31 mart soyqırımı: insanlıq əleyhinə yönəldilmiş qəddar cinayət


Baxıldı : 505

Tarix : 2018-03-31 00:09:18


Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişini obyektiv şəkildə öyrənmək, həqiqətləri, təhrif olunmuş hadisələri üzə çıxarmaq üçün əlverişli şərait yarandı. Azərbaycanlılara qarşı dəfələrlə törədilmiş terror, soyqırımı və deportasiyaların tarixinə dair faktlar xalqımıza çatdırıldı.

1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinə əsasən, Azərbaycan torpaqları parçalandı, ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Güney Qafqazda Rusiyanın köməyi ilə ermənilər özlərinə yer elədikcə əl-qol açmağa, dünən qabaqlarında müti qul kimi dayandıqları qonşularına qarşı ərazi iddialarına başladılar. Onlar Türkiyənin Şərq əyalətlərində və Güney Qafqazda azərbaycanlıların yaşadığı torpaqlarda özlərinin sərsəm “Böyük Ermənistan” yaratmaq xülyalarını reallığa çevirmək yoluna qədəm qoydular. Bu məqsədlə1905-1907-ci illərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirildi.

1905-ci il fevralın 6-da Bakının mərkəzində bir nəfər azərbaycanlının ermənilər tərəfindən öldürülməsi ilə kütləvi qırğının başlanğıcı qoyuldu. Qırğın qısa müddətdə İrəvanı, Naxçıvanı, Şuşanı, Cəbrayılı, Qaryagini və digər bölgələri əhatə etdi.

1917-ci il Rusiyada oktyabr çevrilişindən sonra Qafqaz cəbhəsində Rusiya tərəfindən Türkiyə ilə müharibədə iştirak edən ermənilər öz silah və sursatları ilə Güney Qafqaza qayıtdılar. Onlar həm də Qafqaz cəbhəsində türklərlə müharibədə iştirak edən rus zabit və əsgərlərindən də çoxlu silah əldə etmişdilər. Nəticədə əllərində çoxlu silah-sursat toplamış ermənilər dünyanın qarışıq vaxtından istifadə edərək azərbaycanlıların yaşadığı torpaqları ələ keçirmək fikrinə düşdülər. Erməni daşnakları 1918-ci ilin martına qədər İrəvan qəzasında azərbaycanlılar yaşayan 199 kənddə əhalini kütləvi surətdə qırmış və qovmuşlar. İrəvan qəzasının 4 yaşayış məntəqəsində (Sürməli, İrəvan, Üçkilsə, Yenibəyazid) məhv edilən və qovulan azərbaycanlıların sayı 135 min nəfər idi. Azərbaycan Cümhuriyyəti Sovet Rusiyasının XI ordusu tərəfindən işğal olunana qədər əvvəlcə İrəvan quberniyasında, sonra isə millətçi daşnak ideologiyasına xidmət edən Ararat Respublikasında ermənilər bu ərazilərdə yaşayan türk-müsəlman əhalisini həmin ərazilərdən təmizləmək üçün zaman-zaman soyqırımı və deportasiyalar həyata keçirmişlər.

Azərbaycanlılara qarşı növbəti məqsədyönlü soyqırımı 1918-ci il martın 30-31-də  və aprelin 1-də Bakıda törədildi. Döyüşlərin ən qanlı nöqtəsi Qoşa Qala qapısı və İsmailliyə binaları ətrafı oldu. Ermənilər Bakının cənub kəndlərinə də hücum etdilər, lakin onlar geri oturdularaq Mərdəkan, Bülbülə, Binə və Qala kəndlərinə buraxılmadılar. 30 mindən çox əhali öldürüldü.

Azərbaycanlıların kütləvi şəkildə öldürülməsi ətraf bölgələrdə də baş vermişdi. Ermənilər Quba qəzasında 122 müsəlman kəndini dağıtmış və yandırmışdılar. Qubaya gələnə qədər ermənilər Şamaxını dağıtmış, Lənkəran, Salyan, Kürdəmir əhalisinə divan tutmuşdular. Şamaxı qəzasında ermənilər 58 kəndi dağıtmış, 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon rubl olmuşdur.

Naxçıvan bölgəsi qırğınların ən dəhşətli hadisələrinin şahidi oldu. Qarabağda 157 müsəlman kəndi erməni vəhşiliyindən ziyan çəkmişdi. Ermənilərin azərbaycanlı əhaliyə qarşı soyqırımı Cənubi Azərbaycan ərazisində, Türkiyənin ayrı-ayrı vilayətlərində də davam etdirilmişdi. Ermənilər Urmiya, Səlmas və Köhnəşəhərdə 130 mindən artıq yerli müsəlman əhalini faciəli şəkildə qırıb tökmüşdülər.

Urmiyada qırılanların əksəriyyətini günahsız arvad-uşaq, hətta südəmər körpələr təşkil edirdi. Qars vilayətində də müsəlman kəndləri dağıdılmışdı. Tam olmayan məlumata görə, Qars vilayətində 82 müsəlman kəndi məhv edilmişdi. Azərbaycanlılara qarşı soyqırımı siyasəti XX əsrin sonunda yenidən alovlandı.

1988-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiası ilə ermənilərin xalqımıza qarşı başladığı təcavüz nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal olunmuş, bir milyona yaxın soydaşımız qaçqın və köçkün ömrü yaşamağa məcbur edilmişdir.

Vəkil HƏSƏNOV,

tarix elmləri doktoru