8 medal qazanıblar


Baxıldı : 63

Tarix : 2017-10-14 03:17:38


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr  arasında sərbəst güləş üzrə Bakı şəhər birinciliyi keçirilib.

Yarışda 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında 224 idmançı sərbəst güləş üzrə 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.

"Zenit" İdman Cəmiyyətinin yetirmələri yeniyetmələr  arasında sərbəst güləş üzrə Bakı şəhər birinciliyində səkkiz medal qazanıb. Nəticələrə görə 42 kq. çəki dərəcəsində Ramik Heybətov, 46 kq. çəki dərəcəsində Ruslan Şıxıyev və 54 kq. çəki dərəcəsində Azər Əhmədov I yerə layiq görülüblər.

Rəhman İmanov (46 kq.), İzzət Cəfərov (50 kq.) və Elvin Dünyamalıoğlu (63 kq.) isə ikinci yeri tutublar. 

Mehman Qəniyev (46 kq.) və Ümüd Əhmədli (46 kq.) isə Bakı şəhər birinciliyinin üçüncüsü olublar.

Cəmiyyətin sərbəst güləşçilərinin qazandığı uğurlarda məşqçilər Cavid Qurbanzadə, Vüsal Axundov, Akif Qurbanov və Fəxrəddin Nuriyevın də əməyi yüksəkdir. Məhz onların apardığı nizamlı təlim-məşq prosesi yetirmələrini qələbələrə ruhlandırır.

Sərbəst güləş üzrə yarışlarda I-III yerləri tutan idmançılar növbəti açıq Respublika turnirinə vəsiqə əldə ediblər.

Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırılıblar.

Azər MUSTAFAYEV