41 il iş stajım var


Baxıldı : 29

Tarix : 2019-06-07 13:53:27


41 il iş stajım var. Sosial kartımda da 2006-2017-ci illər üçün 18880 manat pul var. 2018-ci ilin fevral ayından əmək pensiyasına çıxmışam. Xahiş edirəm mənim əmək pensiyamın doğru-dürüst məbləğinin nə qədər olması üçün müfəssəl məlumat verəsiniz.

 

Ələmdar KƏRİMZADƏ,

Gəncə şəhəri.

 

- Əmək pensiyalarının hesablanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda əksini tapıb.

Sizə yaşa görə əmək pensiyası təyin olunub. Bu məqsədlə ilk növbədə müraciət edən şəxsin pensiya kapitalı hesablanır. 2006-ci il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajına mütənasib olaraq hesablanır) pensiya kapitalı hesablanır və 01 yanvar 2006-cı il tarixinə qeydə alınır.

2006-cı il 01 yanvar tarixindən sonra isə müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı hesablanır. Bu məqsədlə 2006-cı ildən başlayaraq hər ilin əvvəlinə həmin hesabda olan pensiya kapitalı 2006-2016-cı illər üzrə hər il üçün istehsal qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir.

2017-ci ildən etibarən isə pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək-haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir.

Hər üç səviyyədə alınan pensiya kapitalı toplanır və şəxsin ümumi pensiya kapitalı müəyyənləşdirilir. Alınan rəqəm 144-ə bölünərək yaşa görə əmək pensiyasının sığorta hissəsi tapılır. Yəni yaşa görə əmək pensiyasının sığorta hissəsi SH (sığorta hissə) = PSK (pensiya sığorta kapitalı) bölünsün T (gözlənilən pensiya ödənişi aylarının sayıdır ki, bu da qanunvericilikdə 144 müəyyən edilib) ilə hesablanır.

“Əmək pensiyaları haqqında” qanunun 6.3. maddəsinə əsasən, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduqda hesablanır.

Qeyd edilən pensiya kapitalını hər ilə görə ayrılıqda bilmədiyimiz üçün, pensiyanızın düzgün və ya səhv hesablanması haqqında fikir söyləyə bilmərik. Bunu öyrənmək üçün ƏƏSMN yanında DSMF-yə müraciət edə bilərsiniz.

 

İşə təzə girmişəm, yarımştat işləyirəm. Müəssisəmizdə Ramazan bayramı münasibətilə işçilərə 100 AZN miqdarında pul mükafatı veriləcək. Mən də həmin mükafatı ala biləcəyəmmi?

Vüsalə MƏMMƏDOVA,

Tovuz rayonu.

 

- Nəzərinizə çatdırırıq ki, iş vaxtının növləri və tənzimlənməsi qaydaları Əmək Məcəlləsində öz əksini tapmışdır.

Qanunvericilikdə tam iş vaxtı və onun müddətləri, həftəlik tam iş vaxtı, qısaldılmış iş vaxtı, əmək şəraiti zərərli olan işlərdə və xüsusi xarakterli işlərdə çalışan işçilər üçün qısaldılmış iş vaxtı, natamam iş vaxtı, gecə vaxtı işləri və müstəsna hallarda yol verilən iş vaxtından artıq işlər müəyyən edilmişdir. Sualınızdan məlum olur ki, siz əmək müqaviləsini natamam iş vaxtı üçün bağlamısınız.

Məcəllənin 94-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı - natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Həmçinin maddənin 4-cü hissəsinə uyğun olaraq, natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Natamam iş vaxtında işçinin yerinə yetirdiyi əmək fəaliyyətinə uyğun olaraq da əməkhaqqı hesablanıb verilir. Lakin rəhbərliyin müvafiq əmri (qərarı, sərəncamı) əsasında verilən mükafat, maddi yardım və s.  işçilərə faktiki işlədiyi iş saatlarına uyğun olaraq müəyyən edilib ödənilmir. Belə ki, mükafat, maddi yardım və s. müdiriyyətin mülahizəsinə əsəsən sabit pul məbləği şəklində müəyyən edilməklə verilir. Odur ki, siz bayram münasibətilə rəhbərlik tərəfindən verilməsi müəyyən olunmuş 100 AZN məbləğində mükafatı tam şəkildə alacaqsınız.

 

18 yaşım tamam deyil. İş üçün müraciət etmişəm. Deyirlər ki, mütləq tibbi müayinədən keçməliyəm, yoxsa mənimlə əmək müqaviləsi bağlamayacaqlar. Bunu yaşımın 18-ə çatmaması ilə əlaqələndirirlər. Belə bir qayda mövcuddurmu?

 

Vəfa ƏLİYEVA,

Sumqayıt şəhəri.

 

- Yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlanarkən nəzərə alınmalı xüsusiyyətlərdən biri də ondan ibarətdir ki, bu şəxslər yalnız tibbi müayinədən keçirildikdən sonra işə götürülə bilərlər. 18 yaşına çatanadək onlar hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər (ƏM. Maddə 252).

Uşaqların işə qəbul zamanı tibbi müayinəsi onların sağlamlığının təklif olunan işə uyğun olmasını öyrənmək məqsədini daşıyır. Hər il işəgötürənin vəsaiti hesabına keçirilən illik tibbi müayinə isə işçinin işə qəbul edildiyi gündən etibarən iş ili ərzində tibbi müayinədən keçməsi deməkdir. Belə müayinələr dövlət, bələdiyyə və özəl tibb müəssisələrində aparılır. Həkimlər tibbi əks-göstəricilər siyahısına əsaslanaraq belə şəxslərin sağlamlığının seçdiyi peşəyə uyğunluğu məsələsini həll edirlər.

İşə qəbul olmaq istəyən yaşı 18-dən aşağı olan işçinin ilkin tibbi müayinədən keçməməsi onunla əmək müqaviləsi bağlamaqdan imtinaya səbəb ola bilər.

İllik tibbi müayinə zamanı müəyyən edilsə ki, görülən iş yaşı 18-dən az olan işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərir, onda işəgötürən həmin işçini daha yüngül işə keçirir. Bu tədbir tibbi rəy əsasında həyata keçirilir. Əgər işçi bununla razılaşmasa, bundan imtina etsə, həmin hal əmək müqaviləsinin ləğvinə əsas olan hal hesab edilir. Çünki belə müayinələrin keçirilməsi yaşı 18-dən az olan işçilərin əməyindən düzgün və səmərəli istifadə edilməsinə xidmət edir.

İşlədiyi iş yeri üzrə tibbi müayinədən keçmə vaxtı iş saatına daxil edilir. İşəgötürən tərəfindən həmin vaxt üçün işçiyə orta əməkhaqqı ödənilməlidir.

 

Daşınmaz dövlət əmlakının icarə müqaviləsinin müddətinin uzadılması üçün hansı sənədlər tələb olunur?

 

Aydın CABBAROV,

Bakı şəhəri.

- Daşınmaz dövlət əmlakının icarə müqaviləsinin müddətinin uzadılması üçün  aşağıdakı sənədlər tələb olunur:

- Ərizə;

- İcarə müqaviləsinin əsli;

- Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti (hüquqi şəxsin təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti);

- İcarə haqqının müvafiq hesablara ödənilməsini təsdiq edən sənəd.