40 il əmək stajım var


Baxıldı : 216

Tarix : 2019-02-04 04:31:38


40 il əmək stajım var. I qrup əliləm. Mənə nə qədər pensiya düşür.

 

Töyfə NƏBİYEVA,

Goranboy rayonu.

 

- Əlilliyə görə əmək pensiyası müəyyən şərtlərlə təyin edilir. Bu şərtlər “Əmək pensiyaları haqqında” qanunun 12-ci maddəsində müəyyən edilmişdir. Qanunun 12.1. maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla müəyyən edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

Lakin I qrup əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğindən asılı edilməmişdir. Adıçəkilən Qanunun 13.3. maddəsinə görə I qrup əlillərə təyin olunmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Sizin nə qədər pensiya alacağınızı ancaq DSMF-nin Goranboy rayon şöbəsində hesablayıb deyə bilərlər. Amma I qrup əlilsinizsə, alacağınız əlilliyə görə əmək pensiyası ən azı, minimum pensiya məbləği həddində olacaqdır.

 

Əmək müqaviləsi nə vaxt qüvvəyə minir?

     

     Xatirə BAYRAMOVA,

Gəncə şəhəri.

 

- Əmək Məcəlləsinin 49-cu maddəsi əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə həsr edilib.”Əmək  Məcəlləsində dəyişiklik edilməsi haqqında” 28 dekabr 2018-ci il tarixli  AR Qanunu ilə həmin maddəyə dəyişiklik edilibdir. Qüvvədə olan  Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən,əmək müqaviləsi aşağıda qeyd edilən qaydada  hüquqi qüvvəyə minir:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə  daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.