2016-cı ilin büdcəsi dəyişdiriləcəkmi?


Baxıldı : 182

Tarix : 2016-05-20 05:15:00


Hökumət neftin qiymətinin 60 dolları keçməsi halında dövlət büdcəsi zərfində dəyişikliklər edəcək. Hazırda dünya bazarında Azərbaycan neftinin qiyməti 50-52 dollar arasında dəyişir və beynəlxalq enerji agentlikləri tərəfindən nikbin proqnozlar səsləndirilməkdədir. Yay aylarında neftin 60-65 dollar civarında olacağı qənaəti bazardakı psixoloji vəziyyətə də təsir edib və 2 ilə yaxındır ki, ucuz neftlə öz rezervuarlarını dolduran iri istehlakçı dövlətlər yanacağın həcminə olan tələbatı artırıblar. Bu isə \ qara qızıl\ ın qiymətlərinin optimist həddə-60-70 dollar civarında satılmasına təsir göstərə bilər. Belə vəziyyətdə Azərbaycan büdcə proqnozlarına dəyişiklik etmək və cari ilin ikinci yarısında büdcə zərfində bəzi xərclərin həcminə yenidən baxmaq barədə qərar qəbul edə bilər. Qeyd edək ki, hazırda büdcədə neftin baza qiyməti 50 dollara bərabərdir.Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, neft 60 dolları keçsə, büdcə layihəsinə dəyişiklik etmək zərurəti meydana çıxacaq. İyun-iyul aylarında büdcəyə yenidən baxılması ehtimal edilir. Komitənin sədri Ziyad Səmədzadə isə hesab edir ki, dünya bazarında neftin qiymətinin qalxmasını hələ bir neçə müddət müşahidə etmək lazımdır. Ola bilsin ki, neft 3-4 ay baha satılsın, ilin sonlarında yenidən qiymətlər aşağı düşsün. Ona görə də qiymət dəyişmələrini proqnozlaşdırmaq indi çətin olduğundan cari ilin büdcəsini ilin sonuna kimi sabit saxlamaq lazımdır. Amma bununla yanaşı, neftdən əlavə gəlirlər gəlməsini nəzərər alaraq həmin gəlirlərin bir hissəsini büdcənin ehtiyat fonduna daxil edib bir sıra layihələri maliyyələşdirmək olar. Yəni əlavə mənbələr olduğu halda, onun iqtisadi inkişafa stimul verən investisiya bölmələrinə yönəldilməsi məqsəduyğundur. Eyni zamanda neftdən gələn əlavə vəsaitləri Dövlət Neft Fonduna toplamaq və fonddan investisiya, regional əhəmiyyətli layihələri maliyyələşdirmək mümkündür.ELBRUS