8 Noyabr Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Günüdür İnsan amili hər şeydən üstün tutulur


Baxıldı : 27

Tarix : 2018-11-03 05:03:11


Metropolitençilərin istehsalat uğurlarından və həmkarlar ittifaqlarının bu çətin, şərəfli sahənin qəhrəman işçilərinə göstərdiyi qayğıdan danışmazdan əvvəl onları qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edirəm. Təbii ki, sahə işçilərinin peşə bayramı təntənəli qeyd olunacaqdır. Mən də o tədbirlərdə çıxış edəcəyəm, bir daha ürək sözlərimi deyəcəyəm.

Bütün paytaxt sakinləri və qonaqları da təsdiq edər ki, həqiqətən bu gün paytaxt metrosu şəhərimizin vizit kartına çevrilməkdədir. Dövlətimizin, onun başçısı cənab İlham Əliyevin diqqəti, şəxsi qayğısı və tutduğu vəzifədən, peşəsindən asılı olmayaraq, bütün metropolitençilərin səylərinin nəticəsidir ki, yeraltı nəqliyyat vasitəsi ən müasir texnologiyalarla təchiz olunmuşdur. Yeni texnologiyaların tətbiqi ilə yanaşı, onları idarə edən insanların da əməyi layiqincə qiymətləndirilir, sosial ehtiyaclarının ödənilməsi istiqamətində mühüm addımlar atılır. Sahəmizdə insan amili hər şeydən üstün tutulur. İnsan amili “ Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC)  və həmkarlar ittifaqı təşkilatının birgə fəaliyyətinin təməlini təşkil edir. İşəgötürənlə əməkdaşlıq işçilərin marağı baxımından mütəmadi olaraq yeni-yeni təzahürlərlə özünü göstərir. Bu sözlərimə əyani sübut kimi az müddət əvvəl QSC sədrinin müvafiq əmrinə əsasən, işçilərin əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı yaradılmış komissiyanı misal çəkə bilərəm. Cəmiyyətin struktur vahidlərinin rəhbərlərindən ibarət bu quruma rəhbərliyin mənə tapşırılması həmkarlar ittifaqına göstərilən etimadın bariz nümunəsidir.

Komissiya yarandığı ilk gündən etibarən iş yerlərində işçilərin əmək şəraitinin yaxşılaşdırılması, onların fərdi mühafizə vasitələri ilə təmin olunması işində bir sıra mövcud qüsurların aradan qaldırılmasında müəyyən işlər görmüşdür.

Belə ki, monitorinq nəticəsində aşkar edilmiş müəyyən çatışmazlıqlar aktlaşdırılaraq QSC-nin rəhbərliyinə təqdim edilmiş və həmin hallar qısa müddət ərzində aradan qaldırılmışdır. Komissiya təkcə işçilərin əmək şəraitinin yaxşılaşdırılması ilə işini bitmiş hesab etmir. İşçilərlə görüşür, problemlərini dinləyir və həllinə çalışılır. Bu da işçilərdə ruh yüksəkliyi yaradır və nəticə etibarilə əmək məhsuldarlığının artmasına səbəb olur.

Kadr məsələləri, sosial fəaliyyət, işçilərin hüquqlarının təmini, sosial komissiyalar, işçilərin attestasiyası və dövri imtahanlar və s. bu kimi məsələlərdə iştirakımız obyektivliyin təmin edilməsində xüsusi rol oynayır. Rəhbərliklə müştərək fəaliyyətimiz, qarşılıqlı etimadın nəticəsidir ki, AHİK-in təsis etdiyi “İlin gənci”, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması” nominasiyaları üzrə müsabiqələrdə, eləcə də idman yarışlarında daim metropolitençilər ön cərgələrdə yer tuturlar.

Ötən hesabat dövründə həmkarlar ittifaqı hərəkatının inkişafında fərqləndiyinə görə, daha iki əməkdaşımız  “Tərəqqi” medalına layiq görülüb.

2014-cü ildən başlayaraq metropoliten işçilərinin və onların ailə üzvlərinin xarici ölkələrin müxtəlif şəhərlərinə - Kabuletiyə, İstanbula, Dubaya, Sankt-Peterburqa, həmçinin respublikamızın müxtəlif şəhər və rayonlarına turları təşkil olunur.

İstirahət mövsümü ərzində metropoliten işçiləri və onların ailə üzvləri “Bakı Metropoliteni” QSC-nin “Bilgəh” qəsəbəsində yerləşən istirahət mərkəzindəki evciklərdə və “Bilgəh” Sanatoriya-Profilaktoriyasında dincəlir və müalicə alırlar.

Həmkarlar ittifaqı olaraq bir neçə sosial layihələrə də imza atmışıq. Ali məktəblərə qəbul imtahanlarında 600 və daha çox bal toplayan metropolitençi övladlarının hər birinə 500 manat məbləğində pul mükafatı ayrılır. Hər ilin sonunda ilin ən yaxşı qatar maşinisti seçilən işçiyə minimum əməkhaqqının 10 misli miqdarında mükafat verilir. Spartakiadaların qalibləri, yubiley yaşına çatan işçilər də pul və qiymətli hədiyyələrlə mükafatlandırılırlar.

İşçilərimizin və onların ailə üzvlərinin də mədəni istirahətlərini unutmuruq. Bu məqsədlə respublikamızda fəaliyyət göstərən sənət ocaqlarında səhnəyə qoyulan tamaşalara, konsertlərə biletlər alıb paylayırıq. Yeni il və Novruz bayramlarında metropolitençilərin övladları və nəvələri  pulsuz biletlərlə təmin edilir. Muzeylərə, tarixi məkanlara və bu qəbildən olan digər yerlərə ekskursiyalar təşkil olunur.

Əlbəttə, gördüyümüz işlər kifayət qədər çoxdur. Oxuculara onların yalnız kiçik bir hissəsini təqdim etdim. Yazımın sonunda sahə işçilərini bir daha peşə bayramları münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.