2016-cı i...


Baxıldı : 198

Tarix : 2016-09-02 03:55:00


2016-cı il mart ayının 1-nə kimi ünvanlı sosial yardım almışam. İndi sənədləri təqdim edib yenidən ünvanlı sosial yardım almaq istəyirəm. Mənə bildirirlər ki, həyat yoldaşım əmək qabiliyyətlidir. İzah edirəm ki, mən özüm 2-ci dərəcəli əlil kimi pensiya alıram. Atam yaşa görə pensiya alır və onun 86 yaşı var. Uşaqlarımın isə hər ikisi məktəblidir.Yoldaşım heç bir yerdə işləmir. Ona gorə xahiş edirəm, bu məsələ ilə tanış olub sualıma aydınlıq gətirəsiniz: mənim 2-ci qrup əlil olmağımı, 2 yaşlı nəslə qulluq etməyimi və 2 məktəbli uşağımın tərbiyəsi ilə məşğul olmağımı nəzərə alıb mənə ünvanlı sosial yardım verə bilərlərmi?Mahir EYYUBOV,Sabirabad şəhəri.- \ Ünvanlı sosial yardım haqqında\ qanunda qeyd edilir ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünun müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünun olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələr malikdirlər.Məktubdan məlum olur ki, Sizin ailəniz 6 nəfərdən ibarətdir. Bildiririk ki, ailə üçün veriləcək sosial yardımın məbləği ailənizin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində ödəniləcəkdir. Ailənizin orta aylıq gəliri isə ailə gəlirinin orta aylıq göstəricisidir ki, bu göstərici də sosial yardımı təyin edən orqan tərəfindən müəyyən edilir. Sizin müraciət əsasında ailənizin orta aylıq gəlirinin hesablanması və ehtiyac meyarı ilə hər bir ailə üzvünə düşən orta aylıq gəlir arasında fərqi tapmaq imkanımız xaricindədir. Bunun üçün rayon üzrə sosial yardım təyin edən orqana müraciət etməyiniz tövsiyə olunur.Əsas işçi analıq məzuniyyətindən qayıtdıqda onun yerində işləyən müvəqqəti işçi işdən azad olunmaq haqqında ərizə yazmalıdırmı və yaxud bu ərizənin yazılması nə dərəcədə lazımlıdır?Validə QULİYEVA,Bakı şəhəri.- Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsi bağlanan hallar göstərilmişdir. İşçinin məzuniyyətdə olması səbəbindən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda, əmək müqaviləsi müəyyən müddətə bağlanılır.Məcəllənin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə işçinin iş yerinin və orta əməkhaqqının saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.Ailəmizə sosial yardım verilməsi üçün müraciət etdik, amma bizə yardım verilməsindən imtina etdilər. Biz hara şikayət edə bilərik?Bikə NAĞDƏLİYEVA,Masallı rayonu.- Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş \ Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları\ nın 4.8. bəndinə əsasən, sosial yardımın təyin edilməsi və sosial yardım təyinatından imtina edilməsi barədə qərardan \ İnzibati icraat haqqında\ qanuna uyğun olaraq inzibati qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət verə bilərsiniz.Məhkəmə qaydasında nikahımız ləğv edilib. Bir uşağım var. Sabit pul məbləği şəklində hər ay 125 manat aliment alıram. Bir rəfiqəmlə bu yaxınlarda görüşdüm. Söhbətdən məlum oldu ki, o, özü üçün də keçmiş ərindən aliment alır.Belə növ alimenti ala bilmək üçün müraciət etsəm, mənə də aliment ödənilərmi?Şəfəq QUBUŞOVA,Bakı şəhəri.- Ailə Məcəlləsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış uşaqlarını saxlamağa borclu olduqları kimi, bir-birilərini saxlamağa da borcludurlar. Qanunvericiliyə əsasən, ər-arvad maddi cəhətdən bir-birinə kömək etməlidirlər.Ailə Məcəlləsinin 85-ci maddəsində isə nikah pozulduqdan sonra da keçmiş ər-arvadın aliment almaq hüququnun olması göstərilmişdir. Lakin bu heç də o demək deyil ki, nikahı pozulan bütün qadınlar keçmiş ərindən özünün saxlanılması üçün (və ya əksinə) aliment tələb edə bilər.Qeyd olunan maddə nikah pozulduqdan sonra məhkəmə qaydasında zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malik olan şəxslərin dairəsini müəyyənləşdirmişdir. Belə ki, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad (maddə 85.1.1.), saglamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) (maddə 85.1.2), nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş (maddə 85.1.3) ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikahın pozulduğu andan 5 il müddətindən geç olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) (maddə 85.1.4) bir-birindən aliment tələb etmək hüququna malikdirlər.Qeyd olunan əsaslar mövcud olsa da, həm də bu zaman aliment tələb olunan şəxsin zəruri vəsaiti də olmalıdır. Bu zaman aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə olmalıdır ki, onun və ailəsinin minimum yaşayışını təmin etsin və keçmiş ərə (arvada) da bu gəlirdən aliment tutmaq mümkün olsun.Qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılır və müvafiq miqdarda aliment təyin edilir.Yəqin ki, rəfiqənizin nikahı pozulan zaman qeyd olunan hallardan hansısa mövcud olmuş və aliment buna uyğun müəyyən edilmişdir.Yuxarıda qeyd etdiyimiz hallardan hər hansı biri varsa, onda Siz də keçmiş ərinizdən aliment tələb etmək üçün məhkəməyə müraciət edə bilərsiniz. Qanunvericilik həm də alimentin sazişlə müəyyən olunmasını nəzərdə tutur. Bu, nikah müqaviləsində göstərilə bilər və ya ayrıca müqavilə şəklində ola bilər.Vəsiyyətnamə hansı formada və kimlər tərəfindən tərtib olunur?Şəbnəm MİRİYEVA,Sumqayıt şəhəri.- Mülki Məcəlləyə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar şəxslər sırasından bir və ya bir neçə şəxsə qoya bilər ki, bu da vəsiyyət adlanır.Vəsiyyət edən şəxs vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs olmalıdır (Mülki Məcəllə, 1167-ci maddə).Qanunvericilik vəsiyyətin hansı formada tərtib olunmasını birbaşa göstərmişdir. Tələbdən məlum olur ki, vəsiyyətnamə şifahi edildikdə hüquqi qüvvəsi yoxdur. Adıçəkilən Məcəllənin 1179.1. maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.İkinci dəfədir ki, sosial yardım almaq üçün müraciət etmişəm, bu dəfə yardımın məbləğini keçənilkinə nisbətən az təyin ediblər. Deyirlər ki, keçən il aldığınız yardıma görədir, bu, düzgündürmü? Türkanə MƏMMƏDOVA,Sumqayıt şəhəri.- Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş \ Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları\ nın 5.24.4. bəndinə əsasən, ailə sosial yardım üçün təkrar müraciət etdikdə, ailənin gəliri hesablanan zaman əvvəlki dövr üçün ödənilən sosial yardımın məbləği nəzərə alınmır, o məbləğ ailənin gəlirindən çıxılır. Bu məsələ ilə bağlı Sizin keçən il aldığınız sosial yardımla builki arasında fərq ola bilməz.