəm


Baxıldı : 153

Tarix : 2019-07-13 10:57:52


1975-ci ildən orta məktəbdə dərs demişəm. 2019- cu il aprel ayının 25-i 65 yaşım tamam oldu. Elə həmin gün mənim işdən azad olunduğum bildirildi.

Tədris ilinin başa  çatmasına  ay yarım qalmış, yay məzuniyyət pulunu almamış, məni işdən azad etmələri nə dərəcədə düzgündür?

Fatmaxanım ƏLİYEVA,

Tovuz rayonu.

 

- Əmək Məcəlləsinin 10-1.1.  maddəsinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Çalışma müddətinin, hər dəfə bir ildən çox olmayaraq, uzadılması isə işəgötürənin iradəsindən asılı edilmişdir.

Tədris ili ərzində 65 yaşı tamam olması səbəbindən əmək müqaviləsinə xitam verilən müəllimlərin tədris ilinin başa çatmasına qədər çalışmaları üçün qanunvericilikdə heç bir müddəa yoxdur.

 

İşlədiyimiz özəl şirkətdə bəzən əməkhaqqı yerinə bizə şirkətin istehsal etdiyi məhsullar verilir. Bizim qanunlarda belə hallar nəzərdə tutulurmu? Bir məsələni də bilmək istəyirəm. Əməkhaqqı xarici valyutada verilə bilərmi?

 

Səlimə ƏLİYEVA,

Sumqayıt şəhəri.

 

- Respublikamız “Əməkhaqqının mühafizəsi haqqında” BƏT-in 95 saylı Konvensiyasına qoşulmuşdur. Qeyd etdiyimiz Konvensiyanın 13-cü maddəsində deyilir ki, “Əməkhaqqının ödənilməsi əgər milli qanunvericilik, kollektiv müqavilə və ya arbitraj orqanının qərarı başqa hal nəzərdə tutmursa və ya əgər əməkçilərə məlum olan digər üsullar daha məqsədəuyğun hesab edilmirsə, yalnız iş günləri və iş yerinin özündə və ya yaxınlığında icra edilir”. Konvensiyanın 3-cü maddəsində deyilir ki, pulla əməkhaqqı, yalnız həmin ölkədə qanuni tədavüldə olan valyutada ödənilir, guya qanuni valyutaya uyğun gələn, borc öhdəlikləri, qəbzlər, kuponlar formasında və ya hər hansı bir digər formada ödənilməsi isə qadağan edilir.

Konstitusiyanın 19-cu maddəsinə əsasən, AR-ın pul vahidi manatdır. Ölkə ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Əmək Məcəlləsinin 174-cü maddəsi əməkhaqqının verilmə yeri, forması və ödənilmə vahidindən bəhs edir. Maddənin 4-cü hissəsində qeyd edilir ki, əməkhaqqı AR-ın pul vahidi-manatla ödənilir.

Respublikamızda işçilərə əməkhaqqının ödənilməsi Əmək Məcəlləsi və idarə, müəssisə, təşkilatlarda işəgötürənin həmkarlar ittifaqları və ya əmək kollektivləri ilə bağladıqları kollektiv müqavilədə nəzərdə tutulan qaydada ödənilir. Məcəllənin 174-cü maddəsinə əsasən, əməkhaqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. Əməkhaqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən, kollektiv müqavilənin məzmununa əməyin ödənilməsi qaydaları və miqdarının salınması (elə həmin maddənin 4-cü hissəsinə görə) məcburidir. Digər sorğunuzla əlaqədar bildiririk ki, qüvvədə olan qanunvericiliyə əsasən, əməkhaqqı pul və ya natura formasında ödənilir. İşçiyə verilən əməkhaqqının 50 faizə qədəri natura formasında verilə bilər ki, bu da ƏM-də yer alıb. Lakin belə ödəniş işçinin razılığı ilə olmalıdır.

Sizin və iş yoldaşlarınızın razılığı ilə əməkhaqqının müəyyən hissəsi (50 faizə qədəri) mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə əvəz edilib verilə bilər. Əməyin belə natura formasında ödənilməsinə məişətdə işlədilən gündəlik tələbat malları da daxil edilə bilər. Lakin belə formada ödəmədə spirtli içkilər və narkotik maddələr istisnalıq təşkil edir.