Advokat


Baxıldı : 569

Tarix : 2015-01-17 13:19:00


Şəxs məcburi olaraq işlədilə bilərmi? Əgər belə olarsa, bu, insan hüquqlarının məhdudlaşdırılması hesab edilmirmi?Zabil MUSAYEV,Daşkəsən şəhəri.- Məcburi əməyin qadağan edilməsi BƏT-in bir sıra konvensiyalarında - \ İcbari və ya məcburi əməkhaqqında\ , \ İcbari əməyin ləğv edilməsi haqqında\ , \ Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında\ konvensiyaları ilə qadağan edilmişdir. Respublikamızda hər 3 konvensiya ratifikasiya edilmişdir.Milli qanunvericiliyimizdə də məcburi əməyin qadağan edilməsi təsbit edilmişdir. Konstitusiyanın 35-ci maddəsində deyilir ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var. Heç kəs zorla işlədilə bilməzƏmək Məcəlləsinin 17-ci maddəsi \ Məcburi əməyin qadağan edilməsi\ adlanır. Burada qeyd edilir ki, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.İnzibati Xətalar Məcəlləsinin 53-1 maddəsində (\ Məcburi əmək\ ) həmin məsuliyyət belə nəzərdə tutulmuşdur: Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçinin əmək funksiyasına daxil olmayan işin (xidmətin) yerinə yetirilməsinə məcbur edilməsinə görə - min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.Lakin həm Konstitusiyamızda, həm də Əmək Məcəlləsində bəzi hallar qeyd edilmişdir ki, bu zaman məcburi əməyə yol verilir. Bu hallarda işçinin əmək funksiyasına daxil olmayan işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi heç bir məsuliyyət yaratmır.Konstitusiyamıza əsasən, məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunda nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işləmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir.Əmək Məcəlləsinin 17-ci maddəsinə əsasən isə, hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verilir.Sualınızın ikinci hissəsinə yenə də Konstitusiyanın müvafiq maddəsi ilə cavab veririk: insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərinin hüquq və azadlıqları ilə məhdudlaşır.Yuxarıda qeyd etdiyimiz məcburi əməyə cəlbetmə halları Konstitusiya və qanunla (ƏM ilə) müəyyən edilmiş əsaslarla olduğu üçün bu işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlbetmə heç bir vətəndaşın və ya işçinin azadlığının məhdudlaşdırılması demək deyildir.Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən rəhbərlik etdiyim təşkilatda yoxlama aparıldı. Yoxlama nəticəsində 2 aya yaxın çalışan bir işçiyə əmək kitabçası açılmadığına görə idarə 700 AZN cərimə edildi. Amma qeyd etmək də istərdim ki, işçiylə əmək müqaviləsi bağlanılıb, əmək müqaviləsinin elektron bildiriş forması sistemdə qeydə alınıb, həmçinin əmrləşdirilib. Bilmək istərdim ki, idarəyə bu cərimənin yazılması düzgündürmü? Əgər həqiqətən də əmək kitabçası açmamağa görə cərimə düşürsə, bunun məbləği doğrudan da 700 AZN dir?Musa TAPDIQOV,Beyləqan rayonu.- Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır. ƏM-in 15-ci maddəsinə əsasən, bu orqan öz səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyini pozan təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, eyni zamanda İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş hallarda və qaydada həmin şəxsləri inzibati məsuliyyətə cəlb etmək hüququna malikdir. Nəzərinizə çatdırırıq ki, bu orqanın səlahiyyətləri, hüquqları, fəaliyyət qaydaları və vəzifələri müvafiq əsasnamə ilə tənzim edilir.Rəhbərlik etdiyiniz təşkilatda işçiyə əmək kitabçasının açılmadığına görə cərimə müəyyən edərkən də qanunvericiliyin tələblərinə uyğun hərəkət etmişlər.Sualınızda qeyd edirsiniz ki, işçi ilə əmək müqaviləsi bağlayarkən bu müqavilənin bildiriş formasını elektron informasiya sistemində qeydiyyata aldırmısınız, yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmiş, sonra işçi ilə əmək münasibətləri yaratmısınız.İşçi ilə əmək müqaviləsi bağlanarkən ƏM-in 48-ci maddəsinin tələblərinə uyğun olaraq işçi müəyyən sənədləri təqdim etməlidir ki, bu sənədlər də elə həmin maddədə qeyd olunur: - \ Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir\ (ƏM maddə 48.1-ci hissə). İlk dəfə əmək müqaviləsi bağlanarkən əmək kitabçası tələb edilmir.\ İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları\ na əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 1.2. maddəsinə uyğun olaraq əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır.İşçi ilə əmək münasibətlərini əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra yaratmaqla əmək qanunvericiliyinin tələblərinə əməl etsəniz də, 2 aya yaxın çalışan işçidən əmək kitabçası tələb etmədiyinizə görə (işçinin birinci iş yeridirsə, əmək kitabçası açmadığınıza görə) əmək qanunvericiliyinin tələblərini pozmusunuz. Bu səbəbdən vəzifəli səxsin cərimə edilməsi qanunun tələblərinə uyğundur. Belə ki, İXM-in 53-cü maddəsi \ Əmək qanunvericiliyinin pozulması\ adlanır. 53.7 maddədə deyilir:- İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə - vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir\ .Göründüyü kimi, İXM-də cərimənin kimə yönəldilməsi və miqdarı tam açıqlanmışdır. Odur ki, təqsirkar vəzifəli şəxsin qeyd olunan səbəb üzündən 700 manat miqdarında cərimə edilməsində heç bir qanun pozuntusu yoxdur.Sonda nəzərinizə çatdırırıq ki, ƏM-ə əsasən, DƏMX-in əməkdaşlarının ƏM-ə və əmək qanunvericiliyinə aid digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir (ƏM maddə 15).Sorğuları şərh etdi: AHİK-in Hüquq Şöbəsi