47 yaşım var


Baxıldı : 102

Tarix : 2019-01-07 04:57:58


47 yaşım var. Dövlət qulluğunda 15 ildən artıq yardımçı vəzifədə işləmişəm, III qrup əliləm. Könüllü işdən çıxmışam. Bilmək istəyirəm ki, mənə ömürlük müavinət düşür, ya yox?

Südabə İSLAMOVA,

Bakı şəhəri.

-“Dövlət qulluğu haqqında” qanunun 23.3. maddəsinə əsasən, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2003-cü il tarixli “Pensiya yaşına çatmamış, əlilliyə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” 936 nömrəli Fərmanı ilə qeyd edilən müavinətin miqdarı, Nazirlər Kabinetinin 4 fevral 2004-cü il 7 nömrəli qərarı ilə həmin müavinətin təyin olunması Qaydaları müəyyən edilmişdir. Fərmanın 1-ci və Qaydaların 5-ci bəndinə görə, aylıq müavinətin miqdarı dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə qanunvericiliyə uyğun olaraq hesablanan dövlət məvacibinin 15 faizini təşkil edir.

Müraciətinizdən məlum olur ki, III qrup əlilsiniz və pensiya alırsınız. “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 11-ci bəndinə əsasən, müavinət müəyyən olunmuş qaydada digər müavinət növlərindən, pensiyadan (dövlət qulluqçularının pensiyasından başqa), ödənişlərindən asılı olmayaraq ödənilir.

Əgər dövlət qulluqçusu kimi III qrup əlilliyə görə əmək pensiyası alırsınızsa, bu halda Sizə ömürlük müavinət təyin oluna bilməz. Əlilliyə görə əmək pensiyanız dövlət qulluqçusu pensiyası deyilsə, istənilən vaxt müavinətin təyin edilməsi üçün müvafiq təsdiqedici sənədlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti şəhər, rayon şöbəsinə müraciət edə bilərsiniz.

Çünki müavinəti almaq hüququ olan şəxslərə heç bir müddət məhdudiyyəti qoyulmamışdır.

 

Sığortaçı tərəfindən sığorta ödənişi vaxtında ödənilmədiyinə görə məsuliyyət daşıyırmı?

Zaman HƏSƏNOV,

Daşkəsən rayonu.     -“İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığortaolunana sığorta ödənişinin təyin edilməsi,verilməsinin dayandırılması və bərpa olunması Qaydaları”na əsasən, sığortaçı tərəfindən sığorta ödənişi vaxtında ödənilmədiyinə görə maddi məsuliyyət daşıyır. Belə ki,sığortaçı sığorta ödənişini “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir.