5 il Lerik rayon kinovideo birliyinin direktoru işləmişəm


Baxıldı : 293

Tarix : 2018-02-03 22:26:13


5 il Lerik rayon kinovideo birliyinin direktoru işləmişəm. 2004-cü ildə Nazirlər Kabinetinin qərarı ilə kinovideo birliyi Mədəniyyət və Turizm şöbəsinə birləşib. Dövlət qulluğu ilə yaşa görə pensiya hesablanarkən mədəniyyət şöbəsi müdirinin əməkhaqqı mənə şamil oluna bilərmi?

 

Cavanşir İBRAHİMOV,

Lerik rayonu.

 

- “Dövlət qulluğu haqqında” Qanunun 23-cü maddəsinin müddəaları nəzərə alınmaqla dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası “Əmək pensiyaları haqqında” qanunla müəyyən edilir.

Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. Həmin vəzifələr haqqında məlumatlar inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna daxil edilmişdir.

2005-ci il 1 sentyabr tarixli, 290 saylı Fərmanla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edildi. Dövlət qulluqçusu kimi pensiya təyinatı üçün müraciət edərkən nəzərə almaq lazımdır ki, əvvəllər mövcud olmuş vəzifənin adı həmin Siyahıda bu gün Topluda olan hər hansı bir dövlət qulluğu vəzifəsinin adına uyğunlaşdırılıbsa, onda həmin şəxsə dövlət qulluğu pensiyası təyin edilir.

Məktubunuzdan məlum olur ki, kinovideo birliyində direktor işləmisiniz. Qeyd etdiyimiz Siyahıda dövlət komitələri, baş idarələr və sair yer adları olsa da, birliklərdən təkcə 1.18-ci bölmədə konkret olaraq “Rayon Aqrar-sənaye birliklərinin aparatında” qeyd edilmişdir.

Kinovideo birliyinin direktoru və birliyin digər işçilərinin vəzifələrinin adları isə qeyd edilən Siyahı ilə İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin adları ilə uyğunlaşdırılmadığından hər hansı bir rayon kinovideo birliyinin direktoru vəzifəsi qüvvədə olan qanunvericiliyə əsasən, dövlət qulluğu vəzifəsi sayılmır. Odur ki, həmin vəzifədə çalışdığınız 5 il dövlət qulluğu stajına daxil edilə bilməz. Bu staj ümumi sığorta stajına hesablanır.

 Məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılmasına dair Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 saylı qərarı olmuşdur. Bilmək istəyirəm ki, hazırda həmin qərar qüvvədədirmi, əgər dəyişiklik edilibsə, nə vaxt edilib və hazırda həmin hesablama necə aparılır?

 

Qılman QƏHRƏMANLI,

Ağstafa rayonu.

 

- Məktubunuzda qeyd etdiyiniz Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 saylı Qərarı ilə “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı” və “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması Qaydası” 1 və 2 nömrəli əlavələrlə təsdiq edilmişdir.

Həmin qərar hazırda qüvvədədir. Sizi maraqlandıran 2 nömrəli əlavədə qeyd olunan Qaydalardır. 2003-cü ildə həmin Qaydaların bir abzasına dəyişiklik edilərək “Məzuniyyət vaxtı üçün orta əməkhaqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır” yazılmışdır.

Əmək Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulan məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı Qaydalara əsasən, aşağıdakı kimi əmsallaşdırılır.

Orta əməkhaqqı - 

(ƏN1xƏ1+ƏN2 x Ə2+.....)+ƏN

N

 

Burada ƏN1, ƏN2....-tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından əvvəlki ayrı-ayrı artım dövrlərində işçinin əməkhaqqının cəmi;

ƏN- işçinin tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə əməkhaqqının cəmi;

N - məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayıdır.

Qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesablı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən, tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əməkhaqqının əmsallaşdırılması hazırkı qaydaya əsasən, həmin idarə, müəssisə və təşkilatlarda müstəqil surətdə aparılır.

 

  11 aydır bir müəssisədə işləyirəm. Ştat ixtisarı ilə bağlı əmək müqaviləm ləğv edilir. İşlədiyim yerdə mənə deyirlər ki, iki həftə xəbərdarlıq verilir, sonra işdən çıxacaqsan. Axı qanunla iki ay əvvəldən xəbərdarlıq edilməlidir. Keçən il bizim müəssisədən ixtisara düşənlərə də iki ay müddət vermişdilər. Hüquqşünasımız deyir ki, qanuna dəyişiklik edilib, indi belədir. Bu doğrudurmu?

Arif MƏMMƏDOV,

Bakı şəhəri

- Bəli, hüquqşünasınız düz deyir. 31 may 2017-ci ildə Əmək Məcəlləsinin  “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları” adlanan 77-ci maddəsinə dəyişiklik edilib və həmin dəyişiklik 01 yanvar 2018 -ci il tarixində qüvvəyə minibdir. Hal-hazırda qüvvədə olan redaksiyaya əsasən, ştat ixtisarına görə əmək müqaviləsi ləğv edilməzdən əvvəl xəbərdarlığın  müddəti işçinin həmin işəgötürənlə əmək müqaviləsinin müddətindən asılı olaraq dəyişir. Sonuncu iş yerinə qədər əmək stajının müddətindən asılı olmayaraq işçinin işlədiyi müəssisənin işəgötürəni ilə bağladığı əmək müqaviləsinin müddətindən asılı olaraq həm xəbərdarlıq müddəti, həm də işdənçıxarma müavinəti fərqlidir. Sizin işlədiyiniz müəssisənin işəgötürəni ilə əmək müqaviləsi üzrə bir ilədək əmək stajınız olduğuna görə əmək müqaviləniz ləğv edilməzdən azı iki həftə əvvəl rəsmi xəbərdar edilməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əməkhaqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə azı bir iş günü əmək funksiyasının icrasından azad edilməli və müqaviləniz ləğv ediləndə Sizə orta aylıq əməkhaqqı miqdarında müavinət ödənilməlidir.

 

 Ezamiyyət pulu hesablanarkən nəqliyyat xərcləri hansı sənədlər əsasında ödənilir?

 

Sevda GÜLMALIYEVA,

Gəncə şəhəri.

 

-”İşçilərin ezamiyyə Qaydaları”na əsasən, nəqliyyat xərclərinə-ezam olunma yerlərinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri daxildir. Bu, taksidən istifadə istisna olunmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək deməkdir. Nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ödənilir.

Qeyd edilən xərclərə nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün xərclər də daxildir.

Qaydalara əsasən, nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildiyi halda bileti satmış təşkilat tərəfindən biletin həqiqətən həmin şəxsə satılmasını təsdiq edən rəsmi sənəd (arayış) ödəniş üçün əsas götürülür.