37 ildir ibtidai sinif müəllimi işləyirəm


Baxıldı : 202

Tarix : 2018-02-24 01:10:41


37 ildir ibtidai sinif müəllimi işləyirəm. 2017-ci ildə ümumtəhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak etmişəm. Ümumilikdə 29 suala düzgün cavab verməklə, ixtisasdan 18 bal toplamışam. Bunun nəticəsi olaraq dərslərim 14 saatdan 8 saata endirilib və sinfim əlimdən alınaraq sinif rəhbərliyimə son verilib. Mənə başqa siniflərdə əlavə dərslər verilib. Bu, valideynlərin də, kəskin narazılığına səbəb olub. Bilmək istərdim, bu nə dərəcədə doğrudur, diaqnostik qiymətləndirmənin şərtlərinə görə dərs bölgüsü necə aparılmalıdır, sinif rəhbərliyi əlimdən alınmalıdırmı?

Minayə MƏHƏRRƏMOVA,

Tovuz rayonu.

- Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmiş, bu hədəfə nail olmaq üçün nəticə əsaslı əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması nəzərdə tutulmuşdur.

Təhsil Nazirliyinin 07.10.2015-ci il tarixli 994 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nda, 15.05.2017-ci il tarixli 54 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda və Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin nümunəvi Əsasnaməsində təhsil müəssisələrinin rəhbərlərinə müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələrinin nəzərə alınması tapşırılmışdır.

Məktəbin direktoru da dərs yükünün bölüşdürülməsi zamanı qeyd olunanları əsas götürmüş və Sizin 14 saat dərsinizi daha yuxarı nəticə əldə edən başqa müəllimə vermiş, dərs yükünüzü azaltmışdır. Əmr verilərkən məktəb direktoru Təhsil Nazirliyinin 06.09.2017-ci il tarixli 02-05-2589/15 №-li təlimati məktubuna əsaslanmışdır.

Lakin diaqnostik qiymətləndirmə zamanı aşağı nəticə əldə etmiş müəllimdən sinif rəhbərliyinin alınaraq daha yüksək nəticə göstərmiş müəllimə verilməsi məsələsi nə qeyd olunan sənədlərdə, nə də məktəb direktorunun əmr verərkən əsaslandığı təlimati məktubda göstərilməmişdir.

Təhsil nazirinin 05 mart 2009-cu il tarixli 270 №-li əmri ilə “Sinif rəhbəri haqqında əsasnamə” təsdiq edilmişdir. Həmin əsasnaməyə görə, sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilir və vəzifədən azad edilir. Sinif rəhbərinin fəaliyyəti bir çox zəmin üzərində, o cümlədən, sinif kollektivində vəziyyət, şagirdlərin tərbiyəlilik səviyyəsi, onların sosial vəziyyəti, ailə şəraitləri əsasında qurulur.

Əsasnaməyə əsasən, sinif rəhbərinin fəaliyyət sahəsi tərbiyə işi, təhsil müəssisələrində, eləcə də, şəhər, rayon çərçivəsində təcrübə mübadiləsi üzrə tədbirlərdə iştirak etmək və sinifdə şagirdlərlə, tədris prosesinin digər iştirakçıları ilə qarşılıqlı fəaliyyətdə olan pedaqoji işçilərlə birgə fəaliyyət göstərməkdir.

Yuxarıda qeyd etdiyimiz sənədlərin qəbul edilməsindən sonra bu əsasnamədə dəyişiklik edilməmiş və sinif rəhbərliyi diaqnostik qiymətləndirmənin nəticəsindən asılı edilməmişdir.

Sinif rəhbərliyinin yenidən Sizə verilməsi üçün məktəbin direktorluğuna və tabe olduğunuz yuxarı təşkilatlara müraciət edə bilərsiniz. Cavablar Sizi qane etməzsə, məsələnin həllini məhkəmə qaydasında mübahisələndirmək, yəni iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququnuz vardır.

 

 

Beşyaşlıların hazırlıq sinfində dərs deyirəm, avqust ayında məzuniyyətdən qayıtmışam. 25 manat beşgünlük və sentyabr ayının 05-dən 15-dək 76 manat əməkhaqqı almışam. Sentyabr ayının 18-dən 29-dək hər gün işə getsəm də, mənə zəhmət haqqı ödənilməyib. Soruşduqda səbəb qoydular ki, beşyaşlı uşaqların təlimi 02 oktyabrdan başlayır. Əmr altında işdə olduğum halda, doğrudanmı mənə əməkhaqqı çatmamalıdır?

Səmənnaz HƏSƏNOVA,

Şərur rayonu, Kərimbəyli kəndi

- Sorğunuzdan məlum olur ki, məzuniyyətdən qayıdaraq əmrlə işdə hesab olunmusunuz. Buna uyğun olaraq da həm avqust ayında, həm də sentyabrda əməkhaqqı almısınız.

Əmrlə işdə hesab olunduğunuz üçün Siz sentyabr ayının qalan günlərinin də əməkhaqqını almalısınız. Bu, beşyaşlı uşaqların təliminin nə vaxt başlamasından asılı deyildir. Almadığınız günlərin əməkhaqqının hesablanıb Sizə verilməsi üçün mühasibatlığa müraciət etməyiniz lazımdır. Əgər başqa bir səbəb yoxdursa (məktəbdə olmama və s. üzrsüz səbəblər) əməkhaqqınız hesablanıb ödənilməlidir.

 

 

Sayğacın dəyişdirilməsi və ödəniş etməyimə şərait yaratmağınız üçün müraciət edirəm. Qaz sayğacı qazı zərərimə sərfiyyatla havaya vurur. Qaz sayğac ustasının səhvi nəticəsində və qaz işçilərinin məsuliyyətsizliyi, bu şəraiti yaratmışdır. Sayğacda yaranan nasazlığa görə mən məsuliyyət daşımalıyammı? Çünki, sayğac texniki qaydalara cavab vermir. Belə halda hansı zəruri tədbirlər görülməlidir?

Şakir AĞAYEV,

Cəlilabad şəhəri.

- Qaz sayğaclarının quraşdırılması və istismarı, qazın alqı-satqısı müqaviləsi əsasında qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri, şəbəkəyə qoşulma və şəbəkədən ayrılma şərtləri, qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər Nazirlər Kabinetinin təsdiq etdiyi “Qazdan istifadə” Qaydaları ilə tənzimlənir.

Məktubunuzdan məlum olur ki, məişət qaz qurğularından istifadə üçün quraşdırılmış, abonent kimi istifadə etdiyiniz qaz sayğacı nasaz vəziyyətdədir, texniki şərtlərə uyğun deyil.

Qaydaların 4-cü bölməsinə (qaz sayğaclarının quraşdırılması və istismarı) əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablama aparılması üçün layihəyə uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Qaz sayğacları qeyd edilən komitə tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilməlidir. Qaz sayğaclarının növbəti dövlət yoxlaması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Bu zaman istehlakçılardan vəsait tələb etmək qadağandır. Lakin belə yoxlamadan keçirilmə istehlakçının arzusu ilə olursa, onda vəsait istehlakçı tərəfindən ödənilməlidir.

Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının (alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasının, satılmasının və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs) vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

Qaz sayğaclarının üzərində qeyd olunan dövlət komitəsinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Bu plomblar kənar müdaxilələrdən qorunmaq üçün, fiziki şəxs olan istehlakçılara münasibətdə sayğaclar qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli və işlək vəziyyətdə saxlanmalıdır.

İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz olunması) və quraşdırılması məişət qaz qurğularının istifadəçiləri üçün qazpaylayıcı tərəfindən, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının özünün vəsaiti hesabına həyata keçirilir. Əgər qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb olunursa, bu zaman qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.

Qaz sayğaclarının quraşdırılması və istismarı üçün lazım olan bütün şərtləri nəzərinizə çatdırdıq. Əgər bu şərtlərin hamısına əməl olunursa və sayğacın dəyişdirilməsinə dair müraciətinizə Cəlilabad Qaz-İstismar sahəsində baxılmırsa və ya onların cavabı sizi qane etmirsə, rayon məhkəməsinə  müraciət etməyiniz tövsiyə edilir. Bu, müqavilənin özündə də qeyd edilmişdir: Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər.