2018-2022-ci illər üçün strateji plan layihəsi


Baxıldı : 146

Tarix : 2018-06-30 04:22:20


 

İyunun 17-20-də Böyük Britaniyanın Liverpul şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Şəbəkəsinin (UNİ) 5-ci qurultayı keçirilmişdir. 16 milyondan çox həmkarlar ittifqı üzvünü birləşdirən bu təşkilatın ali məclisinə 150 üzv ölkədən 2000-dən artıq nümayəndə dəvət olunmuşdu.

Qurultayda nümayəndə kimi ölkəmizi Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı (ARİMHİ) Respublika Komitəsinin sədr müavini Rəşad Səfərov və “Bakı Telefon Rabitəsi” MMC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri İsrafil Bəkirov təmsil edirdilər.

Məlumat üçün deyək ki, ARİMHİ Respublika Komitəsi 1998-ci ildən baş ofisi İsveçrənin paytaxtı Nyon şəhərində yerləşən bu beynəlxalq təşkilatın Avropa Regionunun Şərqi Avropa Filialının Telekommunikasiya və Poçt Sektorunun üzvüdür.

Qurultayın rəsmi açılışında UNİ-nin prezidenti Ann Selin, Liverpul şəhərinin Bələdiyyə başçısı Joe Anderson və digər rəsmilər çıxış etdilər.

Qurultayda UNİ-nin 2018-2022-ci illər üçün strateji plan layihəsi müzakirə olundu, maliyyə və audit hesabatları dinlənildi, təşkilatın baş katibliyinə, Gənclər Komitəsinə, Qadınlar Komitəsinə və digər rəhbər orqanlarına seçkiləri keçirildi. 

Kristi Hofman yeni baş katib, Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov isə UNİ-nin Avropa Regional Təşkilatının İcraiyyə Komitəsinin üzvü seçildilər.

ARİMHİ-nin nümayəndə heyəti UNİ-nin, Rabitə İşçiləri Beynəlxalq Həmkarlar İttifaqının, Rusiya Rabitə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri  ilə görüşərək ikitərfli əməkdaşlıq imkanlarını müzakirə etdilər.