6 aydır ki, işə girmişəm, məzuniyyətə çıxmaq istəyirəm


Baxıldı : 27

Tarix : 2019-10-18 17:02:42


6 aydır ki, işə girmişəm, məzuniyyətə çıxmaq istəyirəm. Amma müəsisənin kadrlar şöbəsi və mühasibatlığında mübahisəmiz oldu. Mənə deyildi ki, işçi 11 ay işləməlidir ki, iş ilinə görə əmək məzuniyyətinə çıxa bilsin. Axı, səhv etmirəmsə, qanunlara əsasən, işçinin 6 ay işləməsi kifayət edir ki, onun məzuniyyət hüququ yaransın. Bu haqda məlumat verməyinizi xahiş edirəm.

 

Validə XALİQOVA,

Gəncə şəhəri.

 

- Sualınızla bağlı nəzərinizə çatdırırıq ki,  Əmək Məcəlləsinin 131-ci maddəsinin birinci hissəsinə əsasən, işçinin birinci  iş ili üçün əmək məzuniyyəti hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Lakin bu heç də o demək deyil ki, işin birinci ili üçün əmək məzuniyyəti hüququ yaranan vaxt işçiyə bu məzuniyyət mütləq verilməlidir. Altı ay işlədikdən sonra birinci iş ili bitənədək işçiyə əmək məzuniyyəti işçinin ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.

Nəzərinizə çatdırırıq ki, yalnız aşağıdakı işçilərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin 1-ci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ var:

a) qadınların hamiləliyə və doğuşa görə - sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra;

b) on səkkiz yaşına çatmamış işçilərin;

c) müddətli hərbi xidmətdən buraxıldıqdan  3 ay keçənədək işə götürülən işçilərin;

ç) əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;

d) hərbi qulluqçu arvadının (ərinin);

e) təhsil müəssisələrində oxuyan şəxslərin - kurs işlərinin və ya imtahanlarının verildiyi, diplomun müdafiə edildiyi vaxtda;

ə) əlillərin.

İşçiyə işin ikinci və sonrakı illəri üçün əmək məzuniyyəti iş ili başladıqdan sonra işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.

Sualınızdan əmək məzuniyyətini işin birinci ili üçün və ya sonrakı illər üçün götürmək istədiyiniz anlaşılmır. Nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsinin 133-cü maddəsinə əsasən, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək  məqsədilə hər il yanvarın sonunadək əmək məzuniyyətilərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib olunur. Bu cədvəl həmkarlar ittifaqı təşkilatının, o olmadıqda isə işəgötürən tərəfindən təsdiq olunur.

İşlədiyiniz təşkilatda belə növbəlilik varsa, əmək məzuniyyətinə növbə cədvəli əsasında çıxa bilərsiniz.

Eyni  zamanda bildiririk ki, Əmək Məcəlləsinə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

 

Əgər torpaqdan icarə hüququna aid olan sənədlər qanunun tələbləri pozulmaqda tərtib edilibsə, bu halda vətəndaşa kompensasiya ödənilirmi?

Səbahi ƏMİROV,

 Goradil qəsəbəsi.

 

- Bəli, ödənilir. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun 80-ci maddəsinə əsasən, dövlət orqanlarının və ya bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Bu halda kompensasiya ödənildikdən sonra müvafiq icra hakimiyyəti orqanı yuxarıda göstərilən sənədlərin qəbul edilməsi (tərtib edilməsi) zamanı qanunvericiliyin tələblərinin pozulmasında təqsiri olan vəzifəli şəxsə qarşı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə müvafiq məhkəməyə iddia ilə müraciət edir.

Hər hansı bir şəxsin torpaq üzərində hər hansı hüquqları ilə bağlı sual və ya mübahisə yarandıqda torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, qeyd edilən Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilir.

 

76 yaşım var. Birinci qrup gözdən əliləm. Qulluğa ehtiyacım var. Dövlət tərəfindən mənim kimi qulluğa ehtiyacı olanlara köməklik edilirmi? Xahiş edirəm, bu barədə mənə, həmçinin belə vəziyyətdə olanlara ümumi məlumat verəsiniz.

Əli HƏMİDOV,

Sumqayıt şəhəri.

 

- Nəzərinizə çatdırırıq ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması,  əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunun 45-ci maddəsinə uyğun olaraq, kənardan qulluğa və yardıma ehtiyacı olan əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara sosial yardım orqanları evdə, yaxud stasionar müəssisələrdə tibbi və məişət xidmətləri göstərirlər. Ahıl əlillərə sosial xidmət orqanları (evdə, yarımstasionar, stasionar müəssisələrdə), habelə fərdi qaydada sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxslər sosial xidmət göstərirlər.

“Sosial xidmət haqqında” qanunun 19-cu maddəsinə əsasən, evdə (səyyar) sosial xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış  məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə  Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada göstərilir.

Qanunvericiliyə uyğun olaraq siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə haqqı dövlət tərəfindən ödənilən sosial işçi və ya sosial xidmətçi təyin edilməsi üçün müraciət edə bilərsiniz. Qanunun qeyd olunan  maddəsindəki hallar mövcud olarsa, evdə sosial xidmət göstərilməsi məsələsi həmin orqan tərəfindən müsbət həll edilə bilər.