Advokat


Baxıldı : 847

Tarix : 2015-01-24 05:50:00


Mən 01 iyun 2001-ci ildən 02 dekabr 2014-cü ilədək DƏMX-nin 10 saylı region üzrə Əmək Müfəttişliyində baş əmək müfəttişi vəzifəsində çalışmışam. 2-ci dərəcəli dövlət qulluqçusuyam. 02 dekabr 2014-cü ildən 65 yaşa görə, Dövlət qulluğu haqqında” qanunun 33.1.1 maddəsinə əsasən, öz xahişimlə işdən azad olunmuşam. Məlum olmayan səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənə çatası 6 aylıq müavinəti vermir.\ Dövlət qulluğu haqqında\ Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona, qanunvericiliyə uyğun olaraq, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq , umumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilir. Sizdən xahiş edirəm, ümumi qaydada hesablanmış pensiyanın 6 misli məbləğinin mənə nə üçün verilib-verilməməsini izah edəsiniz.Abdulla HƏSƏNOV Bakı şəhəri.- Sualınıza cavab olaraq ilk əvvəl bildiririk ki, \ dövlət qulluqçusunun pensiya yaşına çatması\ və \ dövlət qulluğunda olmanın yaş həddi\ ayrı-ayrı məfhumlardır. Respublikamızda hansı idarə, müəssisə və təşkilatda çalışmasından asılı olmayaraq kişilər və qadınlar üçün yaşa görə əmək pensiyasına çıxmanın yaş həddi \ Əmək pensiyaları haqqında\ qanunla müəyyən edilir. Hazırda kişilər üçün yaşa görə əmək pensiyası hüququ 63 yaşda yaranır. Bu yaş dövlət qulluğunda çalışan kişilərə də şamil olunur:Lakin dövlət qulluğunda olmanın yaş həddi 63 yaş yox, 65 yaşdır ki, bu da \ Dövlət qulluğu haqqında\ qanunun 32.1.1 maddəsində yer almışdır: \ Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir\ .Məktubunuzda qeyd etdiyiniz \ Dövlət qulluğu haqqında\ qanunun 33-cü maddəsində dövlət qulluğuna xitam verilməsinin əsasları sadalanır.Pensiya yaşına çatdığına görə işçinin işdən azad edilə biləcəyi haqqında qüvvədə olan qanunvericilikdə heç bir müddəa olmasa da, qeyd olunan qanunun 33.1.12 maddəsinə əsasən, dövlət qulluğunda olmanın yaş həddinə çatmaq dövlət qulluğuna xitam verilməsi üçün əsaslardan biridir.33.1.1 maddə ilə öz arzunuzla dövlət qulluğuna xitam verilməsinin pensiya yaşına çatmaqla heç bir əlaqəsi yoxdur. Məktubunuzdan da göründüyü kimi, Siz pensiya yaşına çatdıqda yox, dövlət qulluğunda çalışmanın yaş həddinə çatdıqda öz arzunuzla işdən azad olunmusunuz. Doğrudur, qanunun 33.2-ci maddəsində qeyd etdiyiniz 6 aylıq müavinətdən danışılır: \ Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur\ .Maddənin məzmununda göründüyü kimi, 6 aylıq birdəfəlik haqq yalnız pensiya yaşına çatmasına görə öz arzusu ilə işdən azad olunan dövlət qulluqçularına verilir. Əgər Sizin 63 yaşınız tamam olanda öz ərizənizlə dövlət qulluğuna xitam verilsəydi, o zaman qeyd olunan 6 aylıq birdəfəlik haqq da hesablanıb verilməli idi. Lakin dövlət qulluğunda çalışmanın yaş həddinə çatdığınız üçün (65 yaşda) öz ərizənizlə dövlət qulluğuna xitam verildiyindən 33.2 maddədə nəzərdə tutulan məbləğdə birdəfəlik haqq Sizə verilməyəcək.Müdiriyyət yaxın günlərdə məni və mənimlə birgə çalışan 3 işçini rayona ezamiyyətə gördərəcək. Eşitmişəm ki, gecə qalmayacağımıza görə mehmanxana xərci bizə verilməyəcək. Axı işçi ezamiyyətə gedərkən ona yol, yemək, mehmanxana və sairə xərclər ödənilir. Bu nə dərəcədə düzgündür ki, bizə mehmanxana xərci ödənilməyəcək? Bilmək istərdim, ezamiyyə pulu necə verilir? Hansı hüquqi sənəddə bu, qeyd olunub? Sizdən bu haqda məlumat verməyinizi xahiş edirəm. Osman KAZIMOV,Xudat şəhəri. - Dövlət orqanının, müəssisə, idarə və təşkilatların rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.Xidməti ezamiyyət zamanı işçiyə gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclərin ödənilməsi \ İşçilərin Ezamiyyə Qaydaları\ na uyğun olaraq həyata keçirilir.Qaydalara uyğun olaraq ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir.Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir.Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması \ Ezamiyyə xərclərinin normaları haqqında\ qərarla müəyyən olunur. Bakı şəhərində ezamiyyə xərclərinin 1 günlük norması 65 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 45 manat müəyyənləşdirilmişdir.Respublika ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş bir günlük normasının 20 faizini gündəlik xərclər təşkil edir. Qaydalara əsasən, gündəlik xərclərə yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxildir.Sualınızdan məlum olur ki, Sizi daha çox maraqlandıran mehmanxana xərcləridir. Qaydaların \ Respublika ərazisi daxilində ezamiyyələr\ adlanan bölməsinə əsasən, işçiyə ezamiyyətdə olduğu müddətdə, yolda olduğu müddət nəzərə alınmadan, hər təqvim günü üçün mehmanxana xərcləri ödənilir. Lakin nəzərə almaq lazımdır ki, bu xərclərin ödənilməsi iki qaydada həyata keçirilir: 1) təsdiqedici sənədlər olduqda və təqdim edildikdə, 2) belə sənədlər olmadıqda və ya təqdim edilmədikdə.Birinci halda bu xərclər ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsi daxilində ödənilirsə, ikinci halda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi (yarısı) miqdarında ödənilir.Nəzərinizə çatdırırıq ki, özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə ezamiyyət xərclərinin ödənilməsi qaydası da fərqlidir. Belə bir yerə ezam olunan işçiyə yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci verilir. Hər bir konkret halda məsafənin uzaqlığı, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, işçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi həmin işçinin işlədiyi təşkilatın rəhbərliyi tərəfindən həll edilir.Əgər Siz də ezam olunma yerindən daimi yaşayış yerinə qayıdırsınızsa, onda ezamiyyə xərcləri olaraq təsdiqedici sənədlər əsasında yol xərcləri ödəniləcək, qalan məsələlər isə rəhbərlik tərəfindən həll ediləcəkdir. Belə olan halda mehmanxana xərclərinin ödənilməsi nəzərdə tutulmur.Sorğuları şərh etdi: AHİK-in Hüquq Şöbəsi