62 yaşım var, son 27 ildir ki, dövlət qulluğunda işləyirəm


Baxıldı : 625

Tarix : 2019-04-12 17:51:27


62 yaşım var, son 27 ildir ki, dövlət qulluğunda işləyirəm.Öz arzumla işdən çıxsam dövlət qulluqçusu pensiyası ala blərəmmi?

Rafael BULUDXANLI,

Bakı şəhəri.

 

- “Dövlət qulluğu” haqqında qanuna əsasən, dövlət qulluqçularının pensiya təminatı Azərbaycan Respublikasının müvafiq Qanunu (“Əmək pensiyaları haqqında” AR qanunu) ilə müəyyən edilir.

“Əmək pensiyaları haqqında” qanunun 20.11. maddəsinin müvafiq bəndlərinə əsasən, dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında, 15 ildən yuxarı qulluq stajı olan şəxsə isə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğdə Qanunla təyin edilən əmək pensiyasının məbləği arasından fərq qədər əlavə ödənilir.

Əgər Sizin 27 il dövlət qulluğu stajınız varsa, onda stajınıza görə Qanunun müəyyən etdiyi kimi, dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə dövlət qulluğu pensiyası almaq hüququnu qazanmısınız.

Lakin adıçəkilən Qanunun 7-ci maddəsinin qeyd hissəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin edilməsi şərti kimi kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Dövlət qulluğu pensiyası almaq üçün dövlət qulluğu vəzifəsində qulluq stajınız tamamlansa da, yaş həddiniz buna imkan vermir. Odur ki, Sizin bu il üçün, yəni  2019-cu ildə dövlət qulluğuna görə əmək pensiyası almaq hüququnuz yaranmır.

Öz arzunuzla işdən çıxsanız da, əmək pensiyası yaşınız çatdıqda yaşa görə əmək pensiyasına çıxa bilərsiniz.

Qeyd etmək istəyirik ki, kişilərin yaşa görə əmək pensiyasına çıxması üçün 01 iyul 2019-cu ildən 01 iyul 2020-ci ilədək 64 yaşının tamam olması şərtdir. Sizin isə 62 yaşınız tamam olub. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 65 yaşınız tamam olanda, Siz yaşa görə əmək pensiyasına çıxmaq hüququ qazanmış olacaqsınız.

 

Hüquqi şəxsə xitam verildikdə zərərin əvəzinin ödənilməsi necə müəyyən edilir?

Zəminə ƏHMƏDOVA,

Şəmkir rayonu.

 

- Mülki Məcəllənin 1126-cı maddəsinə əsasən,həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür.

Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır.

 

Zərərçəkənin ölümü nəticəsində dəfn xərclərinin əvəzi zərər vuran tərəfindən ödənilirmi?

Əhməd ZAMANOV,

Tovuz rayonu.

 

- Zərərçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.