2015-ci ildə Ağdaş Dövlət Sosial-İqtisadi Kollecini bitirmişəm


Baxıldı : 235

Tarix : 2019-07-26 14:21:53


2015-ci ildə Ağdaş Dövlət Sosial-İqtisadi Kollecini bitirmişəm. 2018-ci ildə müəllimlərin işə qəbulu imtahanlarında iştirak edərək Ağdaş şəhəri Nizami adına 2 saylı tam orta məktəbə ixtisasıma uyğun olaraq fiziki tərbiyə müəllimi təyin olunmuşam.

Diplomda, başqa kolleclərin diplomundan fərqli olaraq, əsas təhsil pilləsində sözləri yazılmayıb. Lakin mənə X-XI siniflərdə dərs deməyə icazə vermirlər. Diaqnostik qiymətləndirmə zamanı ixtisasdan 42 bal toplamışam. Mən X-XI siniflərdə dərs apara bilərəmmi?

 

Əsmər HƏSƏNOVA,

Ağdaş rayonu.

- Nazirlər Kabineti tərəfindən 2010-cu il 19 yanvar tarixində 11 nömrəli qərarla “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” təsdiq edilmişdir.

Təsnifatın “Təhsil ixtisaslar qrupu” adlanan birinci bölməsində fiziki tərbiyə müəllimliyi 040101 olmaqla kodlaşdırılmış və “ümumi orta təhsil bazası üçün” sözləri də yazılmışdır.

“Təhsil haqqında” qanuna əsasən, “orta ixtisas təhsili” əsasən kolleclərdə və ali təhsil müəssisələrinin tabeçiliyində yaradılan müvafiq strukturlarda həyata keçirilir və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa çatır”.

Diplomda əsas təhsil pilləsində sözünün yazılmamasından asılı olmayaraq, subbakalavr təhsili ali təhsil pilləsinin bakalavr səviyyəsində təhsili davam etdirmək və ya müvafiq ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sənəddir.

Ona görə də qeyd edilən Təsnifata uyğun olaraq Sizə ümumi orta təhsil bazası əsasında dərs aparmağa icazə verilir.

Diaqnostik qiymətləndirmədən ixtisasdan çox bal toplamağınız da Sizin X-XI siniflərdə ixtisasınıza uyğun dərs aparmağınız üçün əsas deyildir. Bunun üçün ali təhsil pilləsində “bakalavriat” təhsil səviyyəsinə malik olmalısınız. Bakalavriat təhsili başa çatmış ali təhsildir.

 

Yaşı 18-dən az olan işçi ilə əmək müqaviləsinə peşəkarlıq səviyyəsi aşağı olduğu üçün xitam verilə bilərmi?

 

Səid VƏLİZADƏ,

Sumqayıt şəhəri.

- Əmək Məcəlləsi ilə yaşı 18-dən az olan işçilərlə həm əmək müqaviləsi bağlanarkən, həm də onun ləğv edilməsi ilə bağlı müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, bu şəxslərin azyaşlı olduğuna, əmək vərdişlərinin, peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtinaya yol verilmədiyi kimi, eyni zamanda Məcəllənin 255-ci maddəsinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə 70-ci maddənin “c” bəndinə əsasən, yaşı 18-dən az olan işçinin əmək müqaviləsinin ləğv edilməsinə də qadağa qoyulmuşdır. Qeyd etmək lazımdır ki, 20 yaşadək gənclər dövlət tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar sırasına salınmışdır.