Advokat


Baxıldı : 585

Tarix : 2015-01-31 04:59:00


Yaxın qohumum 2 gün əvvəl işdən çıxarılıb. İşdən çıxarılmasının səbəbi kimi əmək vəzifələrinin kobud şəkildə pozulması göstərilir. Bilmək istəyirəm ki, əmək vəzifələrinin kobud şəkildə pozulması dedikdə nə başa düşülür?Afət SƏMƏDOVA,Bakı şəhəri.- Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək Məcəlləsinin 68-ci maddəsi ilə müəyyən edilir. Məcəllənin \ a\ bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi \ tərəflərdən birinin təşəbbüsü\ qeyd edilir. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallarda müqaviləyə işəgötürən tərəfindən xitam verilir. Bunun hansı hallarda mümkün olacağı Məcəllənin 70-ci maddəsində əks olunub. \ ç\ bəndində deyilir: işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud ƏM-in 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Bu maddədə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi hallar dəqiq müəyyən edilmişdir:- özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi (AR ƏM, maddə 72).Lakin nəzərinizə çatdırırıq ki, belə hallarda əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat verməsini tələb etməlidir. Bu izahatın verilməməsi müqaviləni ləğv etməyi istisna etmir. Sizin qeyd etdiyiniz əsaslarla əmək müqaviləsinin ləğv edilməsi zamanı işçinin hansı öhdəliyi yerinə yetirmədiyi işəgötürənin əmrində (sərəncamında) göstərilməli və bu əsas lazımi sənədlərlə təsdiq edilməlidir. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallarda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericilikdə nəzərdə tutulduğu qaydada müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır.Dövlət qulluğunda işləyirəm. Həyat yoldaşım I qrup əlildir. Ona mən qulluq edirəm. Bilmək istəyirəm, I qrup əlilə qulluq etdiyimə görə, mənim iş vaxtımda güzəştlər nəzərdə tutulurmu?Leyli ƏBİLOVA,Bakı şəhəri.- Dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər \ Dövlət qulluğu haqqında\ qanunla tənzimlənir. Bu qanunun 19-cu maddəsində dövlət qulluqçusunun başqa hüquqları ilə yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və elmi məzuniyyətləri) özünün və ya ailə üzvlərinin əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq hüququnun olması da qeyd edilmişdir.Qanunun 2.5 maddəsinə əsasən, həmin qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllədə qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi nəzərdə tutulmuşdur. Lakin \ Dövlət qulluğu haqqında\ qanunda I qrup əlilə xidmət etməyə görə iş vaxtında güzəştlər nəzərdə tutulmamışdır.\ Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında\ qanunun 2-ci maddəsinə əsasən, dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir.Maddənin məzmunundan məlum olur ki, dövlət qulluqçusu üçün I qrup əlilə xidmət etməyə görə qısaldılmış iş vaxtı nəzərdə tutulmamışdır. Dövlət qulluqçusuyam. 4 ay ödənişsiz məzuniyyətdə olmuşam. Bilmək istəyirəm, ödənişsiz məzuniyyətdə olduğum dövr dövlət qulluğunda qulluq stajıma daxil edilirmi?Məzahir MƏRDANOV,Masallı rayonu.- Dövlət qulluqçusunun əsas hüquq və vəzifələri \ Dövlət qulluğu haqqında\ qanunda qeyd edilmişdir. Qanunun 19.0.14 maddəsində deyilir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər, özünün və ya ailə üzvlərinin əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq dövlət qulluqçusunun əsas hüquqlarından biridir. Sosial məzuniyyətlərdən istifadə etmək də dövlət qulluqçusunun əsas hüquqlarındandır və Siz bu hüquqdan istifadə edərək 4 ay ödənişsiz məzuniyyətdə olmusunuz.Lakin dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajının hesablanması, yəni hansı dövrlərin dövlət qulluğu stajına daxil edilməsi \ Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları\ ilə müəyyən olunur. Qaydaların 7-ci bəndinə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır:- dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı;- dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı;- məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü;- dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti;- dövlət qulluğu vəzifəsinin və əməkhaqqının saxlanılması şərtilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət;- əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət;- ödənişli məzuniyyət dövrləri.Göründüyü kimi, Qaydalarda dövlət qulluqçusunun qulluq stajına daxil edilən dövrlərdə ödənişsiz məzuniyyət dövrləri daxil edilməmişdir və 4 aylıq ödənişsiz məzuniyyət dövrü qüvvədə olan qanunvericiliyə uyğun olaraq Sizin dövlət qulluğunda qulluq stajınıza daxil edilməyəcək.Sorğuları şərh etdi: AHİK-in Hüquq Şöbəsi