“Adlı təqaüd”lər təqdim edildi “Sevindirici haldır ki, gənclərimiz ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirlər”


Baxıldı : 1783

Tarix : 2019-03-15 16:49:39


Martın 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının iclas zalında ali məktəb tələbələrinin 2018-2019-cu dərs ilinin qış imtahan sessiyasının nəticələrinə görə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin adlı təqaüdlərinin təqdimetmə mərasimi olmuşdur. Mərasimdə Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev çıxış etmişdir. Demişdir ki, Azərbaycanda gənclərin yaxşı təhsil alması, sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Sevindirici haldır ki, gənclərimiz ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirlər. Gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Heç şübhəsiz ki, bütün bunların səbəbi ölkədə həyata keçirilən uğurlu gənclər siyasətidir.

     Bilirsiniz ki, Azərbaycanda gənclər siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra respublikamızda ictimai və siyasi vəziyyət hələ gərgin olaraq qalırdı. Qarabağ müharibəsi ilə əlaqədar yaranmış vəziyyət, bir çox problemlər yaratmışdı.

Məhz belə bir çətin durumda ulu öndərin qətiyyətli mövqeyi, uzaqgörən siyasəti nəticəsində respublikamız bu vəziyyətdən çıxmağa başladı. Azərbaycan gəncliyi də özünün inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin ümumrespublika forumları keçirildi, gənclərlə bağlı dövlət proqramları qəbul olunaraq icra edildi. Ümummilli liderin gəncliyə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, 1996-cı ildə MDB ölkələrində və Şərqi Avropada ilk dəfə olaraq 2 fevral tarixi Azərbaycan Gəncləri Günü kimi təsdiq olundu.

Müasir Azərbaycanın memarı Heydər Əliyev Azərbaycan gənclərinə, onların gələcəyinə inanaraq deyirdi: “Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.

Sevindirici haldır ki, ulu öndərin qurucusu olduğu müasir Azərbaycan dövləti bu gün də etibarlı əllərdədir. Onun Azərbaycan gəncliyinin inkişafı ilə bağlı başlamış olduğu müqəddəs iş möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

     Bu gün Azərbaycanda gənclərin inkişafının təmin edilməsi üçün ardıcıl iş aparılır. Azərbaycanda gənclər siyasəti geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verir, ölkəmizin qüdrətli dövlətə çevrilməsi prosesini sürətləndirir.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti və bu siyasət nəticəsində gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənclərin imkanlarını genişləndirir.

Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan səmərəli istifadə edir. Son illərdə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur.

      Təsadüfi deyildir ki, Dövlət başçısının müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi. Son illər qəbul olunmuş dövlət proqramlarının əksəriyyətində də gənclərlə bağlı bəndlər öz əksini tapmışdır.

Buna misal olaraq ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı, 6 aprel 2011-ci il tarixində təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nı, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılmasını, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və digər addımları qeyd etmək olar.

Həmçinin Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” qəbul olundu ki, bu da Azərbaycan gənclərinin inkişafının yeni mərhələsinin əsasını qoymuş oldu.

Möhtərəm prezidentimizin 12 fevral 2019-cu il tarixdə imzaladığı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin  Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bir daha ölkə başçısının gənclərimizə olan dövlət qayğısını və onların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanıldığının əyani sübutudur.

S.Möhbalıyev tədbir iştirakçıları adından möhtərəm prezidentimizə gənclərə göstərdiyi bu diqqət və qayğıya görə bir daha öz təşəkkür və minnətdarlığını bildirdi.

Dedi ki, nəzərdə tutulan tədbirlərin icrası nəticəsində gənclər siyasətinin səmərəliliyinin artırılması, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki və mənəvi sağlamlıqlarının möhkəmləndirilməsi, iqtisadi fəallıqlarının artırılması və sahibkarlığın inkişaf etdirilməsi, gənclərin intellektual inkişafının və elmi fəaliyyətinin stimullaşdırılması, mədəniyyət və incəsənət sahələrində istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi mümkün olacaq.

 Səttar müəllim qeyd etdi ki, dövlət başçımızın uğurla həyata keçirdiyi gənclər siyasətinə dəstək vermək hər birimiz üçün mühüm olan məsələlərdən biridir.

Məlumat üçün qeyd edim ki, TİAHİ-nin üzv təşkilatlarındakı 379053 ittifaq üzvündən 84923 nəfəri və yaxud 22%-i tələbədir.

Respublika Komitəsinin gənclər siyasəti bir neçə istiqaməti əhatə edir: gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, kütləvi bədən tərbiyəsi və idmana cəlb olunması, istedadlı gənclərin aşkara çıxarılması, onların istedad və qabiliyyətlərinin inkişafı üçün şərait yaradılması, gənclərin elmə, təhsilə marağının artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda formalaşması və s.

Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən hər il çoxsaylı tədbirlər həyata keçirilir.

Gənclərin hüquq və mənafelərinin müdafiəsi, onların həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi, işəgötürənlər tərəfindən gənclərin hüquqlarına hörmətlə yanaşılması, onların sağlam ruhda böyüməsi Respublika Komitəsinin gənclərlə bağlı fəaliyyətinin əsasını təşkil edir.

 

Hər il spartakiadalar, müsabiqələr, idmanın müxtəlif növləri üzrə yarışlar, intellektual oyunlar təşkil edilir, ehtiyacı olan ittifaq üzvlərinə maddi yardımlar verilir. Bundan başqa, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə Respublika Komitəsinin adlı təqaüdü təsis edilmişdir. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2270 nəfərdən artıq tələbə bu təqaüddən yararlanmışdır. Bu gün isə daha 61 tələbəyə bu təqaüd təqdim ediləcəkdir.

     Tələbə gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə Respublika Komitəsinin vəsaiti hesabına aztəminatlı təbəqələrdən olan tələbələr üçün hər il pulsuz nahar yeməyi təşkil edilmişdir. Hər il həmin güzəştdən respublikamızın 16 ali təhsil müəssisəsinin 230 nəfər tələbəsi istifadə edir.

     2004-cü ildən  ali məktəb  tələbələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bədii yaradıcılıq festivalı keçirilir. Təhsil Nazirliyi ilə birgə keçirilən festivalın təkcə final mərhələsində hər il 250 nəfərdən artıq tələbə iştirak edir.

Gənclərin sağlam həyat keçirmələri, idmanın kütləviliyinin təmin edilməsi ilə bağlı hər iki ildən bir Respublika Komitəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Respublika Komitəsinin  xidmətində olan “Gənclik” Tələbə-İdman Cəmiyyəti ilə birgə ali məktəb tələbələrinin Universiadası və orta ixtisas təhsili müəssisələrinin Spartakiadasını, ali məktəb tələbələri arasında futzal üzrə idman yarışları təşkil edir. Bu idman yarışları minlərlə tələbəni əhatə etmişdir.

     Bundan başqa, tələbə gənclərin intellektual səviyyələrinin və dünya görüşlərinin artırılması məqsədilə hər il ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?”  intellektual oyunu üzrə yarışlar keçirilir.

Gənclərin əmək fəaliyyətinin stimullaşdırılması məqsədilə artıq bir neçə ildir ki, “İlin peşəkar gənci” müsabiqəsi təşkil olunur. Bu müsabiqədə də yüzlərlə gənc iştirak edir və qaliblər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Respublika Komitəsi tərəfindən mükafatlandırılırlar.

     Həmçinin Respublika Komitəsinin təşkilatçılığı ilə Novruz bayramı və Silahlı Qüvvələr Günü ərəfəsində Füzuli, Beyləqan, Qusar bölgələrində yerləşən “N” saylı hərbi hissələrin əsgər və zabitləri ilə gənclərin görüşləri təşkil edilir, onlara bayram sovqatları və geniş konsert proqramı təqdim olunur.

     Respublika Komitəsinin sədri çıxışının sonunda dedi, sadaladığım tədbirlər siz gənclərlə həyata keçirdiyimiz fəaliyyətin bir hissəsidir.

Sizə təhsil illərinizdə və şəxsi həyatınızda uğurlar arzulayır və bildirmək istəyirəm ki, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı bundan sonra da gənclər siyasətinin fəal iştirakçısı olacaq, Azərbaycan gənclərinin inkişafına, sosial müdafiəsinin gücləndirilməsinə dəstək verəcək, dövlətimizə layiqli vətəndaş kimi yetişməyiniz üçün bütün imkanlardan səmərəli istifadə edəcəkdir.

Tədbirdə Lənkəran Dövlət Universitetinin III kurs tələbəsi Arzu Əsədullayeva, Azərbaycan Dövlət Aqrar Universitetinin III kurs tələbəsi Lətif Bayramov, Azərbaycan Dillər Universitetinin I kurs tələbəsi Aytən Mövsümzadə və Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin II kurs tələbəsi Jalə Rzayeva çıxış edərək diqqət və qayğıya görə dövlətimizə və həmkarlar ittifaqlarına təşəkkürlərini bildirdilər. Dedilər ki, bu diqqət biz tələbələri təhsildə daha böyük uğurlara imza atmağa və ali məktəblərimizin ictimai həyatında fəallığımızı qat-qat artırmağa ruhlandırır. Sonra “Adlı təqaüd”ə layiq görülmüş tələbələrin hər birinə 300 manat nağd pul təqdim olundu.

Bəyalı RZAYEV