“Adlı təqaüd”lər təqdim olundu


Baxıldı : 60

Tarix : 2018-11-08 07:30:05


Noyabrın 7-də 2017-2018-ci dərs ilinin yay imtahan sessiyasının nəticələrinə görə tələbələrə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin  adlı təqaüdünün verilməsi mərasimi keçirilmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında baş tutan bu tədbirdə respublikamızın 19 ali təhsil ocağından adlı təqaüdə layiq görülmüş tələbələrlə yanaşı, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və valideynlər də iştirak edirdilər. Mərasimdə TİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev geniş giriş sözü söyləmişdir. O, əvvəlcə tədbir iştirakçılarını salamlamış, adlı təqaüdə layiq görülmüş tələbələrə təhsildə və şəxsi həyatlarında uğurlar arzulamışdır. Demişdir ki, Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Sevindirici haldır ki, gənclərimiz ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir. Onlar siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Heç şübhəsiz ki, bütün bunlara ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində nail olunmuşdur. 

 

 

 

Bilirsiniz ki, Azərbaycanda gənclər siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra respublikamız həm Qarabağ müharibəsi ilə əlaqədar yaranmış gərgin vəziyyət, eyni zamanda bir çox siyasi, iqtisadi və ictimai çətinliklərlə üzləşmişdi.

Məhz ulu öndərin qətiyyətli mövqeyi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan gəncliyi özünün inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin ümumrespublika forumları keçirildi, gənclərlə bağlı dövlət proqramları qəbul olunaraq icra edildi. Ümummilli liderin gəncliyə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq 1996-cı ildə MDB ölkələrində və Şərqi Avropada ilk dəfə olaraq 2 fevral tarixi Azərbaycan Gəncləri Günü kimi təsdiq olundu.

Müasir Azərbaycanın memarı Heydər Əliyev Azərbaycan gənclərinə, onların gələcəyinə inanaraq deyirdi: “Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var. Bunlar sizlərsiniz, əziz övladlar!”

Sevindirici haldır ki, ulu öndərin qurucusu olduğu müasir Azərbaycan dövləti bu gün də etibarlı əllərdədir. Onun Azərbaycan gəncliyinin inkişafı ilə bağlı başlamış olduğu müqəddəs iş Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Bu gün Azərbaycanda gənclərin inkişafının təmin edilməsi üçün ardıcıl iş aparılır. Azərbaycanda gənclər siyasəti geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verir, ölkəmizin qüdrətli dövlətə çevrilməsi prosesini stimullaşdırır.

S.Möhbalıyev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti və bu siyasət nəticəsində gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənclərin imkanlarını genişləndirir.

Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir. Son illərdə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. Təsadüfi deyildir ki, dövlət başçısının müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi. Son illər qəbul olunmuş dövlət proqramlarının əksəriyyətində də gənclərlə bağlı bəndlər öz əksini tapmışdır.

Buna misal olaraq ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı, 6 aprel 2011-ci il tarixində təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılmasını, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və digər addımları qeyd etmək olar.

Həmçinin Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” qəbul olundu ki, bu da Azərbaycan gənclərinin inkişafının yeni mərhələsinin əsasını qoymuş oldu.

Nəzərdə tutulan tədbirlərin icrası nəticəsində gənclər siyasətinin səmərəliliyinin artırılması, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin fiziki və mənəvi sağlamlığının möhkəmləndirilməsi, gənclərin iqtisadi fəallığının artırılması və sahibkarlığın inkişaf etdirilməsi, gənclərin intellektual inkişafının və elmi fəaliyyətinin stimullaşdırılması, qeyri-formal təhsil vasitəsilə gənclərin inkişaf etdirilməsi, mədəniyyət və incəsənət sahələrində istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi mümkün olacaq.

Eyni zamanda gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması, gənclərin ictimai həyatda daha fəal iştirakının stimullaşdırılması, gənclərin hüquqi biliklərinin artırılması, informasiya texnologiyaları sahəsində gənclərin bilik və bacarıqlarının artırılması, gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi kimi nəticələrə nail olunacaqdır.

Qeyd etmişdir ki, dövlət başçımız tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinə dəstək vermək hər birimiz üçün mühüm olan məsələlərdən biridir. Bu Dövlət Proqramı Azərbaycan həmkarlar ittifaqları qarşısında da mühüm vəzifələr müəyyən edir.

Məlumat üçün qeyd edim ki, TİAHİ-nin üzv təşkilatlarındakı 381347 ittifaq üzvündən 128645 nəfərini və yaxud 34%-ni 29 yaşa qədər gənclər təşkil edir. İttifaqımızın tərkibində olan ali məktəblər, kollec, peşə məktəbi və liseylərdə 144650 tələbə təhsil alır ki, onlardan da 78886 nəfəri ittifaqın üzvüdür.

Respublika Komitəsi tərəfindən həyata  keçirilən gənclər siyasəti bir neçə istiqaməti əhatə edir: gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması məqsədilə müxtəlif tədbirlərin keçirilməsi, onların istedad və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, gənclərin elmə, təhsilə marağının artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi, hərbi-vətənpərvərlik tərbiyəsi işinin aparılması və s.

Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Respublika Komitəsi tərəfindən hər il çoxsaylı tədbirlər həyata keçirilir. Gənclərin hüquq və mənafelərinin müdafiə olunması, onların həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi, işəgötürənlər tərəfindən gənclərin hüquqlarının qorunması, onların sağlam ruhda böyüməsi Respublika Komitəsinin gənclərlə bağlı fəaliyyətinin əsasını təşkil edir.

S.Möhbalıyev daha sonra diqqətə çatdırmışdır ki, hər il spartakiadalar, müsabiqələr, idmanın müxtəlif növləri üzrə yarışlar, intellektual oyunlar təşkil edilir, ehtiyacı olan ittifaq üzvlərinə maddi yardımlar verilir. Bundan başqa, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə TİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilmişdir. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2209 nəfərdən artıq tələbə bu təqaüddən yararlanmışdır. Bu gün isə daha 61 tələbəyə bu təqaüd təqdim ediləcəkdir.

Tələbə-gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə TİAHİ Respublika Komitəsinin vəsaiti hesabına aztəminatlı təbəqələrdən olan tələbələr üçün hər il pulsuz nahar yeməyi təşkil edilmişdir. Hər il həmin güzəştdən respublikamızın 16 ali təhsil müəssisəsinin 230 nəfər tələbəsi istifadə edir.

 

2004-cü ildən  ali məktəb  tələbələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bədii yaradıcılıq festivalı keçirilir. Təhsil Nazirliyi ilə birgə keçirilən festivalın təkcə final mərhələsində hər il 250-nəfərdən artıq tələbə iştirak edir.

2004-cü ildən  ali məktəb  tələbələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bədii yaradıcılıq festivalı keçirilir. Təhsil Nazirliyi ilə birgə keçirilən festivalın təkcə final mərhələsində hər il 250-nəfərdən artıq tələbə iştirak edir.

Gənclərin sağlam həyat keçirmələri, idmanın kütləviliyinin təmin edilməsi ilə bağlı hər iki ildən bir TİAHİ Respublika Komitəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Respublika Komitəsinin  xidmətində olan “Gənclik” Tələbə-İdman Cəmiyyəti ilə birgə ali məktəb tələbələrinin Universiadası və orta ixtisas təhsili müəssisələrinin Spartakiadası, ali məktəb tələbələri arasında futzal üzrə idman yarışları təşkil edilir. Bu idman yarışları minlərlə tələbəni əhatə etmişdir.

Bundan başqa, tələbə-gənclərin intellektual səviyyələrinin və dünyagörüşlərinin artırılması məqsədilə Respublika Komitəsi tərəfindən hər il ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?”  intellektual oyunu üzrə yarışlar keçirilir.

Gənclərdə əmək fəaliyyətinə stimullaşdırılması məqsədilə artıq bir neçə ildir ki, həmkarlar ittifaqı olan gənclər arasında “İlin peşəkar gənci” müsabiqəsi təşkil olunur. Bu müsabiqədə də yüzlərlə gənc iştirak edir və qaliblər Respublika Komitəsi tərəfindən mükafatlandırılır.

Həmçinin TİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə Novruz bayramı və Silahlı Qüvvələr Günü ərəfəsində Füzuli, Beyləqan, Qusar bölgələrində yerləşən “N” saylı hərbi hissələrin əsgər və zabitləri ilə gənclərin görüşləri təşkil edilir, onlara bayram sovqatları və geniş konsert proqramı təqdim olunur.

Sadaladığım tədbirlər Siz gənclərlə həyata keçirdiyimiz fəaliyyətin bir hissəsini əhatə edir. Bizim bu tədbirləri təşkil etməkdə başlıca məqsədimiz gənclərin asudə vaxtının səmərəli keçirilməsini, pis vərdişlərdən uzaq olmalarını təmin etmək, Sizdə elmə, təhsilə maraq yaratmaqdır. 

Respublika Komitəsinin sədri çıxışının sonunda bir daha tələbələrə təhsil illərində və şəxsi həyatında uğurlar arzulamışdır. Bildirmişdir ki, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı bundan sonra da gənclər siyasətinin fəal iştirakçısı olacaq, Azərbaycan gənclərinin inkişafına, sosial müdafiəsinin gücləndirilməsinə dəstək verəcək, gənclərimizin dövlətimizə layiqli vətəndaş kimi yetişməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcəkdir.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər və İdman Siyasəti Şöbəsinin sektor müdiri İrfan Davudov çıxış edərək belə bir xoşməramlı tədbirə dəvət olunduğu üçün Səttar müəllimə təşəkkürünü bildirdi. Təəssüflə dedi ki, mənim tələbəlik illərim 1995-ci ildən bir qədər əvvələ düşüb. Yoxsa bu təqaüdü mən də alardım. Tələbə üçün belə təqaüdlərin stimullaşdırıcı mahiyyətini mən təsəvvür edirəm. Həmkarlar ittifaqının bu layihəsi çox təqdirəlayiqdir. Tələbələrin gələcəyin fəal ictimaiyyətçisi və savadlı kadrı kimi yetişməsi baxımından əvəzsiz təşəbbüsdür. Digər qeyri-hökumət təşkilatları həmkarlar ittifaqlarının bu təşəbbüsündən nümunə götürməlidirlər.

İrfan müəllim dövlətimizin gənclər siyasətinin, qısa da olsa, bəzi məqamlarına toxundu. Dedi ki, ümummilli liderimiz Heydər Əliyev hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə gənclərə Azərbaycanın gələcəyinin aparıcı qüvvəsi kimi böyük ümidlərlə yanaşırdı. Onların təhsilinə, intellektual səviyyəsinin yüksəldilməsinə, peşə bacarıqlarının formalaşmasına, təkmilləşməsinə hər cür şərait yaradırdı. Məhz ümummilli liderin şəxsi təşəbbüsü sayəsində çox sayda Azərbaycan gənci keçmiş SSRİ-nin tanınmış institutlarına, hərbi akademiyalarına təhsil almağa göndərildi. Həmin gənclər sonralar müstəqillik qazanmış respublikamızın iqtisadi hərbi quruculuğunda həlledici rol oynadılar.

O ənənə Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilir. Gənclərimizə ölkəmizdə yaradılmış təhsil imkanlarından maksimum yararlanmağı tövsiyə edirəm.

İ.Davudov çıxışının sonunda bir daha TİAHİ Respublika Komitəsinin rəhbərliyinə bu layihəyə görə təşəkkürünü bildirdi. Mükafatlandırma mərasiminə gəlmiş gəncləri təbrik etdi, onlara vətənimizin gələcəyi naminə yeni uğurlar arzuladı.

Tədbirin kürsüsündən gənclər də ürək sözlərini söylədilər. Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Manaf Talıbov, Azərbaycan Dövlət Aqrar Universitetinin V kurs tələbəsi Sadiq Əlizadə, Lənkəran Dövlət Universitetinin III kurs tələbəsi Fidan Xəlilli, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi Tural Əkbərli, Azərbaycan Dillər Universitetinin tələbəsi Nicat Aşurov, Azərbaycan Texniki Universitetinin tələbəsi Əfsanə Əzizova və başqaları dövlətimizin gənclər siyasətinin faydalarını öz həyatlarında hiss etdiklərini söylədilər. Bildirdilər ki, yaradılmış şərait gənclərin müasir tələblər səviyyəsində təhsil almasına, öz təfəkkürünü inkişaf etdirməsinə, əylənməsinə, fiziki hazırlığını artırmasına imkan verir.

Onu da bildirdilər ki, indiki gənclik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir. Onun hər bir qərarının həyata keçirilməsi üçün verilən qərarları yerinə yetirməyə hazırdır.

Çıxış edənlər Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarına, bu qurumun sədri, millət vəkili Səttar Möhbalıyevə tələbə-gənclərə göstərdiyi qayğıya görə təşəkkürlərini bildirdilər. Etiraf etdilər ki, adlı təqaüdlərə namizədlər seçilərkən ədalət prinsipi əsas götürülüb. Ən yaxşılar Respublika Komitəsinə təqdim olunub. Bu ad uğrunda mübarizə gərgin olur, amma təhsilimizin inkişafına böyük faydalar gətirir. Elm uğrunda rəqabət son məqamda cəmiyyətimizin inkişafına xidmət göstərir.

Sonra adlı təqaüdlərin sahibləri Rəyasət Heyətinə dəvət olundular. Onlara mükafatları TİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər və İdman Siyasəti Şöbəsinin sektor müdiri İrfan Davudov təqdim etdilər.

Bəyalı RZAYEV