2020-2022-ci illər üçün sahə (tarif) sazişlər və  kollektiv müqavilələr bağlanarkən həmkarlar  ittifaqlarının mövqeyini əks etdirən Tövsiyələr


Baxıldı : 347

Tarix : 2020-07-27 04:43:45


 

Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar nəticəsində sosialyönümlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının sürətlənməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin açılmasına, gəlirlərinin artırılmasına və  vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi siyasətdir və bu hədəflərin reallaşdırılması  Baş Sazişin prioritet məqsədlərini təşkil  edir.
Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə sazişlərin, kollektiv müqavilələrin  işlənilməsi və bağlanılması üçün əsas təşkil edir.
Bununla əlaqədar aşağıda qeyd edilən tədbirlərin kollektiv saziş və müqavilələrdə nəzərdə tutulması tövsiyə olunur.

I. Əməyin ödənilməsi sahəsində

Həm karlar ittifaqlarının təşəbbüsü və bilavasitə iştirakı ilə ölkə iqtisadiyyatının bütün sahələrində əməkhaqlarının artımı davam edir. 2019-cu ildə minimum əməkhaqqı, büdcə təşkilatlarında çalışanların, dövlət qulluqçularının maaşları ölkə başçısının qərarları əsasında artırılmışdır. Bunun nəticəsidir ki, cari ilin yanvarında respublikada orta aylıq əməkhaqqı 700 manatdan  çox olmuşdur.
Buna baxmayaraq, əməkhaqları ilə bağlı məsələlər üzv təşkilatların işində əsas yerlərdən birini tutmalıdır.
Həmkarlar ittifaqı təşkilatlarına tövsiyə olunur ki, əməyin ödənilməsi sahəsində öz səylərini aşağıdakı məsələlərə yönəltsinlər:
- işçilərin gəlirlər və ilk növbədə əməkhaqqı siyasətinin təkmilləşdirilməsinə, orta aylıq əməkhaqlarının artırılmasına nail olmaq;
-  əməyin ödənilməsi üzrə qanunvericiliyin təkmilləşdirilməsinə və onun qeyd-şərtsiz gözlənilməsinə yardım etmək. İşçilərin gəlirlərinin, o cümlədən əməkhaqqının indeksləşdirilməsi mexanizminin işlənilməsində fəal iştirak etmək;
-  əməkhaqqının  tarif hissəsinin rolunun bərpa olunması, onun xüsusi çəkisinin 65-75 faizə çatdırılması, əməkhaqqının artırılması üzrə danışıqlar aparılarkən süni mükafatlandırma sistemlərinin, tarif payının azaldılması hesabına təyin edilən əlavələrin aradan götürülməsi tələb olunmalıdır. Əmək normaları texniki  və sosial cəhətdən əsaslandırılmalıdır;
-  işçilərin və işəgötürənlərin mənafelərinin balansını təmin edən daha mütərəqqi əməkhaqqı sistemlərini hazırlayıb sahə (tarif) sazişlərrində tətbiq etmək;
-   əməkhaqlarının vaxtlı-vaxtında ödənilməsini təmin etmək üçün ciddi tədbirlər nəzərdə tutmaq, maaşlar gecikdirildiyi halda işəgötürənlərdən mövcud qanunvericiliyə uyğun olaraq, yubadılmış vaxta görə işçilərə kompensasiyaların verilməsini tələb etmək;
- məhsulun maya dəyərində (təşkilatın xərclər smetasında) əməkhaqqının xüsusi çəkisinin artırılmasına diqqət yetirmək.

II. Əhalinin məşğulluğunun təmin 
edilməsi sahəsində

Sahə (tarif) sazişlər və kollektiv müqavilələr bağlanarkən ilk növbədə mövcud iş yerlərinin saxlanmasını, işçilərin məşğulluğunu, onların peşə hazırlığını, ixtisasların artırılmasını, həmçinin gender bərabərliyini təmin edən tədbirlərin nəzərə alınması zəruridir.
Bununla yanaşı, kollektiv müqavilələr və sazişlər bağlanarkən həmkarlar ittifaqları aşağıda göstərilən öhdəliklərin də qəbul edilməsinə çalışmalıdırlar:
- gənclərin məşğulluğunun təmin edilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənc fəhlələrin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə, onların leqal şəkildə çalışmalarına istiqamətləndirilən tədbirləri dəstəkləmək;
- işdən azad olunan peşəkar işçilərin sahənin digər müəssisələrində işlə təmin olunmasına yardım göstərmək;
- qeyri-formal məşğulluğun real vəziyyətinin öyrənilməsinə, onu yaradan səbəblərin aradan qaldırılmasına, eyni zamanda yaratdığı risklərlə bağlı ictimaiyyətin məlumatlandırılmasına dair tədbirlər görmək;
- işçilərin əmək hüquqlarını təmin etmək məqsədilə, bir qayda olaraq, müddətli əmək müqavilələrinin bağlanmasına yol verməmək;
- işdən azad olunan işçilərin çalışdıqları müəssisə və təşkilatlarda mövcud sosial təminatların, o cümlədən tibbi, sağlamlaşdırıcı və məktəbəqədər uşaq obyektlərinin xidmətlərindən müəyyən müddət ərzində istifadə etmək hüquqlarının saxlanılması;
- işçilərin kütləvi şəkildə işdən azad edilməsi hallarında işdənçıxma müavinətinin məbləğinin artırılması, onun ödənilmə müddətinin uzadılması, kəskin ehtiyacı olanlara maddi yardımın verilməsi üçün əlavə sosial təminatların təyin edilməsi;
- işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin siyahısına pensiyaya çıxmasına bir il qalanları, uşaqları anadangəlmə və ya körpəlikdən əlil olan valideynləri, ali, orta təhsil məktəblərini bitirən əməkçiləri, habelə bu müəssisədə bir ildən az işləyən orta məktəb məzunlarını daxil etmək;
- işçilərin, o cümlədən işdən azad olunacaq əməkçilərin müəssisədaxili peşəkar hazırlığını və yenidən hazırlığını nəzərdə tutan tədbirlərin daxil edilməsi;
- ahıl insanların peşəkarlıq və təcrübə potensialından istifadə edilməsinə diqqətin artırılması.

III. İşçilərin əmək hüquqlarının 
mühafizəsinin gücləndirilməsi 
sahəsində

Təəssüflə qeyd edilməlidir ki, müəssisələrdə əmək münasibətləri sahəsində müxtəlif qanun pozuntuları davam etməkdədir.
Belə şəraitdə aşağıda göstərilən öhdəliklərin kollektiv müqavilələr və sazişlərə daxil edilməsi məqsədəuyğundur:
- işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildikdə, Əmək Məcəlləsinə uyğun olaraq, həmkarlar ittifaqının razılığının alınması;
-  işçilərə qanunvericilikdə nəzərdə tutulandan əlavə əmək və sosial-məişət güzəştlərinin, istehsalatda bədbəxt hadisələrlə əlaqədar onlara (onların ailə üzvlərinə) əlavə ödənişlərin verilməsi;
-  əmək mübahisələrinin yaranması və həll edilməsi zamanı işçilərə həmkarlar ittifaqı təşkilatı, habelə işəgötürən tərəfindən hüquqi yardımın göstərilməsi, fərdi əmək mübahisələrinin araşdırılması üçün müəssisə və təşkilatlarda həmkarlar ittifaqı təşkilatları yanında məhkəməyə  qədər orqanın yaradılması;
- müddətsiz bağlanmalı olan əmək müqavilələri müddətli (beş ilə qədər) bağlanmışsa, onların müddətsiz hesab edilməsi;
- sahə işçilərinin sosial-iqtisadi maraqlarına toxunan normativ aktların layihələrinə ikitərəfli komissiyaların iclaslarında mütləq əvvəlcədən baxılması, onların ekspertizasında həmkarlar ittifaqlarının iştirak etməsi.

IV. Gender bərabərliyi siyasətinin 
həyata keçirilməsi sahəsində

AHİK İK-in qərarı ilə təsdiq olunmuş “AHİK-in gender siyasəti konsepsiyası” kişi və qadınların cəmiyyətdə və onun institutlarında (ailədə, siyasi və ictimai qurumlarda, iqtisadiyyatda və s.) real sosial bərabərliyə nail olunması işində həmkarlar ittifaqlarının strategiyasını, rolunu və fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.
Həmkarlar ittifaqı orqanlarının bütün vəsilələrinə tövsiyə edilir ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə gender bərabərliyinə nail olunmasına dair işəgötürənlərlə razılaşdırılmış proqramların və sazişlərin hazırlanması prosesində bu konsepsiyadan istiqamətləndirici sənəd kimi istifadə olunsun. Həmçinin kişi və qadınlar üçün eyni əhəmiyyət kəsb edən məşğulluq, əməkhaqqı, gəlirlərin bölüşdürülməsi, əməyin mühafizəsi, qadınlara qanunla verilmiş hüquqların həyata keçirilməsi və d. istiqamətlər üzrə nəzarəti gücləndirsinlər.
Saziş və kollektiv müqavilələr bağlandıqda ora aşağıdakı bəndlərin daxil edilməsinə də səy göstərilsin:
a) iş yerlərində gender bərabərliyinin gözlənilməsinə, cinsindən asılı olmayaraq bütün işçilərə təhlükəsiz və sağlam iş şəraitinin və faydalı işləmələri üçün bərabər imkanların yaradılmasına:
- həmkarlar ittifaqı orqanlarında bütün səviyyələrdə gender bərabərliyi və qadın problemləri ilə məşğul olan komissiyaların yaradılması və ya bu məsələlərlə məşğul olan məsul şəxsin müəyyən edilməsi və onların davamlı fəaliyyət göstərməsi üçün şəraitin yaradılması;
- müəssisə və təşkilatlarda işçilərin (kişi və qadınların) rəhbər vəzifələrə irəli çəkilməsi prosesinin şəffaf keçməsinin təmin olunması;
- işçinin yaxın qohumu (valideyni, həyat yoldaşı, uşağı və d.) vəfat etdikdə onun, əməkhaqqı ödənilməklə, bir neçə gün (günlərin miqdarı dəqiq göstərilməli) işə çıxmamasına icazə verilməsi;
b) işçilərin (kişi və qadınların) mənzil problemlərinin həlli və sosial-mədəni obyektlərə olan tələbatlarının ödənilməsinə, o cümlədən:
- müəssisənin vəsaiti hesabına işçilər üçün mənzil tikintisinin aparılması və yaxud işçiyə mənzil almaq (ev tikdirmək) üçün ssuda verilməsinə (işçiyə ssuda verilməsi qaydası müdiriyyət və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə təsdiq olunur);
- müəssisə və təşkilatların balansında olan və işçilərə xidmət göstərən sosial-mədəni və idman obyektlərinin saxlanılması və fəaliyyət göstərməsi üçün vəsaitin ayrılmasına;
- mənzil tikintisi, ssuda verilməsi, sosial-mədəni obyektlərin saxlanması üçün ayrılan vəsaitin təyinatı üzrə istifadə olunması üzərində həmkarlar ittifaqı komitəsinin nəzarət etməsinə;
c) iş yerləri üzrə qadınlara bərabər hüquq və imkanlar prinsiplərinin həyata keçirilməsi və onların təminatlar sistemindən istifadə etməsinə şərait yaradılmasına:
- işləyən qadınlara ölkə qanunvericiliyi ilə doğuşa və uşağa qulluq etməyə görə nəzərdə tutulan imtiyazlardan əlavə güzəşt və imtiyazların verilməsinə (o cümlədən: uşağa görə birdəfəlik müavinət, südəmər uşağın qidalandırılması üçün tənəffüslər, doğuşdan sonrakı məzuniyyət bitdikdən sonra, ehtiyac olduqda, anaya müəyyən edilmiş günlər həcmində öz hesabına, müəssisənin maliyyə imkanı olduqda ödənişli əlavə məzuniyyət, hamilə qadınlar üçün onların işə gələndə və işdən çıxanda nəqliyyatda sıxıntıya düşməməsinə görə iş qrafikinin dəyişdirilməsi, ananın sağlamlığının qorunması üzrə digər tədbirlər);
- qadınların işdə vəzifələr üzrə irəliləməsi üçün şərait yaradılmasına;
ç) işləyən kişilərə təhlükəsiz və sağlam iş şəraiti ilə yanaşı, ailəsinə qayğı göstərməsi və uşaqların tərbiyəsi ilə məşğul olması üçün şərait yaradılmasına:
-   ailədə uşağın doğulduğu ilk günlərdə ataya, əməkhaqqı ödənilməklə, bir neçə gün (müddəti konkret göstərilməli) işə çıxmamağa icazə verilməsi;
- azyaşlı (15 yaşa çatmamış) uşaqları olan işləyən kişilərə növbəti məzuniyyətin ailənin tələbatı nəzərə alınmaqla verilməsi;
- 15 yaşadək əlil uşağı olan ailədə, ananın işləyib-işləməməsindən asılı olmayaraq, ataya yazılı ərizəsi əsasında ildə bir dəfə, müəyyən edilmiş müddətə (müddət konkret göstərilməli) ödənişsiz məzuniyyət verilməsinə dair bəndlərin daxil edilməsinə səy göstərilməsi.

V. Uşaq və gənclərin 
mənafelərinin müdafiəsi 
sahəsində

AHİK-in qərarları ilə təsdiq olunmuş “AHİK-in gənclər siyasəti konsepsiyası”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin əsas istiqamətləri”, “Azərbaycan həmkarlar ittifaqlarının uşaq əməyi məsələsinə dair siyasətinin və fəaliyyətli haqqında”, “Gənc həmkarlar ittifaqları lideri məktəbi-gənc işçilər üçün kompleks proqram haqqında”, “Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi keyfiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında” və digər sənədlər həmkarlar ittifaqlarının uşaq və gənclərlə iş üzrə vəzifələrini müəyyənləşdirir. Aşağıdakı bəndlərin saziş və müqavilələrə daxil edilməsinə səy göstərilməsi təklif edilir:
- həmkarlar ittifaqı təşkilatlarında gənclər strukturlarının yaradılması prosesi davam etdirilsin;
- həmkarlar ittifaqlarının gənclər təşkilatlarının dövlət və qeyri-dövlət, habelə beynəlxalq gənclər təşkilatları ilə işgüzar əlaqələr yarada bilməsi üçün münasib şərait yaradılsın;
- Əmək və Sosial Münasibətlər Akademiyasının kadrların ixtisasartırma və yenidən hazırlanma şöbəsində və Dövlət İdarəçilik Akademiyasında gənclər siyasətinə və problemlərinə dair təşkil edilən məşğələlərə, xüsusi qrafik üzrə, həmkarlar ittifaqlarının gənc işçilərinin göndərilməsi vacib hesab olunsun;
- qanunvericiliyin tələblərinin pozulmamasını təmin etmək üçün müəssisələrdə uşaq əməyinə uyğun işlərin və vəzifələrin siyahısı təsdiq olunsun;
- uşaq və yeniyetmələrin (15-18 yaşlarda) həyat və səhhətinə mənfi təsir göstərən, mənafelərini alçaldan sahələrdə işləmələrinə yol verilməsin;
- müəssisə və təşkilatlarda yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilməsin. Müəyyən edilmiş qaydada işə qəbul edilən uşaq, yeniyetmə və gənclər ölkə qanunvericiliyi ilə verilən hüquq və imtiyazlar, işlədikləri müəssisədə (təşkilatda) onlar üçün nəzərdə tutulan əlavə güzəştlər və s. barədə məlumatlarla geniş  təmin olunsunlar;
- həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsi məqsədilə müxtəlif sahələrdə çalışan gənclər arasında sənət təcrübəsi mübadiləsinin aparılması, yaradıcılıq potensiallarının inkişaf etdirilməsi və peşəkarlıq səviyyəsinin daha da artırılması, iqtisadiyyat, təhsil, mədəniyyət, sahibkarlıq, silahlı qüvvələr, mühafizə orqanlarında yüksək nəticələr qazanmış gənclərə müəssisə rəhbərliyi, həmkarlar ittifaqı təşkilatı tərəfindən diqqətin artırılması davam etdirilsin;
- işçilərin uşaqlarının məktəb tətilləri zamanı sağlamlıq düşərgələrində istirahətinin təşkil edilməsinə tələb olunan məbləğdə (məbləğ konkret göstərilir) vəsait ayrılsın;
- müəssisə və təşkilatların balansında olan mədəniyyət, idman, istirahət və turizm obyektlərində uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün şərait yaradılsın;
- işçilərin uşaqları və işləyən gənclər sırasından incəsənət, rəsm və s. sahələrdə istedada malik olanların aşkara çıxarılması və onların həvəsləndirilməsi üçün müəyyən imtiyazların (mükafatların) təşkil edilməsi;
- uşaqlar üçün müəssisələrdə qanunla nəzərdə tutulan təhlükəsiz iş şəraitinin təmin olunması, onların təhsil almalarına imkan yaradılması və d. məsələlər nəzarətdə saxlanılsın;
- mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlarda sosial partnyorların səlahiyyətli nümayəndələrindən təşkil olunmuş işçi komissiyalar vasitəsilə uşaq əməyinin tətbiqinə dair monitorinqlər keçirilsin və işəgötürənlər buna maneəsiz şərait yaratsınlar;
- “ Bədən tərbiyəsi və idman haqqında” qanuna əsasən, həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələri icra etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilsin.

VI. Həmkarlar ittifaqlarının 
mədəniyyət siyasəti sahəsində

AHİK-in qərarları ilə təsdiq olunmuş “Azərbaycan həmkarlar ittifaqlarının mədəniyyət siyasəti haqqında” (AHİK İK-in 28 fevral 2006-cı il tarixli, 2 b. 15№-li qərarı) və “C.Naxçıvanski adına Hərbi Liseyə həmkarlar ittifaqlarının mədəni-maarif hamiliyi haqqında” (30.03.2000, pr № 18b.5) sənədlər işçilərin və onların ailə üzvlərinin mədəniyyət sahəsində hüquq və mənafelərinin müdafiəsinə, təhsilə, tərbiyəyə, elmi nailiyyətlərə, insani inkişafını təmin edən yeni texnologiyaların tətbiqinə və s. məsələlərə həmkarlar ittifaqlarının xüsusi diqqətini müəyyənləşdirir.
Həmkarlar ittifaqı orqanlarının işəgötürənlərlə apardıqları danışıqlar və müqavilələr bağlaması prosesində bu və d. proqram sənədlərindən istifadə edilməli, müəssisə və təşkilatlarda mövcud olan mədəniyyət ocaqlarının və idman qurğularının saxlanması, onların fəaliyyətinin davam etdirilməsinə şərait yaradılması və bu məqsədlər üçün maliyyə vəsaitlərinin ayrılması məsələləri müqavilələrdə öz əksini tapmalıdır.

VII. Əməkçi miqrantların 
sosial-iqtisadi problemlərinin 
həlli sahəsində

- AHİK Məclisinin “Əməkçi miqrantların sosial-iqtisadi problemlərinin  həllində həmkarlar ittifaqı təşkilatlarının vəzifələri haqqında” AHİK-in 30 dekabr 2010-cu il tarixli, AHİK İK-nin 11 iyul 2011-ci il tarixli, №12 b.9  qərarı ilə təsdiq olunmuş “Əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həlli üçün həmkarlar ittifaqı təşkilatlarının Fəaliyyət Proqramı və “Əmək miqrantları ilə iş üzrə AHİK-in işçi qrupu” 02 mart 2018-ci il tarixli №1b.5 qərarları ilə təsdiq olunmuş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulsun, görülən işlər və təcrübədən istifadə olunsun. Əsas məqsəd ölkəyə gələn əməkçi miqrantları adaptasiya olunması üçün hüquq və imkanlar bərabərliyi haqqında məlumatlandırmaq, izahat və dəstək vermək, onların ölkədə yaşayışı, iş axtarışı, əmək bazarına çıxışı, əmək və sosial hüquqlarının həyata keçirilməsi, ixtisasartırma, təhsil, tibbi xidmətə və sairəyə görə dövlət qurumları və hüquq-mühafizə orqanları ilə əlaqələrinin yaradılması üçün təşkilatlanmasına və həmkarlar ittifaqlarında və ictimai birliklərdə iştirak etmələrinə yardımçı olmaqdır.
- “Əmək miqrantları ilə iş üzrə AHİK-in işçi qrupu” (AHİK İK-in 02.03.2018-ci il pr. №1b.5 qərarı) ilə sıx əlaqə saxlayaraq “Fəaliyyət Proqramı” çərçivəsində görülən işlər barədə məlumat və təcrübədən istifadə olunsun.

VIII. İşçilərin sağamlığının 
mühafizəsi və sosial təminat 
sahəsində

Sağlamlığın mühafizəsi, tibbi xidmət və sağlamlaşdırma sahəsində həmkarlar ittifaqları aşağıda sadalanan öhdəliklərin sazişlərə, kollektiv müqavilələrə salınması praktikasını davam etdirməlidir:
- müəssisə və təşkilatlarda işçilərin sağlamlığının mühafizəsi və onlara göstərilən tibbi xidmət sahəsində Azərbaycan Respublikasının “Tibbi sığorta haqqında” Qanununa əsaslanaraq onun yerlərdə tətbiqinə nail olunması;
- əhaliyə tibbi xidmətlərin keyfiyyətli və pulsuz göstərilməsi;
- müəssisə və təşkilatların nəzdində  işçilərə ilkin tibbi yardım göstərmək üçün tibb məntəqələrinin, tibbi sanitar hissələrin bərpası, sanatoriyaların, istirahət bazalarının, uşaq düşərgələrinin, sağlamlıq mərkəzlərinin, idman müəssisələrinin inkişaf etdirilməsi;
- dövlət qayğısı tələb olunan xəstəliklərin (hemofiliya və talassemiya irsi qan xəstəlikləri, şəkərli diabet və s.), onlardan əziyyət  çəkən xəstələrin sağlamlaşdırılması məqsədilə  sanator-kurort müalicələrinin təşkili;
- zərərli və təhlükəli əmək şəraiti (iş yerləri) olan müəssisələrdə tibbi sanitar hissələrin yaradılmasına nail olmaq;
- güzəştli şərtlərlə  protez-ortopedik məmulatlar, eşitmə aparatları, hərəkətetmə və digər reabilitasiya vasitələri ilə tam təmin olunmasına köməklik göstərmək;
- təcili və yüksək maliyyə vəsaiti tələb olunan müalicəyə (o cümlədən xaricdə) ehtiyacı olan işçilərə maddi köməklik etmək;
- körpə uşaqlar üçün süd mətbəxlərinin bərpasını dövlət səviyyəsində təmin edilməsinə təşəbbüs göstərmək;
- məktəblərin ibtidai şagirdlərinə hər gün pulsuz isti yeməklərin verilməsini nəzərdə tutmaq.

IX. Sosial sığorta və pensiya 
təminatı sahəsində

Bu bölmə formalaşarkən aşağıdakılar həmkarlar ittifaqları üçün önəmlidir:
- işçilərin pensiyalarının yığım hissəsinin formalaşdırılması və tətbiqi zamanı   müdiriyyətin payçı kimi iştirakının təmin olunmasını nəzərdə tutmaq;
- bütün işçilərin icbari sosial müdafiəsinin, sosial sığortalanmasının təmin edilməsinə, əlavə sosial sığortanın inkişaf etdirilməsinə yardım etmək;
- pensiya fonduna dövlət sosial sığortası üzrə ödəmələrin   gecikdirilməsinə yol verməmək;
- yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə) çalışan işçilərin tutduğu peşə və vəzifələrini Azərbaycan Respublikasının  Nazirlər Kabineti 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısında nəzərdə tutulan peşə və vəzifələrinə uyğunlaşdırmaq;
-  şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair sənədlərin toplanması və yaşa görə  pensiyaya təqdim olunmasında işçilərə köməklik göstərmək;
- dövlət sosial sığorta sistemində bütün işləyənləri fərdi uçota cəlb edərək şəhadətnamə ilə təmin  etmək;
- uşaqların, çoxuşaqlı və aztəminatlı ailələrin, veteranların və əlillərin sosial  müdafiəsini təmin etmək;
- yaşa görə pensiyaya çıxan şəxslərə birdəfəlik mükafat vermək, sahə veteranlarına hər il birdəfəlik maddi köməklik etmək, əmək əlillərinə əlavə güzəştlər  və kompensasiyalar təyin etmək;
- hamiləlik və doğuşa görə  məzuniyyət dövrünü   artırmaq, 3 yaşadək  uşağa qulluğa görə müavinətin artırılması üçün öhdəlik götürmək;
- 6 ay tam sığorta stajı olmayan işçilərə əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləlik və doğuşa görə müavinəti müəssisə hesabına ödəmək;
-müəssisə və təşkilatlarda çalışan işçilərin ailə üzvləri, həmçinin əmək veteranları vəfat etdikdə əlavə sosial yardımlarla təmin etmək;
- əmək veteranlarının, təqaüdçülərin sosial rifahının gücləndirilməsi  üçün  əlavə zəmanətlər  vermək;
- veteran pensiyaçıların sosial mühafizəsi üzrə əlavə gəlir əldə etmək məqsədilə sahələrarası fondların yaradılması imkanlarını araşdırmaq;
- əmək veteranlarının güzəştlərinin MDB ölkələri üzrə sahələrarası zəmanətlərinə bərabərləşdirilməsinə və ya yaxınlaşdırılmasına nail olmaq;
- işçilərin sayının və ştatların ixtisar olunması ilə əlaqədar pensiya yaşına iki - üç il qalmış əmək müqaviləsinə (kontraktına) xitam verilməsinə qadağa qoymaq;
- uşaq ölü doğulduqda işləyən anaya birdəfəlik maddi köməklik göstərmək.

X. Əməyin mühafizəsinin 
və ekoloji təhlükəsizliyn 
təminatı sahəsində

1. Sahə (tarif) kollektiv sazişinə əməyin mühafizəsi üzrə sahə qaydalarının, normalarının, standartlarının və digər normativ sənədlərin işlənib hazırlanması:
- sahələrarası əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydaları;
- işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi qaydaları;
- sahələrarası müəssisələrin sanitariya normaları;
- əməyin mühafizəsinin vahid idarəetmə sistemi;
- elektrik qurğularının istismarı zamanı təhlükəsizlik texnikası qaydaları;
- istehsalatda işçilərə xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin pulsuz verilməsi normaları və təmin edilmə qaydaları haqqında təlimat;
- elektrik qurğularında tətbiq olunan mühafizə vasitələrinin istifadəsi və sınaq qaydaları;
- əmək şəraitininin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramlar;
- əməyin təhlükəsizliyi standartları sistemi, qaydaları,  təlimatları və normativ-hüquqi aktları;
- əmək şəraitinin vəziyyətinə müəssisə nəzarəti haqqında əsasnamə;
- əməyin şəraiti və təhlükəsizliyi üzrə yeni və yenidən qurulmuş obyektlərin, müəssisələrin və istehsalat vasitələrinin sertifikasiyası üzrə işlərin təşkili;
- müəssisələrdə  təhlükəsiz və sağlam əmək şəraitinin təmini üzrə müəssisə rəhbərləri və mütəxəssislərin vəzifələri .
2. Sahələrarası əməyin təhlükəsizliyi normaları və standartları üzrə milli informasiya sistemini yaratmaq;
3.  İşçilərin təhlükəsiz iş şəraitini təmin etmək məqsədilə nazirlik, komitə və digər icra strukturlarında təkmilləşdirmə aparmaqla, əməyin mühafizəsi xidmətinin yaradılmasını təmin etmək.
4. Sahə kollektiv müqavilələrinə:
- müəssisə və təşkilatlarda mövcud olan bütün iş yerlərinin əmək şəraiti üzrə attestasiyasının keçirilməsi;
- iş yerlərində təbii və süni işıqlanmanın, səs və titrəyişin, havanın, toz və qazların sanitar-gigiyenik normalara uyğunlaşdırılması;
- yanğın və partlayış təhlükəsi olan sahələrdə mühafizə avadanlıqlarının qurulması;
- avtomatik nəzarət və tənzimləyici cihazların, qoruyucu qurğuların, müşahidə xəbərvermə və digər  vasitələrin texniki təhlükəsizliyin tələblərinə uyğunlaşdırılması;
- əməyin mühafizəsi üzrə normativ-texniki sənədlərin, plakatların, təhlükəsizlik nişanlarının  əldə edilməsi;
- istehsalat binalarının, tikintilərinin  qüvvədə olan normativ sənədlərdə göstərilən tələblərə uyğun vəziyyətə gətirilməsi;
- istehsalat sahələrində sanitar-məişət otaqlarının (paltarasan şkafların, duşxanaların, istirahət otaqlarının) TNQII- 92-76-ın tələblərinə uyğun vəziyyətə gətirilməsi;
- sahə standartlarına uyğun əməyin mühafizəsi üzrə işçilərin  hazırlanması və peşə dərəcələrinin artırılması üçün planın işlənib hazırlanması;
- müəssisələrdə və təşkilatlarda işçilərin istirahətini təmin etmək üçün istirahət zonalarının təşkili;
- texniki təhlükəsizlik  qaydalarının tələblərinə uyğun olaraq elektrik avadanlıqlarının işçilərini elektrik cərəyanının təsirinə məruz qalmaqdan mühafizə etmək üçün  texniki qurğuların tətbiqi;
- istehsalat avadanlıqları və kommunikasiyaların üzərində tanınma təhlükəsizlik işarələrinin qoyulması;
- qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və kompensasiyalardan əlavə, müəssisə və təşkilatların imkanları daxilində işçilərə əlavə güzəşt və kompensasiyaların verilməsi;
- işçilərin peşələri üzrə təsdiq edilmiş norma daxilində vaxtından əvvəl, istismar müddəti bitməmiş yararsız hala düşmüş, pulsuz xüsusi iş paltarı, xüsusi iş ayaqqabısı və fərdi mühafizə vasitələrinin  əvəz edilməsi;
- həmkarlar ittifaqı təşkilatlarının iştirakı ilə ildə iki dəfədən az olmayaraq əməyin mühafizəsi gününün keçirilməsi;
- həmkarlar ittifaqı təşkilatlarının əməyin mühafizəsi üzrə yeni seçilmiş ictimai müvəkkilinin müəssisənin əmri ilə elan edilməsi;
- Əmək Məcəlləsində 236-cı maddənin 3-cü bəndinə müvafiq olaraq müəssisələrdə əməyin mühafizəsi üzrə ictimai müvəkkilin öz vəzifələrini yerinə yetirməsi üçün hər həftə orta əməkhaqqı ödənilməklə iş vaxtının iki saatını dörd saatla əvəz etmək;
- uzaq iş yerlərinə baş çəkmək üçün həmkarlar ittifaqı təşkilatının əməyin mühafizəsi üzrə komissiyasına və ictimai müvəkkilinə nəqliyyat vasitəsi verilməsi, əməyin mühafizəsi məsələlərinə riayət olunmasına görə onların dərəcəsinin artırılması, fəal  komissiya üzvlərinin maddi və mənəvi cəhətdən mükafatlandırılması;
- yeni istehsal obyektlərinin və istehsal vasitələrinin istismara qəbulu üzrə komissiyasının tərkibinə həmkarlar ittifaqı təşkilatının nümayəndəsinin daxil edilməsi;
- işçilərin müraciətinə əsasən - həmkarlar ittifaqı orqanlarının tələbi ilə zərərli maddələr üzrə  ölçülər aparıb  nəticələrini həmkarlar ittifaqı təşkilatlarına təqdim etmək;
- təyin olunmuş normadan artıq işçilərə ikinci dəst xüsusi geyimlərin verilməsini (onların təmiri, dezinfeksiyası, yuyulması, tozunun alınması) təmin etmək;
- iş yerlərində əməyin mühafizəsinə və əmək şəraitinə (o cümlədən əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri), sağlamlığa təsir edən risklərin olması tələb olunan kompensasiyalar və fərdi mühafizə vasitələri barədə işçilərin məlumatlandırılması;
- müəssisələrdə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş, xəsarət almış işçilər üçün xüsusi iş yerləri yaratmaq;
- əmək şəraiti sanitar-gigiyenik normalara cavab verməyən iş yerlərinin sayını azaltmaqla işçilərin sağlamlığına və həyatına təhlükə törədən ətraf mühitin çirkləndirilməsinə səbəb olan mənəvi, fiziki köhnəlmiş dəzgahların istismardan çıxarılması üçün tədbir görülməsi;
- işçilərin ekoloji təhsil və maarifləndirilməsi  kurslarının təşkili, onların metodiki və təbliğat materialları ilə təmin edilməsi;
-  işçilər və əhali arasında ətraf mühitin sağlamlaşdırılması və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində izahedici işlərin aparılması;
- ətraf mühitə, ekoloji təhlükəsizliyə dair siyasətin formalaşması və həyata keçirilməsində hökumət və həmkarlar ittifaqı orqanları arasında əlaqə yaratmaq;
- ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasını təmin edən müasir üsullardan və texnologiyalardan istifadə etmək;
- işçilərin əmək qanunvericiliyi və əməyin mühafizəsinin norma və qaydaları barədə məlumatlandırılması, xüsusilə gənc nəslin bu sahədə marifləndirilməsi məqsədilə respublikanın  müxtəlif bölgələrində regional xarakterli seminarlar keçirmək.
Bu tövsiyələr müəssisə və təşkilatlarda əməyin mühafizəsi ilə əlaqədar sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması üzrə tədbirlər planına daxil edilməlidir. Bundan əlavə, kollektiv müqavilələrə aşağıdakı normativ sənədlər əlavə olunmalıdır:
- işəgötürənlə işçilər arasında əməyin mühafizəsi üzrə öhdəliklər və tədbirlərin maliyyə smetası;
- işçilərə pulsuz xüsusi iş paltarı, xüsusi iş ayaqqabısı və fərdi mühafizə vasitələrinin verilməsi normasının siyahısı;
- ağır və zərərli əmək şəraitinə görə əlavə məzuniyyət müəyyən edilmiş peşə  və vəzifələrin siyahısı.
- əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitində işçilərə qısaldılmış iş vaxtı müəyyən edən istehsalatların, peşə  və vəzifələrin siyahısı;
- qadın əməyinin tətbiqi qadağan olunan, peşə şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı;
- müalicəvi, profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullarla təmin olunan, zərərli və ağır əmək şəraitində çalışan işçilərin siyahısı;
- əməyin təhlükəsizliyi üzrə müəssisə standartlarının siyahısı;
- texniki təhlükəsizlik üzrə sınağa aid olan işçilərin peşələri və vəzifələri üzrə siyahısı;
- müəssisə və təşkilatlarda qüvvədə olan texnoloji sənədlərdə və tarif-ixtisas sorğu kitabçalarında tələb olunan peşə  və işlərin əməyin mühafizəsi üzrə təlimatlarının siyahısı;
- həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta edilməli olan peşə və vəzifələrin siyahısı;
- mühafizə vasitələrinin elektrik sınaqlarının norma və müddətlərinin siyahısı;
- ilkin və dövri mütləq tibbi müayinələrin, pəhriz yeməkləri ilə təmin olunan işçilərin siyahısı.
- təhlükəli və zərərli işlərdə çalışan və peşə xəstəliyinə tutula bilən peşələrin siyahısı;
- yüksək təhlükəli və zərərli iş şəraitində işləyənlərin siyahısı.

XI. Həmkarlar ittifaqlarının 
hüquqlarından istifadə edilməsi, 
onların fəaliyyətinə dair 
təminatlar sisteminin 
genişləndirilməsi sahəsində

Həmkarlar ittifaqları işçilərin hüquq və mənafelərinin müdafiəsində öz rolunu artırmaq məqsədilə aşağıdakı konkret tədbirlərin həyata keçirilməsinə çalışmalıdır:
- sahə (tarif), ərazi (rayon) kollektiv sazişlərin və kollektiv müqavilələrin bağlanması və həyata keçirilməsi;
- dövlət əmlakının özəlləşdirilməsi zamanı əmək kollektivlərinin maraqlarını təmin etmək məqsədilə özəlləşdirmə komissiyalarının tərkibinə həmkarlar ittifaqlarının nümayəndələrinin daxil edilməsi;
- həmkarlar ittifaqı orqanlarının ictimai əsaslarla rəhbəri seçilmiş işçilərin işdən  çıxarılmasının həmkarlar ittifaqlarının yuxarı təşkilatı ilə razılaşdırılması;
- yuxarı həmkarlar ittifaqlarının məclis, qurultay, komissiya və digər seçkili orqanlarının işində iştirak edən həmkarlar ittifaqları üzvlərinin orta əməkhaqlarının saxlanması;
- seçkili orqanlara seçilməsi ilə əlaqədar vəzifələrinin icrası üçün komitə sədrlərinə və üzvlərinə müəyyən iş vaxtının ayrılması;
- zəruri avadanlığın, otaqların, rabitə və nəqliyyat vasitələrinin, habelə işçilərin və onların ailə üzvlərinin asudə vaxtlarının və istirahətinin təşkili üçün müvafiq obyektlərin və qurğuların həmkarlar ittifaqı orqanlarının istifadəsinə əvəzsiz (pulsuz)  verilməsinin təmin edilməsi;
- kollektiv sazişlərdə və müqavilələrdə sosial, iqtisadi və mədəni tədbirlərin həyata keçirilməsi üçün  nəzərdə tutulan maddi vəsaitin müvafiq həmkarlar ittifaqının bank   hesabına ödənilməsinin təmin edilməsi.