2018-2025-ci illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin əsas istiqamətləri


Baxıldı : 219

Tarix : 2018-02-17 00:08:56


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Proqramını;

- Beynəlxalq Əmək Təşkilatının “Əməyin gələcək sferası” təşəbbüslərinin prioritetlərini;

- Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramını;

- Azərbaycan Respublikasının qadın və gənclərlə bağlı Dövlət Proqramlarını;

- Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, AHİK-in işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi və həmkarlar ittifaqı fəaliyyətlərinin inkişafı ilə bağlı qərarlarını;

əsas götürərək özünün fəaliyyətinin əsas istiqamətlərini aşağıdakı kimi müəyyənləşdirir:

1. Layiqli əməyə, sosial ədalətə

etibarlı təminatlar

AHİK “Yüzilliyin tə

şəbbüsü - əmək sferasının gələcəyi” çağırışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasında BƏT-in müvafiq konvensiyalarının ratifikasiya edilməsi istiqamətində məqsədyönlü iş aparacaqdır;

“2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın həyata keçirilməsinə dair Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Konsepsiyasında nəzərdə tutulan vəzifələrin icrasının təmin olunmasına çalışacaqdır.

Layiqli əmək prinsiplərini və sosial ədaləti təmin edən sosial-iqtisadi siyasəti müdafiə edəcək, yaradılmış milli məhsulun ədalətli bölünməsinə çalışacaq, vergi sisteminin təkmilləşdirilməsi ilə əlaqədar atılan mütərəqqi addımları dəstəkləyəcəkdir.

Üzv təşkilatları ilə birlikdə yeni iş yerlərinin, fasiləsiz təhsil sisteminin yaradılmasına, işsizlərin yenidən öyrədilməsi və ixtisaslarının artırılmasına dair proqramların işlənib hazırlanmasına və həyata keçirilməsinə təşəbbüs göstərəcək, sahə həmkarlar ittifaqlarının tarif sazişləri və kollektiv müqavilələrinə, bütün sahələr üzrə işçilərin davamlı təhsil almasına və peşəkarlığının artırılmasına dair normaların daxil edilməsinə çalışacaqdır.

2. Layiqli iş yeri

Konfederasiya əmək bazarında və əhalinin məşğulluğu sahəsində mövcud vəziyyətin sistemli təhlili əsasında həmkarlar ittifaqlarının fəaliyyətinə dair təkliflər işləyib hazırlamaq niyyətindədir. Təkliflərdə gənclərin məşğulluq problemlərinə, məşğulluğun əməkçilərin müdafiəsinin qeyri-ənənəvi formalarına xüsusi diqqət yetirəcəkdir. Qeyri-formal iqtisadiyyatın leqallaşmasına səy göstərəcəkdir.

Əhalinin məşğulluq vəziyyəti təhlil olunacaq, dövlətin məşğulluğa təsir göstərə biləcək tədbirlərinin təbliğinə, işçi qüvvəsinin keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsinə, onun hüquqlarının pozulmasına yol verilməməsinə çalışacaqdır.

Həmkarlar ittifaqlarının günəmuzd əməyə və məşğulluğun əmək münasibətləri ilə əlaqəsi olmayan, qeyri-tipik formalarına qarşı mübarizəsi davam edəcəkdir.  

3. Layiqli əməkhaqqı.

Vətəndaşların gəlirləri

AHİK və onun üzv təşkilatları hesab edir ki, dövlətin inkişafında əmək nəticələrinin ədalətli bölüşdürülməsi böyük rol oynayır.

Həmkarlar ittifaqları ümumi daxili məhsulda əməkhaqqının payının yüksəldilməsi, real əməkhaqqının əhəmiyyətli dərəcədə artırılması, onun layiqli səviyyəyə çatdırılması uğrunda mübarizəni davam etdirəcəkdir. Layiqli əməkhaqqı işçinin iqtisadi müstəqilliyini, istirahətini, ailəsinin saxlanmasını, mənzil ala bilmək imkanını təmin etməlidir. Layiqli əməkhaqqı ölkənin modernləşməsində vacib şərtlərdən biridir.

Konfederasiyanın və üzv təşkilatlarının fəaliyyətində əməkhaqlarının vaxtında ödənilməsi, əməyin ödənilməsində diskriminasiyaya yol verilməməsi məsələləri prioritet olaraq qalır.

Həmkarlar ittifaqları əməkhaqqının minimum məbləğinə kompensasiyalı, həvəsləndirici və sosial ödəmələrin daxil edilməsinə, onun vaxtında indeksasiyasına çalışacaqdır. Hakimiyyət orqanları ilə BƏT-in “Minimum əməkhaqqının təyin edilməsi haqqında” 131 saylı Konvensiyasının ratifikasiya olunması barədə danışıqları davam etdirəcəkdir.

Həmkarlar ittifaqlarının vətəndaşların pensiyalarının artırılması, itirilmiş gəlirin əmsalının səviyyəsinin 40-45 faizdən aşağı olmaması, pensiyaların əməkhaqqı məbləğindən real asılılığı, sığorta (əmək) stajı, pensiyaların məbləğinin vaxtında artırılması uğrunda fəaliyyəti davam edəcəkdir.

Həmkarlar ittifaqları ölkədə əhalinin pul gəlirlərinin dinamikası ilə bağlı uyğunlaşdırılmış tarif və qiymət siyasətinin aparılmasına, inflyasiyanın əhalinin həyat səviyyəsinə təsirinin qarşısının alınmasına nail olacaqdır.

Konfederasiya bütün bu işlərin əlaqələndirilməsi məqsədilə əməkhaqları, onun minimum məbləği, pensiyalar, ölkədə qanunvericiliyin vəziyyəti haqqında məlumatların təhlilini apararaq müvafiq təkliflərin işlənib hazırlanmasını və tədbirlərin həyata keçirilməsini davam etdirəcəkdir.

4. Əmək hüquqları

AHİK və üzv təşkilatları bütün mümkün vasitələrlə əmək hüquqlarının məhdudlaşdırılmasına, əmək qanunvericiliyinin liberallaşdırılmasına, muzdlu işçilər üçün sosial təminatların və hüquqların azaldılmasına mane olacaqdır.

Konfederasiya üzv təşkilatlarının yeni iqtisadi şəraitdə sosial-əmək münasibətlərinin tənzimlənməsinin, vətəndaşların hüquqlarının müdafiəsinin dövlət və ictimai institutların inkişaf sistemi ilə sıx əlaqələndirilməsi üzrə fəaliyyətini müdafiə edəcəkdir.

Həmkarlar ittifaqları əmək qanunvericiliyinə əməl olunmasına ictimai nəzarət üzrə səlahiyyətinin, həmçinin həmkarlar ittifaqının hüquq və texniki əmək müfəttişliyinin fəaliyyətinin, əmək qanunvericiliyini pozan işəgötürənlərin məsuliyyətinin artırılmasına nail olacaqdır.

Əmək qanunvericiliyinin təkmilləşməsinə xüsusi diqqət ayrılacaqdır. Konfederasiya və üzv təşkilatları əmək qanunvericiliyinin işlənib hazırlanmasında bundan sonra da fəal mövqe tutacaq, bu sahədə beynəlxalq təşkilatların ən yaxşı nümunələrindən baza kimi istifadə edəcəkdir.

Həmkarlar ittifaqları işçilərin, onların ailələrinin və işçi miqrantların müvafiq müavinətlər və yardımlar ilə təmin olunmasına səy göstərəcəkdir. Konfederasiya BƏT-in “Sosial ədalət və sosial qloballaşma məqsədilə sosial müdafiənin minimum normaları haqqında” tövsiyələrinin müddəalarının təbliği işinə qoşulacaqdır.

5. Əməyin mühafizəsi, “yaşıl iş yerləri”    

Həmkarlar ittifaqları “yaşıl iş yerləri”nin - zərərli istehsalat faktorlarından azad, layiqli əmək şəraiti olan, xəsarətin, peşə xəstəliklərinin, ətraf mühitə neqativ təsirin aradan qaldırıldığı iş yerlərinin yaradılması uğrunda mübarizə aparacaqdır. Bu, həmkarlar ittifaqlarının BMT-nin ətraf mühitin qorunması Proqramı çərçivəsində işlənmiş “Yeni yaşıl müqavilə”nin regionda həyata keçirilməsinə dəstək olacaqdır. Həmkarlar ittifaqları hökumətin “yaşıl infrastruktur”a qoyduğu genişhəcmli investisiyanın, enerjidən və enerji əvəzedicilərindən səmərəli istifadə də daxil olmaqla, iqtisadiyyatın müxtəlif bölmələrində məşğulluğun həvəsləndirilməsinə, tədqiqatların aparılması və işlənilməsinə maliyyə vəsaitlərinin artırılmasına, yeni texnologiyaların tətbiqinə və genişləndirilməsinə dair bütün tədbirlərini müdafiə edəcəkdir.

Konfederasiya müntəzəm olaraq əməyin mühafizəsi və texniki təhlükəsizliyi, ekoloji vəziyyəti və bu istiqamətdə həmkarlar ittifaqlarının fəaliyyətinin təhlilini davam etdirəcəkdir. Həmkarlar ittifaqları bu məsələlər üzrə öz mövqeyini  dövlət səviyyəsində müdafiə edəcəkdir.

Konfederasiya BƏT-in “Əməyin gigiyenası və istehsalat mühitinin təhlükəsizliyi barədə” 155 saylı və “Əməyin təhlükəsizliyinə və gigiyenasına təsir edən əsaslar barədə” 187 saylı konvensiyalarının ratifikasiya olunmasında, Əməyin Mühafizəsi və Əmək Şəraitinin Yaxşılaşdırılması üzrə Dövlət Proqramının, Əməyin Mühafizəsi üzrə Dövlət Fondunun və müəssisələrin əməyin mühafizəsi fondları üzrə əsasnamələrinin işlənib hazırlanmasında iştirak edəcək. Əməyin mühafizəsində beynəlxalq standartların tətbiqinə nəzarət formalarının inkişafı və təkmilləşdirilməsi üzrə işi davam etdirəcəkdir.

Konfederasiya və üzv təşkilatları davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsullar tətbiq edilməsinə çalışacaqdır.  

6. Sosial partnyorluq işçilərin təminatlarının təmin edilməsinin əsas mexanizmidir

AHİK və üzv təşkilatları sosial partnyorluğa xüsusi yer ayırmağı davam etdirəcəkdir.

Sosial partnyorlarla qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi, bu iş üzrə təcrübənin öyrənilməsi və yayılması, saziş və kollektiv müqavilələrin bağlanması, kollektiv əmək mübahisələrinin həlli üzrə işi davam etdirəcəkdir.

Transmilli şirkətlərdə sosial dialoqa xüsusi diqqət yetiriləcəkdir. Sahə həmkarlar ittifaqları birlikləri əməkdaşlığın mövcud formalarını inkişaf etdirəcək, transmilli şirkətlərlə sazişlərin bağlanması üzrə işi fəallaşdıracaq, ölkədəki transmilli şirkətlərin müəssisələrində işçilərin müdafiəsi işini gücləndirəcəkdir. Respublika həmkarlar ittifaqları birlikləri hüquqi bazanın təkmilləşdirilməsi, transmilli şirkətlərin müəssisələrində sosial-əmək qanunvericiliyinin yerinə yetirilməsinə nəzarəti gücləndirəcəkdir.

7. Ümumi əmək bazarının formalaşması. Əmək miqrasiyası

AHİK və üzv təşkilatları müvafiq dövlət orqanları ilə birgə milli əmək bazarının tənzimlənməsi sahəsində əmək bazarının formalaşması, əmək miqrasiyası üçün sivil mühitin, əlaqəli siyasətin yaradılması və bu sahədə iş metodlarının işlənib hazırlanması üçün fəaliyyətini davam etdirəcəkdir.

Hakimiyyət orqanlarının diqqətini BƏT-in 97, 143 saylı konvensiyalarının və BMT-nin 1990-cı il tarixli Konvensiyasının ratifikasiya olunmasının vacibliyinə yönəldəcəkdir.

Həmkarlar ittifaqları əməkçi-miqrantların və onların ailə üzvlərinin hüquqi statusu haqqında konvensiyanın bütünlüklə yerinə yetirilməsinə, həmçinin leqal miqrantlar üçün əmək fəaliyyəti göstərdikləri ölkənin ərazisində müvafiq tibbi xidmətin, təhsilin, sosial sığortanın təmin edilməsinə, onlara əmək qanunvericiliyi normalarının və kollektiv müdafiə hüququnun şamil edilməsinə səy göstərəcəkdir.

Konfederasiya üzv təşkilatlarına əməkçi-miqrantların olduğu ölkələrdə onlar üçün təhsilin təşkili məsələləri və peşə hazırlığı, əməkçi-miqrantların hüquq və vəzifələrinə dair məlumatların çatdırılması barədə danışıqlar aparılmasına kömək edəcəkdir.

Əmək miqrasiyası proseslərini təhlil edəcək, üzv təşkilatlarına əmək miqrasiyası sahəsində dövlət səviyyəsində qəbul olunmuş yeni sənədlər, beynəlxalq təcrübə haqqında vaxtında informasiya verəcək, onlarla birgə həmkarlar ittifaqlarının fəaliyyətinə dair təkliflər işləyib hazırlayacaqdır. Beynəlxalq həmkarlar ittifaqları və müstəqil dövlətlərin həmkarlar ittifaqı birlikləri ilə, əməkçi miqrantlara kömək məqsədilə, əməkdaşlığın genişləndirilməsinə, miqrantlar üçün informasiya mərkəzləri yaradılmasına çalışacaqdır. Dözümsüzlük və ksenofobiyanın istənilən hallarına qarşı olacaqdır. İşçi miqrantların problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edəcəkdir.

8. Ümumi humanitar məkan

AHİK mədəniyyətin müxtəlif sahələrində mübadilənin genişlənməsi məqsədilə lazımi şəraitin yaradılması, spartakiadalar, festivallar, baxış-müsabiqələr, sərgilər və sair keçirilməsi üzrə işi davam etdirəcəkdir.

Həmkarlar ittifaqlarının humanitar məsələlərin həllinə, ümumtəhsil, mədəni və humanitar məkanın yaradılmasına təsiri üzrə iş aparılacaqdır.

Yaşlı insanların müdafiəsinə, təhsilin, mədəniyyətin, turizm və idmanın inkişafına istiqamətləndirilmiş qanunvericilik aktların layihələrinə təkliflərin hazırlanması davam edəcəkdir.

Əmək kollektivlərində, gənclər və uşaqlar arasında mədəni-maarif, bədən tərbiyəsi - sağlamlıq işinə dövlət köməyinin tətbiq olunmasına, balansında sosial-mədəni sahə obyektləri saxlayan bütün mülkiyyət formalı müəssisələr üçün iqtisadi stimullaşdırma üzrə tədbirlər sisteminin işlənib hazırlanması və həyata keçirilməsinə yönəldilmiş qanunvericilik və hökumət qərarlarının qəbul edilməsinə təşəbbüs göstərəcək.

 9. Layiqli əməyin vacib şərti -

güclü, müasir həmkarlar ittifaqlarıdır

AHİK həmkarlar ittifaqlarında baş verən prosesləri öyrənəcək, həmkarlar ittifaqlarının hüquq və azadlıqlarının qətiyyətlə və ardıcıl müdafiəsini davam etdirəcək, üzv təşkilatlarına milli qanunvericilik və beynəlxalq əmək normalarından daha fəal istifadə olunması məqsədilə kömək göstərəcəkdir.

      Həmkarlar ittifaqlarının həmrəyliyinin möhkəmlənməsinə, bundan əməkçilərin hüquq və mənafeləri, həmkarlar ittifaqlarının hüquq və azadlıqları uğrunda mübarizədə güclü vasitə kimi istifadə olunmasına xüsusi diqqət yetiriləcəkdir.

Həmkarlar ittifaqı strukturlarının bütün səviyyələrində qəbul edilmiş kollegial orqanların qərarları, maliyyə məsələləri də daxil olmaqla, həmkarlar ittifaqlarının icra intizamının və məsuliyyətinin yüksəldilməsi üzrə fəaliyyəti müdafiə olunacaqdır.

Konfederasiya həmkarlar ittifaqı orqanlarının həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsi, həmkarlar ittifaqı üzvlərinin sıralarının saxlanması və yeni üzvlərin cəlbi üzrə fəaliyyətinə kömək edəcəkdir.

Konfederasiya üzv təşkilatları ilə birlikdə həmkarlar ittifaqı strukturlarında gender bərabərliyinə, gender məsələlərinin bütünlüklə həmkarlar ittifaqı siyasətinə inteqrasiyasına, qadınlara münasibətdə diskriminasiyanın hər hansı hallarına qarşı mübarizəyə var qüvvəsini sərf edəcəkdir.

Konfederasiya tərəfindən üzv təşkilatların gənclərin həmkarlar ittifaqı sıralarına cəlb edilməsinə, seçkili orqanlarda daha çox təmsil olunmalarına istiqamətlənmiş fəaliyyətləri dəstəklənəcəkdir. Konfederasiya gənc həmkarlar ittifaqı liderlərinin axtarıb tapılması və rəhbər vəzifələrə irəli çəkilməsinin dəqiq sisteminin formalaşmasına, qəbul olunan qərarların həyata keçirilməsində onların iştirakı üçün şəraitin yaradılmasına səy göstərəcəkdir.

Konfederasiya həmkarlar ittifaqı kadrlarının bütün səviyyələrdə hazırlanması və yenidən hazırlanmasının kompleks sisteminin inkişafına çalışacaqdır. Həmkarlar ittifaqı rəhbərlərinin və həmkarlar ittifaqı fəallarının təhsil sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdiriləcəkdir.

Üzv təşkilatlara həmkarlar ittifaqı mülkiyyətinin müdafiəsi, onun qorunması və səmərəli istifadə olunması mexanizminin təkmilləşdirilməsi işində növbəti illərdə də kömək göstərəcəkdir.

Konfederasiyanın maliyyə cəhətdən möhkəmlənməsinə, ona məxsus mülkiyyətdən səmərəli istifadə olunmasına dair tədbirlərin görülməsi davam edəcəkdir.

10. Gənclərə layiqli gələcək

Qurultay AHİK-ə və onun üzv təşkilatlarına tövsiyə edir ki, gənclər şuralarının bütün səviyyələrdə fəaliyyətinin inkişafına, həmkarlar ittifaqı hərəkatında gənclərin iştirakının düzgün istiqamətləndirilməsinə köməklik göstərsinlər. Gənclərin təşkilatlanması, informasiya resurslarının formalaşdırılması və təcrübə mübadiləsinin aparılması üçün kadr və maliyyə potensialının yaradılmasına diqqət yetirsinlər.

Həmkarlar ittifaqları bundan sonra da gənclər siyasəti üzrə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə, onların məşğulluğunun artırılmasına, əmək bazarına maneəsiz daxil olmalarına və layiqli iş yeri ilə təmin edilmələrinə diqqət göstərməlidir. Gənclərin ictimai həyata və həmkarlar ittifaqlarının fəaliyyətinə cəlb edilməsinə xüsusi önəm verməli, təhsil və məişət problemlərinin həllində dövlət orqanları ilə birlikdə müvafiq proqramlar işləyib hazırlanmasına təşəbbüs göstərməlidir.

Qurultay aşağıda göstərilənləri vacib sayaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və onun üzv təşkilatlarına təklif edir:

- Gənclərin həmkarlar ittifaqı sıralarına cəlb olunması sahəsində toplanmış təcrübəni təkmilləşdirməklə bu işi davam etdirmək;

- həmkarlar ittifaqlarının rəhbər strukturlarında gənclərin təmsil olunmasına nail olmaq üçün bütün imkanlardan səmərəli istifadə etmək, gənclərdən ibarət layiqli kadr ehtiyatı formalaşdırmaq;

- iqtisadi və sosial sahələrdə gənclərə aid məqsədli siyasət aparmaq, bu sahədə xarici həmkarlar ittifaqlarının müsbət təcrübəsindən geniş istifadə etmək;

- həmkarlar ittifaqı gənclər şuralarının, gənclərin problemləri ilə məşğul olan dövlət institutu və təşkilatların partnyorluğunun inkişaf etdirilməsi: əmək şərtləri və məşğulluğu məsələlərinin daha da yaxşılaşdırılmasına yönləndirilmiş tədbirlər həyata keçirmək;

- həmkarlar ittifaqlarının üzvü olan gənclərin ideya və təkliflərini fəal dəstəkləmək, onların rolunu həmkarlar ittifaqı tərəfindən keçirilən beynəlxalq və milli səviyyəli tədbirlərin köməyi ilə gücləndirmək;

- qeyri - stabil, özəl, qeyri - formal, müvəqqəti iş sahələrində çalışan gənclərin istehsal fəaliyyətlərinin leqallaşdırılması üçün bütün imkanlardan istifadə etmək.

11. Gender bərabərliyi həmkarlar ittifaqları fəaliyyətinin mühüm istiqaməti kimi

AHİK üzv təşkilatları ilə birlikdə həmkarlar ittifaqlarının fəaliyyətində gender siyasətinə təkan verən amillərdən - gender bərabərliyi komissiyaları və qadın şuralarından, qadınların əmək bazarındakı mövqeyindən, konsepsiya və proqramlardan, AHİK-in dövlət orqanları və beynəlxalq təşkilatlarla əlaqələrindən, kollektiv müqavilələrdən, qəbul olunan qərarlarda qadınların iştirakının yüksəldilməsindən, bütün səviyyələrdə onların təhsilinin təşkilindən və sair istifadə edəcəkdir. Konfederasiya qadınların hüquqlarının genişləndirilməsi məqsədilə onların həmkarlar ittifaqı təşkilatına üzvlüyünə mane olan halların aradan qaldırılmasına və digər problemlərin həllinə var qüvvəsini sərf edəcəkdir.

Azərbaycanın BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşulmasını dəstəkləyərək BƏT-in “Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” konvensiyalarının normalarının ölkədə tətbiq olunmasına çalışacaqdır.

“Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq AHİK-in nəzdində yaradılmış Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəz qadınların bütün sosial-iqtisadi imkanlardan istifadə etməsi, təhsil və peşə səviyyəsinin artırılması, ictimai-siyasi proseslərdə, cəmiyyətin həyatında, o cümlədən həmkarlar ittifaqlarının fəaliyyətində iştirakının təmin olunması sahəsində işini davam etdirəcəkdir.

AHİK bu məsələlərə vətəndaş cəmiyyəti qurumlarının diqqətini daha da artırmaq üçün işdə zorakılığa son qoyan, işəgötürənin ədalətli münasibətini, işçi qadınların hüquqlarının müdafiəsini təmin edən işin formalaşması və sistemləşdirilməsi istiqamətində fəaliyyətini genişləndirəcəkdir.

Bu məqsədlə BƏT-lə AHİK-in əməkdaşlığı davam etdiriləcək, iş yerlərində qadınlara qarşı ayrı-seçkiliklə mübarizədə həmkarlar ittifaqlarının rolunun artırılmasına diqqət və qayğı göstəriləcəkdir.

AHİK gender bərabərliyi və qadın problemləri üzrə aşağıdakı vəzifələri yerinə yetirəcəkdir:

- qadınların hüquqi və sosial, iqtisadi mənafelərinin müdafiəsinə çalışacaqdır;

- işəgötürənlərlə həmkarlar ittifaqı komitəsi arasında bağlanan kollektiv müqavilələrə gender bərabərliyinə dair daha geniş və konkret öhdəliklər daxil ediləcəkdir;

- qanun layihələrinə və normativ-hüquqi aktlara baxılarkən qadınların maraqlarına toxunan maddələrə rəy və təklifini verəcəkdir;

- dövlət orqanları, ictimai və beynəlxalq təşkilatlarla birlikdə gender bərabərliyi mövzusunda konfrans, dəyirmi masa, seminarlar və digər tədbirlərin keçirilməsi davam etdiriləcəkdir;

- festival, müsabiqə, sərgi, görüş, forum və təcrübə mübadiləsində qadınların iştirakı təmin olunacaqdır;

- gender bərabərliyi və qadın problemləri üzrə qadın təşkilatları arasında əməkdaşlığın möhkəmləndirilməsinə və inkişafına hərtərəfli yardım göstəriləcəkdir.

12. Dünya həmkarlar ittifaqı

hərəkatı ilə əməkdaşlıq

AHİK-in beynəlxalq aləmdəki fəaliyyəti mövcud vəziyyətdən və dünya həmkarlar ittifaqı hərəkatının inkişafı şəraitindən asılı olaraq müəyyənləşəcəkdir. Konfederasiyanın nüfuzunun və təsirinin daha da artırılması istiqamətində aparılan iş davam etdiriləcəkdir.

Konfederasiya beynəlxalq həmkarlar ittifaqı hərəkatında sosial ədalətli dünyanın qurulması, qlobal problemlərin həllində həmkarlar ittifaqının rolunun gücləndirilməsi, sosial dialoqun BƏT-in konvensiyalarında təsbit olunmuş prinsiplər əsasında inkişafı uğrunda ümumi mübarizədə üzv təşkilatların iştirakına səy göstərəcəkdir.

BHİK və onun Ümum Avropa Regional Şurası ilə, qlobal həmkarlar ittifaqlarının bütün sistemi ilə ümumi maraq və məqsədlər naminə qarşılıqlı fəaliyyətin inkişafı üzrə gələcəkdə də addımlar atacaqdır.

Həmrəylik prinsiplərini rəhbər tutaraq dünya həmkarlar ittifaqlarının insan hüquqları və işçilərin sosial-iqtisadi mənafelərinin pozulmasına, sosial təcridin hər hansı formalarına, siyasi, irqi, etnik, dini mənsubiyyətə görə diskriminasiyaya qarşı, sosial qeyri-bərabərliyin ləğvi, muzdlu işçilərin hüquqlarının qorunması və inkişafı, həmkarlar ittifaqı azadlıqlarına hörmət, gender bərabərliyi, əməkçi miqrantların sosial-siyasi hüquqlarının qorunması, uşaq əməyinin və məcburi əməyin aradan qaldırılması, dünya əhalisinin aclıqdan, yoxsulluqdan, haqsızlıqdan qurtarılması uğrunda mübarizəni dönmədən dəstəkləyəcəkdir. Konfederasiya və üzv təşkilatları bu hüquqların müdafiəsi məqsədilə beynəlxalq həmkarlar ittifaqlarının həmrəylik aksiyalarında iştirak edəcəkdir.

13. Beynəlxalq Əmək

Təşkilatında (BƏT) iş

AHİK və onun üzv təşkilatları BƏT-in işində fəal iştirak edəcəkdir. Bu təşkilatın sosial ədalət və layiqli əmək prinsiplərinin birgə təsdiqinə və sosial ədalət haqqında Deklorasiyasının həyata keçirilməsinə istiqamətləndirilmiş bütün səylərinə dəstək verəcəkdir.

Konfederasiya region ölkələrində qloballaşma əsrində BƏT-in əsas məqsədini göstərən Qlobal Paktın iş yerləri haqqında müddəalarının, digər vacib sənədlərin yerinə yetirilməsinə var qüvvəsini sərf edəcəkdir.

Hamı üçün layiqli əmək Proqramının həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək, hər il oktyabrın 7-də Ümumdünya Layiqli Əmək Gününün keçirilməsi və Konfederasiyanın üzv təşkilatlarının bu tədbirlərdə fəal iştirakının təmin olunması təcrübəsi davam etdiriləcəkdir.

Konfederasiya BƏT-in “Məşğulluğa kömək və işsizlikdən müdafiə haqqında” 168, “İşəgötürən borcunu ödəyə bilmədiyi hallarda işçilərin tələblərinin müdafiəsi haqqında” 173, “Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 184, “Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsi əsasları haqqında” 187, “Sosial təminatın minimum normaları haqqında” 102, “Əlillik, yaşlılıq və ailə başçısının ölümü ilə əlaqədar müavinətlər haqqında” 128 saylı konvensiyalarının respublikamızda ratifikasiya olunmasına səy göstərəcəkdir.

14. Etibarlı informasiya

səmərəli işin əsasıdır

 AHİK-in fəaliyyə

tinin prioritet istiqamətlərindən biri üzv təşkilatlarla həmrəyliyin vasitəsi kimi müxtəlif informasiya əlaqələrinin hərtərəfli inkişafı olacaqdır.

Konfederasiya və üzv təşkilatların qarşılıqlı informasiya vəzifələrinin operativ və vaxtında yerinə yetirilməsi üçün  əlavə tədbirlər görüləcəkdir.

İntensiv informasiya mübadiləsi üçün Konfederasiya və üzv təşkilatlarının gündəlik fəaliyyətində rəqəmsal və şəbəkə texnologiyalarının, kompüter texnikasının geniş tətbiq olunması, sənədlərin dövriyyəsinin daha çox elektron vasitələrlə həyata keçirilməsi əsas olacaqdır. Konfederasiyada kompüter texnologiyalarının tətbiqinin ümumi səviyyədən yüksək standartlara çatdırılmasına, həmkarlar ittifaqlarının internet saytlarının yaradılmasına xüsusi diqqət yetiriləcək, həmkarlar ittifaqlarının vahid informasiya sisteminin formalaşması işi fəallaşacaqdır.

Konfederasiyanın İcraiyyə Komitəsinin və üzv təşkilatlarının əsasən analitik materiallarından ibarət olan elektron məlumat bankının formalaşması üzrə iş aparılacaqdar. İnformasiya materiallarının poçt və elektron göndərişi əhəmiyyətli dərəcədə genişlənəcək, internetin informasiya və kommunikasiya imkanlarından tam yararlanacaq, həmkarlar ittifaqı KİV-lərinin redaksiyalarına maddi və texniki cəhətdən yardım ediləcəkdir.

Konfederasiyanın həmkarlar ittifaqı hərəkatı və sosial-iqtisadi problemlərin həlli üzrə fəaliyyəti və razılaşdırılmış mövqeyi barədə oxuculara düzgün informasiya çatdırılacaq, üzv təşkilatların həyatı daha dolğun və obyektiv işıqlandırılacaqdır.

Konfederasiya üzv təşkilatlarla birlikdə informasiya proqramlarını, nəşr layihələrini işləyib hazırlayacaq və həyata keçirəcəkdir. Konfederasiya və üzv təşkilatların rəhbərlərinin məqalələri müntəzəm olaraq həmkarlar ittifaqlarının nəşrlərində çap ediləcəkdir. “Ülfət” qəzetində qurultayda qəbul olunacaq qərarlar təbliğ ediləcək, həmkarlar ittifaqları hərəkatının inkişafı məsələləri işıqlandırılacaqdır.

***

AHİK-in V qurultayı əmin olduğunu bildirir ki, həmkarlar ittifaqlarının layiqli iş yerləri və sosial ədalət uğrunda mübarizəsi onların sıralarını daha da möhkəmləndirəcək, həmkarlar ittifaqı işinin forma və metodlarını zənginləşdirəcək, ölkədə sosial tərəqqi qeyri-bərabərliyin və yoxsulluğun aradan qaldırılması işinə öz töhfələrini verəcəkdir.

Qurultay AHİK-i və üzv təşkilatlarını qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün ictimai təşkilatlar və hərəkatlarla birgə fəaliyyət göstərməyə çağırır. Bu, sosial tərəqqiyə istiqamətlənmiş yeni inkişaf strategiyası uğrunda mübarizənin səmərəliliyini artıracaqdır.