8 aylıq u...


Baxıldı : 385

Tarix : 2016-01-16 04:09:00


8 aylıq uşağım var. İşimlə əlaqədar olaraq uşağa qulluq etməkdə çətinliyim olur. Daha yüngül işə keçə bilərəmmi? Bu zaman əməkhaqqım necə hesablanacaq?Aysel NƏBİYEVA,Bakı şəhəri.- Respublikamızda qüvvədə olan qanunvericilik aktlarında qadınlara bir çox imtiyaz və güzəştlər nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin bir çox maddəsində qadınların fizioloji xüsusiyyətlərinə uyğun olan əmək standartları müəyyən edilmişdir.Sualınız işləyən qadınlara Əmək Məcəlləsinin 243-cü maddəsində verilən imtiyazlara aiddir. Maddədə həm hamilə qadınların, həm də yaşyarımadək uşağı olan qadınların daha yüngül işə keçirilməsindən danışılır. Maddənin 2-ci hissəsinə görə, \ yaşyarımına çatmamış uşağı olan qadınlar əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağı yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaşyarımına çatanadək başqa yüngül işə keçirməli və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir\ .Uşağınız 8 aylıqdırsa, daha yüngül işə keçirilmək üçün ərizə ilə işəgötürənə müraciət edin.Əməkhaqqının hesablanması qaydası da qanunvericiliklə tənzimlənir. Əmək Məcəlləsində nəzərdə tutulur ki, yaşyarımadək uşağı olan qadınların yüngül işə keçirilməsi zamanı orta əməkhaqqı saxlanılır (ƏM, maddə 177). Onların əməkhaqqı əvvəlki vəzifədə aldıqları əməkhaqqından aşağı ola bilməz. Belə ki, yeni vəzifədəki əməkhaqqı əvvəlkindən az olarsa, onda Sizə əvvəlki vəzifədəki əməkhaqqı veriləcək. Əgər yeni vəzifədə əməkhaqqınız əvvəlkindən yüksək olarsa, onda yeni vəzifədəki əməkhaqqı ödəniləcək. Hakim seçilmək üçün hansı tələblər lazımdır? Kimlər hakim ola bilər?Səxavət MİRZƏYEV,Şirvan şəhəri.- Konstitusiyamıza əsasən, respublikamızda məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.Hakim vəzifəsinə namizədlərə aid tələblər həm Konstitusiyanın 126-cı maddəsində, həm də \ Məhkəmələr və hakimlər haqqında\ qanunun 93-cü maddəsində belə müəyyən edilmişdir:\ Yaşı 30-dan aşağı olmayan seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.Hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə hakim səlahiyyətlərini yerinə yetirməyə qadir olmayan, cinayət törətməyə görə əvvəllər məhkum olunmuş, hakimin adı ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə vəzifədən azad edilmiş şəxslər hakim ola bilməzlər.Qəzetinizin ötən saylarının birində müddətli əmək müqaviləsinin bağlanması haqqında sualı cavablandırmışdınız. Bəs belə müqavilələrə xitam verilməsi qaydası necədir və bu məsələ Əmək Məcəlləsində göstərilmişdirmi?Oruc HƏBİBOV,Salyan rayonu.-Bəli, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası da Əmək Məcəlləsində müəyyən edilmişdir.Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, müvafiq qaydada iş yeri və orta əməkhaqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.15 gündür ki, bir təşkilata ərizə ilə müraciət etmişəm, amma cavab almamışam. Bilmək istəyirəm, müraciətə hansı müddətdə baxılmalıdır?Qəndab HƏSƏNOVA,Ucar rayonu.- \ Vətəndaşların müraciətləri haqqında\ qanunla vətəndaşların müraciətlərinə baxılma müddətləri müəyyən edilmişdir. Belə ki, Qanunun 9.2. maddəsinə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır.Qanunun 9.6. maddəsinə əsasən, dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə 20 iş günü müddətində baxılır. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.Yuxarıda göstərilən hallar istisna olmaqla qalan hallarda vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.Bu cür müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.Göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır.Həyat yoldaşım 4 ilə yaxındır ki, vəfat edib. 2 övladımı təkbaşına böyüdürəm. Ştat ixtisarı nəticəsində iş yerimi itirdiyimi öyrəndim. Müdirin məni ixtisara salmağı düzgündürmü?Sahibə MƏMMƏDOVA,Sumqayıt şəhəri.- Əmək Məcəlləsinin 70-ci maddəsinin \ b\ bəndinə əsasən, işçilərin sayı və ştatların ixtisarı zamanı əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.Lakin qanunvericilik işçilərin ixtisarı zamanı işdə saxlamağa üstünlüyü olan şəxslərin dairəsini müəyyən etmişdir. Məcəllənin 78-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.Həmin maddənin 2-ci hissəsinə görə, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda işdə saxlanmağa üstünlük verilən işçilərin siyahısı müəyyənləşdirilmişdir. Öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan işçilər də bu kateqoriyaya aiddir.Əmək Məcəlləsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar da dəqiqləşdirilmişdir. 79-cu maddəyə əsasən, işəgötürən tərəfindən yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır.Təkbaşına böyütdüyünüz uşaqlarınızın yaşını qeyd etmədiyiniz üçün hər iki maddənin müddəalarını qeyd etdik. 2 övladınızı təkbaşına böyüdürsünüzsə, yeganə qazanc yeriniz işlədiyiniz müəssisədirsə və uşaqlarınız məktəb yaşına çatmamışsa, müəssisənin ləğvi və əmək müqaviləsinin müddətinin bitməsi istisna olmaqla, işəgötürən Sizinlə əmək müqaviləsinə xitam verə bilməz.78-ci maddənin tələbləri baxımından isə uşaqlarınızın hər ikisinin yaşı 16-dan azdırsa, işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyünüz vardır. Əks halda müəssisədə ixtisar gedirsə, Əmək Məcəlləsinin tələblərinə əməl etməklə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsində qanunsuzluq yoxdur.