1992-ci il...


Baxıldı : 266

Tarix : 2016-07-15 09:58:00


1992-ci ildən Xəzər Dəniz Gəmiçiliyinin gəmi təmiri zavodunda işə başlamışam. 2001-ci ildən mənzil növbəsinə dayanmışam. 2007-ci ildə işdə xəsarət almışam. 50% əmək qabiliyyətimi itirmişəm. III qrup əliləm. 2012-ci ildə məni işdən ixtisara salıblar. Bilmək istəyirəm, iş yerində xəsarət almış işçi ixtisara düşə bilərmi? Bir də ixtisara düşmüş işçi kimi, III qrup olmaq şərtilə, mənzil növbəm idarəmizdə qalmalı, yoxsa ləğv olunmalı idi? Bu barədə məlumat verməyinizi xahiş edirəm.Namiq FƏRMANOV,Bakı şəhəri.- Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Bu zaman ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olarsa, kimlərə üstünlük veriləcəyi qanunvericilik tərəfindən müəyyən edilmişdir. İxtisar zamanı həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuş işçilər də üstünlük hüququna malikdirlər. Əvvəllər çalışdığınız müəssisədə mənzil növbəsinin saxlanılmasına gəlincə, nəzərinizə çatdırırıq ki, mənzil tikintisi aparan müəssisələrdə çalışan işçilərin mənzil növbəsi qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 14.10.1983-cü il tarixli \ Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydaları\ ilə tənzimlənir. Qaydaların 7-ci bəndinə əsasən, mənzil fonduna malik olan və mənzil tikintisi aparan, yaxud mənzil tikintisində payçı kimi iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar iş yerində, onların arzusu ilə həm də yaşayış yerində uçota götürülürlər.Pensiyaya çıxmaqla əlaqədar olaraq bu müəssisələrdə, idarələrdə, təşkilatlarda işdən çıxıb gedən vətəndaşlar da onlarla bərabər uçota götürülürlər.Həmin Qaydaların 20-ci bəndinə əsasən isə, yaşayış sahəsi almaq üçün vətəndaşların uçotda olmaq hüququ bəzi hallarda saxlanılır. Lakin III qrup əlillərin mənzil növbəsinin saxlanılması haqqında qanunvericilikdə heç bir müddəa yoxdur.Uşağıma görə qismən ödənişli analıq məzuniyyətinə çıxmışam. Aldığım məzuniyyət pulu məni qane etmədiyi üçün digər sahədə çalışmaq məcburiyyətindəyəm. Çalışdığım üçün mənə məzuniyyət (analıq) pulu vermirlər. Analıq məzuniyyət pulunun verilməməsi qanunauyğundurmu? Arzu MURADOVA,Balakən rayonu.- Sualınızda analıq məzuniyyətini qeyd etsəniz də, məktubun məzmunundan bilinir ki, Sizi uşağa qulluq etməyə görə qismən ödənişli sosial məzuniyyət hüququ maraqlandırır. Bildiririk ki, Əmək Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.Qeyd edilən məzuniyyət hüququndan istifadə etsəniz də, əslində uşağa qulluq etmirsiniz. Başqa sahədə çalışaraq oradan əməkhaqqı alırsınız və buna görə də Sizə qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət dayandırılmışdır. Nəzərinizə çatdırırıq ki, həm işləmək, həm də uşağa qulluğa görə müavinət almaq istəyirsinizsə, qanunvericilikdə buna yol verilir. Belə ki, \ Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilməsi haqqında\ Əsasnamənin 84-cü bəndinə əsasən, əgər qadın uşaq üç yaşına çatanadək haqqı qismən ödənilən məzuniyyət vaxtı öz arzusuna görə tam olmayan iş vaxtı ilə və yaxud da evdə işləyirsə, habelə istehsalatdan ayrılmaqla təhsilini davam etdirirsə, bu zaman onların müavinət almaq hüququ saxlanılır. Bu hüquqdan istifadə etmək üçün Siz yeni çalışdığınız işinizə xitam verməli və əvvəl çalışdığınız təşkilatda işəgötürənə ərizə ilə müraciət edib natamam iş günündə işləmək istəyinizi bildirməlisiniz. Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, işəgötürən işlədiyiniz saatlara görə əməkhaqqı ödəməklə natamam iş vaxtı müəyyən edə bilər. Belə olan halda Siz həm qanunvericilikdə müəyyən edilmiş qaydada əməkhaqqı, həm də uşağa qulluğa görə müavinəti alarsınız. İşləmirəm, yaşa görə əmək pensiyası alıram. İşə düzəlmək, işsiz statusu almaq üçün müraciət etdim. Dedilər ki, sənə işsiz statusu verilə bilməz. Bilmək istəyirəm, işsiz statusu kimlərə verilir və bu statusun verilməsi üçün hansı sənədlər lazımdır?Səməd MİRZƏYEV,Bakı şəhəri.- \ Məşğulluq haqqında\ qanunun 1.0.4. maddəsində işsiz vətəndaşın anlayışı verilmişdir. İşsiz vətəndaş - işi və qazancı olmayan, işə başlamağa hazır olub müvafiq icra hakimiyyəti orqanında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında) işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.Həmin Qanunun 1.0.3. maddəsinə əsasən, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli əhali Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş aşağı və yuxarı yaş həddi arasında olan və hər hansı əmək fəaliyyətini həyata keçirmək iqtidarında olanlardır.Qanunun 4.5. maddəsində işsiz statusu almaq hüququ olmayan vətəndaşlar göstərilmişdir.Ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla, pensiya hüququ qazanmış vətəndaşlar da işsiz statusu almaq hüququ olmayan şəxslər sırasına daxil edilmişdir.22 yanvar 2002-ci il tarixində Nazirlər Kabineti özünün 14 nömrəli qərarı ilə \ Məşğulluq haqqında\ Azərbaycan Respublikası Qanununa uyğun olaraq Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında - şəhər, rayon məşğulluq mərkəzlərində müvafiq qaydada işaxtaran və işsiz hesab edilən Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin qeydiyyatının aparılmasında vahid qaydaları müəyyən edən \ İşsizlərin qeydiyyata alınması Qaydaları\ nı təsdiq etmişdir. Həmin Qaydaların 1-ci bəndinə görə, 15 yaşına çatmış hər bir vətəndaş işaxtaran kimi qeydiyyata alınmaq üçün yaşadığı ərazi üzrə şəhər, rayon məşğulluq mərkəzinə şəxsən aşağıdakı sənədləri təqdim etməlidir:- şəxsiyyətini təsdiq edən sənəd;- əmək kitabçası (yaxud onu əvəz edən sənəd);- peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda);- pensiyaçılar və məşğul vətəndaşlar əmək kitabçasını (yaxud onu əvəz edən sənədi) təqdim etməyə bilərlər;- ilk dəfə işaxtaranlar şəxsiyyətini təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər.Qaydaların 3.2. bəndinə görə, işaxtaran kimi qeydiyyata alınmış şəxsin işsiz statusu almaq hüququ varsa, o, aşağıdakı sənədləri təqdim etdiyi andan ona münasib iş təklif edilməzsə, məşğulluq mərkəzi həmin şəxsə 11 gün ərzində işsiz statusunun verilməsi və müavinət təyin edilməsi haqqında qərar qəbul edir:- Dövlət Məşğulluq Xidmətinin mərkəzlərindən pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla), yaşa görə və əlilliyə görə sosial müavinət almaması haqqında arayış;- yaşadığı yer üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış;- yerli icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış;- himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;- qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əməkhaqqı barədə arayış.Onu da qeyd etmək lazımdır ki, işsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra işsiz vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən işsizliyə görə müavinət almaq hüququ vardır. Bu zaman onlar yuxarıda qeyd edilən sənədləri yenidən təqdim etməlidirlər.Əfvetmə haqqında bəzi məsələləri aydınlaşdırmağınızı xahiş edirəm. Bu zaman müraciəti kim qaldıra bilər?Tamerlan MUSAYEV,Bakı şəhəri.- Amnistiyadan fərqli olaraq əfvetmə fərdi qaydada verilir. Konstitusiyanın 65-ci maddəsinə əsasən, hər bir şəxs özünün əfv edilməsi üçün müraciət edə bilər. 109-cu maddəyə əsasən isə, əfvetmə Prezidentin səlahiyyətinə aiddir. Cinayət Məcəlləsinin 82-ci maddəsinə əsasən, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilir. Əfvetmə aktında cəzadan azad edilmiş şəxslər fərdən sadalanır. Bu zaman 1) məhkum cəzanın qalan hissəsini çəkməkdən azad edilir, 2) təyin edilən cəzanın müddəti azaldılır, 3) cəzanın çəkilməmiş hissəsi başqa yüngül cəza ilə əvəz edilir.Əfvetmə aktında şəxsin məhkumluğu da üzərindən götürülə bilər. Əfvetmə aktı ilə barəsində ibtidai istintaq gedən, yaxud da məhkəmə baxışında olan şəxslər məsuliyyətdən azad edilə bilməz.Əfvetmə zamanı ömürlük azadlıqdan məhrumetmə cəzası müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Bu zaman cəzanın yüksək həddi 25 ildən artıq ola bilməz. Onu da qeyd edək ki, əfvetmə aktının verilməsinə dair vəsatət məhkumun özü, onun qohumları və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən verilə bilər.