Şadlıq evlərinin problemi çözülə bilər


Baxıldı : 291

Tarix : 2015-11-20 05:02:00


Respublikamızda xidmət sahəsində problemlərin olması zaman-zaman gündəmə gəlib. Bu sahədə daha acınacaqlı vəziyyət isə şadlıq evləri ilə bağlı olub. Bakının hər addımlığında qarşımıza çıxan şadlıq sarayları təkcə görünüşü və adı ilə bir-birindən fərqlənirlər. Bu obyeklərdə olan qiymətlərdə cüzi fərqlər olsa da, xidmət və təklif edilən qidaların çeşidləri, toylarda verilən qida məhsullarının keyfiyyəti isə eynidir. Əksər toylarda süfrəyə barmaq qoymağa yer olmasa da, orada olan 20-25 adda qidaların yarıdan çoxuna heç kim toxunmur. Digər tərəfdən isə, toylarda dinlədiyimiz musiqi səsi oradan çıxdıqdan bir neçə gün sonra da qulaqlarımızda cingildəyir. Nəticədə isə toy sahibi pulundan, dəvət edilən qonaqlar isə canından olur. Baxmayaraq ki, istər qidaların keyfiyyəti, istərsə də akustika tələbləri ilə bağlı normalar müəyyənləşdirilib.Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şadlıq evlərində musiqi çalınarkən istifadə edilən səsin gücü 85 desibeldən yüksək olmamalıdır. İnzibati Xətalar Məcəlləsinə əsasən, şadlıq evlərində akustika tələblərini pozanlara qarşı 1000 manat cərimə nəzərdə tutulur. Amma əksər şadlıq evlərində musiqi çalınarkən 200-300 desibel səs gücündən istifadə olunur. Şadlıq evlərindən isə bunu toy sahiblərinin tələbləri ilə əlaqələndirirlər. Halbuki şadlıq saraylarında nəzərdə tutulan səs diapazonundan artıq səsləndirmə insan sağlamlığına ziyandır. Məsələyə münasibət bildirən Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov şadlıq evlərinin qida ilə bağlı problemlərinin həllinin mümkün olduğu qənaətindədir: \ Son illər toy və ziyafətlərdə insanlar bir-biri ilə yeməklərin və salatların çoxluğu ilə yarışır. Əslində salatlara mayonez və xama süfrəyə düzülməzdən heç olmasa bir neçə saat qabaq qatılmalıdır. Ancaq vaxta qənaət etmək üçün salatlara mayonez və xamanı bir gün qabaq - salat hazırlanan zaman qatırlar. Bəzən heç bu məhsulları soyuducuda saxlamağa yer tapmırlar. Yemək və salatları bir-iki gün öncə hazırlayıb soyuducuya qoyurlar. Vaxtı keçsə də, atmağa heyifslənirlər. Bu isə sonda həmin qidanı qəbul edənlərin səhhətində özünü göstərir. Buna görə də vətəndaşlar öz sağlamlıqları üçün daha diqqətli olmalıdır\ .Memarlar isə o qənaətdədir ki, səslə bağlı problemlərin də həlli mümkündür. Şadlıq evlərində səsin insanlara təsirini azaltmaq üçün səsi özünə götürə bilən divar kağızlarından istifadə edilməlidir. Bu zaman insanlar toylarda rahatlıqla otura bilir, səs-küy onları yormur. Şadlıq evlərində səsi aparat vasitəsilə ötürürlər. Əgər səsi aparat vasitəsilə azaltmırlarsa, divarları səsi udan keyfiyyətli materialdan hazırlamaq lazımdır. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyir ki, istehlakçıların mənafelərini qoruyan qərarların uğurlu şəkildə reallaşdırılması üçün ictimai dəstək də güclü olmalıdır: \ Bu sahədə mütəmadi olaraq yoxlamaların aparıldığı vurğulanır. Nöqsanlar, çatışmazlıqlar aşkarlanır. İndiyədək dövlət orqanları istehlakçıların hüquq və mənafelərinin qorunmasına yönələn çoxsaylı xoşməramlı niyyət göstərib. Lakin, təəssüf ki, bu xoşməramlı niyyətlər nə ictimai dəstək tapır, nə də həyata vəsiqə qazanır. Digər səbəb isə odur ki, respublikamızda şadlıq evləri ilə bağlı tələb təklifi üstələyir. Həmişə tələb təklifi üstələyəndə keyfiyyəitsiz mal və təklif istehlakçılara təqdim olunur. Bu, bazar qanunudur. Şadlıq evlərində səsin yüksək tonda verilməsi ilə bağlı da bir çox problemlər yaşanır\ . Ekspertin qənaətinə görə, bu problemlərin davam etməsinin bir sıra səbəbləri var: \ Hazırda şadlıq evi ilə müştəri arasında heç bir müqavilə olmadığından toyu təşkil edənlər üzərlərinə heç bir məsuliyyət götürmürlər. Məsuliyyətsizlik olan yerdə cinayət, insan hüquqlarının pozulması baş alıb gedir. İndiki halda, sadəcə, onlara nəzarət edilməli və qaydalara riayət etməyənlər cərimələnməlidir\ . Xalid AZƏR