2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib


Baxıldı : 27

Tarix : 2018-01-12 23:32:52


Prezident İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir:

“1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilsin”.

 

Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev

(yanvarın 08-də)

...Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanın etimadnaməsini qəbul edib.

...Nigeriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahimin etimadnaməsini qəbul edib.

...Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnaməsini qəbul edib.

...Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib.

(yanvarın 09-da)

...paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.

(yanvarın 10-da)

...Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasa rəhbərlik edib və nitq söyləyib.