Advokat


Baxıldı : 582

Tarix : 2015-01-10 04:30:00


1983-1996-cı illərdə Rusiya Federasiyasının Komi Respublikasının Vorkuta şəhərində kömür şaxtasında işləmişəm. 1996-cı ildə orada Sosial Tibbi Ekspertizanın qərarı ilə 25 faiz əmək qabiliyyətimi itirməyə görə (peşə xəstəliyi ilə əlaqədar) yeraltı işdən çıxaraq Bakıya qayıtdım. 1997-ci ildən büdcə təşkilatında çalışıram.Əvvəllər yeraltı işlərdə çalışanlar 50 yaşında və 10 il əmək stajı ilə pensiyaya çıxırdı. Xahiş edirəm, aşağıdakı suallarımı cavablandırasınız.1. İşlədiyim sahəyə əsasən pensiyaya tez çıxa bilərəmmi?2. Azərbaycan qanunlarına görə, yeraltı işlərdə çalışanlar üçün yaş həddi və təqaüdün hesablanması necə aparılır?3. Mənim 52 yaşım olduqda pensiyaya çıxa bilərəmmi?4. Respublikamızda əmək qabiliyyətini itirməyimi yenidən bərpa edə bilərəmmi?Hüseyn XUDİYEV,Bakı şəhəri.- Azərbaycan qanunvericiliyində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən sahələrin adları dəqiqləşdirilmiş, kişi və qadınların bu növ pensiya almaq üçün yaş həddi və əmək stajı müəyyən olunmuşdur. Qanunlarımızın tələblərinə əsaslanaraq müxtəlif məzmunlu suallarınıza ayrılıqda cavab verəcəyik:1. \ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı\ Nazirlər Kabineti tərəfindən 23.01.2007-ci ildə 12 nömrəli qərarla təsdiq edilmişdir. Həmin Siyahıda kömür sənayesində, şaxtalarda, yeraltı işlərdə, dağ-mədən işlərində və sair sahələrdə çalışan müxtəlif peşələrin adları əks olunmuşdur. Lakin Sizin yazdıqlarınıza əsaslanıb dəqiq məlumat verə bilmirik. Çünki peşəniz, işiniz haqqında yalnız Sizə aid olan əmək kitabçasında dəqiq məlumat olacaqdır. Sualınıza ən düzgün cavabı almaq üçün əmək kitabçasını DSMF-in rayon şöbəsinə təqdim etməklə onlardan ala bilərsiniz.2. İkinci sualınıza \ Əmək pensiyaları haqqında\ qanunun 9.1. maddəsi ilə cavab veririk: \ Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların -kişilər 57 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır\ .Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması da yaşa görə əmək pensiyasının hesablanması qaydasında DSMF-in müvafiq rayon şöbəsində aparılır.3. Bu sualınızın cavabını yuxarıda bildirmişik: kişilər üçün bu növ pensiyaya çıxmağın yaş həddi qüvvədə olan qanunvericiliyə əsasən 57 yaşdır.4. Respublikamızda şəxsin əlil olması, əmək qabiliyyətinin itirilməsi dərəcəsi ƏƏSMN-in tabeliyində olan əhaliyə ekspertiza xidməti göstərən TSEK tərəfindən müəyyən olunur. TSEK bir qayda olaraq müalicə - profilaktika müəssisələrinin bazasında yerləşdirilir. Bu komissiyada şəxslərin müayinəsi səhiyyə idarələrinin göstərişi əsasında həyata keçirilir.Siz müalicə-profilaktika müəssisələrinin göndərişi əsasında, şəxsiyyət vəsiqəsini də təqdim etməklə, ya qeydiyyatda olduğunuz, ya da faktiki yaşadığınız rayon (şəhər) üzrə xidmət edən TSEK-də müayinə olunmaqla, əmək qabiliyyətinin itirilməsini qanunvericiliyə uyğun olaraq, tələblərə cavab verirsə, bərpa etdirə bilərsiniz.Bilmək istəyirəm, əmək müqaviləsi hansı vaxtdan qüvvəyə minir? Oğlum özəl şirkətə işə düzəlir. Orada deyirlər ki, müqavilənin qüvvəyə minməsi üçün onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmək lazımdır. Yalnız onlar razılıq verdikdən sonra qüvvəyə minəcək. Bu bütün idarələrdə belədir, yoxsa təkcə özəl təşkilatlar üçün bu cür qayda var?Gülçöhrə VƏLİYEVA,Bakı şəhəri.- Yox, Sizə bir qədər yanlış məlumat verilib. Belə ki, 27 dekabr 2013-cü ildə Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsi bağlandıqdan sonra müəyyən edilmiş qaydada bir iş günündən gec olmayaraq əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilir. Bu bildiriş sistemdə qeydiyyata alınır və bildirişin qeydiyyata alınması barədə həmin işəgötürənə məlumat göndərilir.Yalnız bundan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minir və işçi ilə işəgötürən arasında əmək münasibətləri yaranır.Amma Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1 hissəsinə görə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikasının 8 iyul 2014-cü il tarixli 206 saylı Fərmanı ilə \ Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı” təsdiq edilmişdir. Bunlar aşağıdakılardır:1. Seçkisi və ya təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr,2. Təyinatı Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aparılan vəzifələr.3. Seçki və ya təyinatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, təyinatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən aparılan vəzifələr.4. Prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında xüsusi rütbəli vəzifələr.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçilərinin tutduğu vəzifələr.Bu vəzifələrə təyin edilən şəxslərlə əmək müqaviləsi bağlanan zaman əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə yerləşdirilməsi tələb edilmir.Sorğuları şərh etdi: AHİK-in Hüquq Şöbəsi