22 aprel 1956-cı ildə anadan olmuşam


Baxıldı : 258

Tarix : 2019-06-24 06:28:47


22 aprel 1956-cı ildə anadan olmuşam. 1978-ci ildən əmək fəaliyyətinə başlamışam və hazırda işləyirəm.

40 ildən artıq əmək stajım var, pensiya kapitalı toplamışam. Belə bir halda əmək pensiyasına çıxa bilərəmmi?

 

Qurban ƏLİYEV, Zaqatala rayonu.

- Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində müəyyən edilmişdir. Maddəyə əsasən, 63 yaşına çatmış kişilərin (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır) və 60 yaşına çatmış qadınların (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Sualınızda qeyd edirsiniz ki, stajınız və pensiya kapitalınız əmək pensiyası almağa təminat verir. Lakin bu zaman yaş həddini də unutmayın. 01.07.2018 - 30.06.2019-cu il tarixləri arasında kişilərin yaşa görə əmək pensiyası üçün yaş həddi 64 yaş müəyyən edilmişdir.

22 aprel 1956-cı ildə doğulmusunuzsa, Sizin yaşa görə əmək pensiyası hüququnuz 65 yaşınızda yaranacaqdır. 65 yaşınız isə 2021-ci il aprel ayının 22-də tamam olacaq. Qanunun qeyd etdiyimiz maddəsinə əsasən, Siz yaşa görə əmək pensiyası hüququnu ancaq bu tarixdə 65 yaşınızın tamamında qazanacaqsınız. Sığorta stajınız və pensiya kapitalınız olsa da, yaşınız tamam olmadığı üçün bu halda yaşa görə əmək pensiyasına çıxa bilməzsiniz.

 

İşlədiyim müəssisənin mənə müəyyən məbləğdə borcu var, lakin müəssisə ləğv olunur. Deyirlər ki, mən bu borcu ləğvetmə komissiyasından tələb edə bilərəm. Bu, düzgündürmü?

 

Əlizamin MƏCİDLİ, Bakı şəhəri.

- Qanunvericiliyə görə, kreditorlar ləğvetmə balansı təsdiq edilənə qədər öz tələblərini irəli sürə bilərlər.

Mülki Məcəllənin 61.4. maddəsinə əsasən, ləğvetmə komissiyası hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda, həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Ona görə Siz öz hüquqlarınızı müdafiə etmək üçün məhkəməyə müraciət edə bilərsiniz. Onu da qeyd etmək lazımdır ki, tələbinizlə bağlı məhkəmə qərar qəbul edənədək tələbin təmin edilməsi üçün zəruri olan vəsaiti ləğvetmə komissiyası saxlamalıdır.

 

İşəgötürən qızımın 17 yaşı olması səbəbindən onunla əmək müqaviləsi bağlamaq üçün atasının və ya anasının razılığını tələb edir. Həm də deyir ki, əgər əmək müqaviləsi bağlanarsa, qızım tam fəaliyyət qabiliyyətli hesab olunacaq? Bu hansı qanunla müəyyən olunur?

 

Əminə HƏSƏNOVA, Xırdalan şəhəri.

 

- Əmək Məcəlləsi ilə yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin öz xüsusiyyətləri müəyyən edilib. Milli qanunvericiliklə əmək müqaviləsi bağlamaq üçün minimum yaş həddi 15 yaş müəyyən edilsə də, 15 yaşından 18 yaşınadək olan şəxslər müstəqil əmək müqaviləsi bağlaya bilməzlər. Belə ki, bu şəxslərlə əmək müqaviləsi bağlanarkən mütləq valideynlərdən, övladlığa götürənlərdən, qəyyumlarından birinin, yaxud da qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır (ƏM. Maddə 46). Əmək qanunvericiliyinin tələblərinə əsasən, qeyd etdiyiniz halda işəgötürənin bu hərəkəti düzgündür.

Mülki qanunvericiliyə əsasən, 16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi ilə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin, yaxud himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlğa götürənin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır, yəni emansipasiya olunur.

 

Yaşı 18-dən az olan işçi ilə əmək müqaviləsinə peşəkarlıq səviyyəsinin aşağı olması səbəbindən xitam verilə bilərmi?

 

Ruslan MƏMMƏDLİ, Sumqayıt şəhəri.

 

- Əmək Məcəlləsi ilə yaşı 18-dən az olan işçilərlə həm əmək müqaviləsi bağlanarkən, həm də onun ləğv edilməsi ilə bağlı müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, bu şəxslərin azyaşlı olduğuna, əmək vərdişlərinin, peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtinaya yol verilmədiyi kimi, eyni zamanda Məcəllənin 255-ci maddəsinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə 70-ci maddənin “c” bəndinə əsasən, yaşı 18-dən az olan işçinin əmək müqaviləsinin ləğv edilməsinə də qadağa qoyulmuşdır. Qeyd etmək lazımdır ki, 20 yaşadək gənclər dövlət tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar sırasına salınmış, bu məsələ öz təsbitini “Məşğulluq haqqında” qanunda, “Əmək münasibətləri üzrə təsnifat”da və “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nda da tapmışdır.