20 Yanvar - yenilməz iradənin rəmzi


Baxıldı : 106

Tarix : 2018-01-19 19:35:05


Yanvarın 18-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində “20 Yanvar - Ümumxalq Hüzn Günü” münasibətilə anım mərasimi keçirilib. ASC-nin və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ASC sədrinin birinci müavini Teyyub Cabbarov anım mərasimini açaraq bildirib ki, 20 Yanvar Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

Sonra o, sovet qoşunları tərəfindən Azərbaycanda xalqımıza qarşı törədilən qırğınlardan ətraflı söz açdı.

Mərasimdə çıxış edən Su Təsərrüfatı İşçiləri Hİ Respublika Komitəsinin sədri Akif Məmmədov dedi ki, 20 Yanvarda cinayət törətmiş  cəlladlara ilk etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev oldu. Onun Moskvadakı daimi nümayəndəliyimizdə çıxışı bütün dünyada eşidildi.

Akif müəllim dedi, ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu hadisələrə tam siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilib.

20 Yanvar faciəsi qurbanlarının xatirəsini möhtərəm Prezidentimiz İlham Əliyev də uca tutur, xatirələrinin əbədiləşdirilməsi üçün böyük işlər görür, ailələrinə qayğısını əsirgəmir.

A.Məmmədov həmkarlar ittifaqının da şəhid ailələrinə diqqətindən danışdı.

Anım mərasimində su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Təranə İmanova, Xariz Alimov, İvan Proxorov, Kamil Həzrətquliyev və Hüseyn Quliyevin yaralandığı xatırlanıb.

Şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova şəhidlərin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirdi.