Adlı təqaüdlər təqdim olundu Daha 64 tələbə bu təqaüdə layiq görüldü


Baxıldı : 84

Tarix : 2019-10-11 17:53:03


Oktyabrın 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2018/2019-cu dərs ilinin yay imtahan sessiyasının nəticələrinə görə tələbələrə adlı təqaüdün verilməsi mərasimi keçirilib. Mərasimə adlı təqaüdə layiq görülmüş tələbələr, universitetlərin tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri dəvət olunmuşdular. Tədbirdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev geniş mətndə çıxış etdi.

S.Möhbalıyev çıxışının əvvəlində gəncləri yay imtahan sessiyasını uğurla başa vurduqlarına görə təbrik etdi, onlara təhsil və şəxsi həyatlarında yeni-yeni nailiyyətlər arzuladı.

Gənclərimizin təhsil aldıqları ali məktəblərin ictimai həyatında fəal iştirakını yüksək qiymətləndirdi. Onu da qeyd etdi ki, tələbəlik illərində ictimai işlərdə topladıqları təcrübə müstəqil əmək fəaliyyəti dövründə onlara siyasi, iqtisadi, sosial və sair sahələrdə cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilməkdə böyük köməklik göstərir.

Səttar müəllim dedi ki, gənclərin fəallığının əsasında dövlətimizin düşünülmüş gənclər siyasəti durur. Bu siyasətin təməlini isə xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur. Elə bir vaxtda ki, Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi. Respublikamızda ictimai, siyasi vəziyyət çox gərgin idi. Qarabağ müharibəsi, müxtəlif bölgələrdə baş qaldırmış separatçılıq meyilləri ciddi problemlər yaratmışdı.

Məhz belə bir çətin durumdan respublikamız Ulu Öndərin qətiyyətli mövqeyi, uzaqgörən siyasəti nəticəsində uğurla çıxdı. Digər sahələr kimi, Azərbaycan gəncliyi də özünün inkişaf mərhələsinə qədəm qoydu.

Ümummilli lider Heydər Əliyevin sərəncamları, fərmanları ilə Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin ümumrespublika forumları keçirildi, gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul olundu və icra edildi. Ümummilli liderin gəncliyə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq 1997-ci ildə MDB ölkələrində və Şərqi Avropada ilk dəfə olaraq 2 fevral tarixi Azərbaycan Gəncləri Günü kimi təsdiq olundu.

Müasir Azərbaycanın memarı Heydər Əliyev Azərbaycan gənclərinə, onların gələcəyinə çox inanırdı və deyirdi: “Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.

Sevindirici haldır ki, Ulu Öndərin qurucusu olduğu müasir Azərbaycan dövləti bu gün etibarlı əllərdədir. Azərbaycan gəncliyinin inkişafı ilə bağlı nəzərdə tutulmuş proqram və konkret işlər möhtərəm  Prezidentimiz İlham Əliyev və Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Millət vəkili gənclərin inkişafının təmin edilməsi üçün görülən işlərdən danışarkən dedi, Azərbaycanda gənclər siyasəti geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı sahələri əhatə edir. Dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verir, ölkəmizin qüdrətli dövlətə çevrilməsi prosesini sürətləndirir.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində xeyli uğurlar qazanılmışdır. Atılan məqsədyönlü addımlar gənclərin imkanlarını genişləndirmiş, onların hərtərəfli inkişafına şərait yaratmışdır.

Dövlət başçısının sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi. Son illər qəbul olunmuş dövlət proqramlarının əksəriyyətində də gənclərlə bağlı bəndlər öz əksini tapmışdır.

Buna misal olaraq ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı, 2011-ci il aprelin 6-da təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını, Gənclər Fondunun yaradılmasını, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsini və digər addımları qeyd etmək olar.

Prezident İlham Əliyevin 2015-ci il yanvarın 26-da imzaladığı “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da Azərbaycan gənclərinin inkişafına yeni stimul verdi.

“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin  Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamı ölkə başçısının gənclərimizə olan diqqət və qayğısının, onların sosial müdafiəsinə qayğısının davamlı olduğunun əyani sübutudur.

İcazə verin, möhtərəm Prezidentimizə gənclərə göstərdiyi bu diqqət və qayğıya görə bir daha öz təşəkkür və minnətdarlığımızı bildirək.

Nəzərdə tutulan tədbirlərin icrası nəticəsində gənclər siyasətinin səmərəliliyinin artırılması, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki və mənəvi sağlamlıqlarının möhkəmləndirilməsi, iqtisadi fəallıqlarının, sahibkarlıq bacarığının artırılması və intellektual inkişafının və elmi fəaliyyətinin stimullaşdırılması, mədəniyyət və incəsənət sahəsində istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi mümkün olacaqdır.

Dövlət başçımızın uğurla həyata keçirilən gənclər siyasətinə dəstək vermək hər birimizin mənəvi və vəzifə borcudur. Bu Dövlət Proqramı Azərbaycan həmkarlar ittifaqları qarşısında da mühüm vəzifələr müəyyən etmişdir.

Məlumat üçün qeyd edim ki, TİAHİ-nin üzv təşkilatlarındakı 379053 ittifaq üzvündən 84923 nəfəri və ya 22%-i tələbə gənclərdir.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən həyata keçirilən gənclər siyasəti bir neçə istiqaməti əhatə edir. Gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, istedadlı gənclərin aşkara çıxarılması məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsi, onların istedad və qabiliyyətlərinin inkişafına şərait yaradılması, gənclərdə elmə, təhsilə marağın artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi, hərbi vətənpərvərlik tərbiyəsi işinin aparılması və sair işləri misal göstərmək olar.

Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən hər il çoxsaylı tədbirlər həyata keçirilir və siz bu tədbirlərdə yaxından iştirak edirsiniz.

Gənclərin hüquq və mənafelərinin müdafiə olunması, onların həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi, işəgötürənlər tərəfindən gənclərin hüquqlarının qorunması, onların sağlam ruhda böyüməsi Respublika Komitəsinin gənclərlə bağlı fəaliyyətinin əsasını təşkil edir.

Hər il spartakiadalar, müsabiqələr, idmanın müxtəlif növləri üzrə yarışlar, intellektual oyunlar təşkil edilir, ehtiyacı olan ittifaq üzvlərinə maddi yardımlar verilir. Bundan başqa, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə TİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilmişdir. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2331 nəfərdən artıq tələbə bu təqaüddən yararlanmışdır. İndi isə daha 64 tələbəyə bu təqaüd təqdim ediləcəkdir.

Məlumat üçün bildirirəm ki, bu gün bu siyahıya Bakı Mühəndislik Universitetinin də 3 tələbəsi əlavə olunmuşdur.

Tələbə gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə TİAHİ Respublika Komitəsinin vəsaiti hesabına aztəminatlı təbəqələrdən olan tələbələr üçün hər il pulsuz nahar yeməyi təşkil edilmişdir. Hər il həmin güzəştdən respublikamızın 18 ali təhsil müəssisəsinin 255 nəfər tələbəsi istifadə edir ki, Bakı Mühəndislik Universitetinin 15 tələbəsi də bu gənclərin arasındadır.

2004-cü ildən  ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bədii yaradıcılıq festivalı keçirilir. Təhsil Nazirliyi ilə birgə keçirilən festivalın təkcə final mərhələsində hər il 250 nəfərdən artıq tələbə iştirak edir.

Gənclərin sağlam həyat tərzi keçirmələri, idmanın kütləviliyinin təmin edilməsi ilə bağlı vaxtaşırı olaraq TİAHİ Respublika Komitəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Respublika Komitəsinin xidmətində olan “Gənclik” Tələbə-İdman Cəmiyyəti ilə birgə tələbələrin universiadasını və orta ixtisas təhsili müəssisələrinin spartakiadasını, ali məktəb tələbələri arasında futzal üzrə idman yarışları keçirir. Bu idman yarışları indiyə qədər minlərlə tələbəni əhatə etmişdir.

Tələbə gənclərin intellektual səviyyələrinin və dünya görüşlərinin artırılması məqsədilə Respublika Komitəsi tərəfindən hər il ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olunur.

Gənclərin əmək fəaliyyətinin stimullaşdırılması məqsədilə artıq bir neçə ildir ki, həmkarlar ittifaqı üzrə olan gənclər arasında “İlin peşəkar gənci” müsabiqəsi keçirilir. Bu müsabiqədə də yüzlərlə gənc iştirak edir və qaliblər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Respublika Komitəsi tərəfindən mükafatlandırılır.

Həmçinin TİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə Novruz bayramı və Silahlı Qüvvələr Günü ərəfəsində Füzuli, Beyləqan, Qusar bölgələrində yerləşən “N” saylı hərbi hissələrin əsgər və zabitləri ilə gənclərin görüşləri təşkil edilir, onlara bayram sovqatları və geniş konsert proqramı təqdim olunur.

Mən gənclərlə bağlı həyata keçirdiyimiz tədbirlərin yalnız kiçik bir hissəsini diqqətinizə çatdırdım. Bizim bu tədbirləri təşkil etməkdə başlıca məqsədimiz gənclərin asudə vaxtının səmərəli keçməsini, zərərli vərdişlərdən uzaq olmağınızı təmin etmək, sizdə elmə, təhsilə, idmana maraq yaratmaqdır.

Səttar müəllim çıxışının sonunda bir daha gənclərə təhsildə və şəxsi həyatlarında uğurlar arzuladı və bildirdi ki, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və onun strukturları bundan sonra da dövlətimizin gənclər siyasətinin fəal iştirakçısı olacaq, Azərbaycan gənclərinin inkişafına, sosial müdafiəsinin gücləndirilməsinə dəstək verəcək, layiqli vətəndaş kimi yetişməyiniz üçün bütün imkanlarından səmərəli istifadə edəcəkdir.

(Adlı təqaüdə layiq görülən tələbələrin şəkilləri qəzetimizin növbəti sayında dərc olunacaq).