Advokat


Baxıldı : 512

Tarix : 2015-03-06 02:23:00


Əmək qanunvericiliyində ayrı-seçkiliyə yol verilə bilərmi? Eyni təşkilatda eyni vəzifədə mən və iki azyaşlı uşağı olan qadın işləyir. Bəzi işlərin yerinə yetirilməsi zamanı həmin qadının əməyindən istifadə edilmir. Bu, ayrı-seçkilik deyilmi?Fərhad ƏLİYEV,Beyləqan rayonu.- Əmək münasibətləri sahəsində əməyin nəticələri ilə bağlı olmayan hər hansı amillərə görə işçilər arasında ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində işçilərə bilavasitə və ya dolayısı ilə imtiyazların, güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır.Lakin hamilə və 3 yaşınadək uşağının olması səbəbindən əmək qanunvericiliyində qadınlara bəzi imtiyaz və güzəştlər müəyyən edilmişdir. ƏM-ə əsasən qadınlara əmək münasibətlərində əlavə təminatların, imtiyazların və güzəştlərin müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir (ƏM, maddə 16.1).Əmək münasibətləri prosesində işçilər arasında cinsi ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır (ƏM, 16.3).Sualınızda qeyd edilən halda əgər Sizinlə işləyən qadına münasibətdə işəgötürən əmək qanunvericiliyində və kollektiv müqavilədə nəzərdə tutulan güzəşt və imtiyazlardan (bunlar ƏM-in ayrı-ayrı maddələrində əks olunub) əlavə təminatlar verirsə, onda bu, ayrı-seçkilik hesab edilir.Qanunvericiliyə əsasən, ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər (ƏM, maddə 16.3). Uşağım 2 yaş 6 aylıqdır. İşəgötürən mənimlə bağlanmış əmək müqaviləsini müəyyən bəhanələrlə ləğv etmək istəyir. Eşitmişəm ki, bu halda idarə rəhbəri cəzalandırıla bilər. Bu, doğrudurmu?Səba ŞƏMSİYEVA,Sumqayıt şəhəri.- Sizinlə bağlanmış əmək müqaviləsinə işəgötürən uşağınızın 2 yaş 6 aylıq olması səbəbindən xitam verərsə, bu hal Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cəzaya səbəb olar.Qanunvericiliyə görə, hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozma qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv etmə beş yüz manatdan min manatadək miqdarda cərimə ilə cəzalandırılır (Cinayət Məcəlləsi, maddə 164).Hamiləliyimin 4-cü ayındayam. İşləmək üçün əvvəllər müxtəlif iş yerlərinə ərizə ilə müraciət etmişdim. Boş iş yeri indi olduğu üçün təşkilatın birindən cavab gəlib. Hamiləliyimi əsas götürüb mənimlə müqavilə bağlamaqdan imtina edə bilərlərmi?Səbinə CAVADZADƏ,Bakı şəhəri.- Hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur (ƏM, maddə 240).Uşağın 3 yaşı tamam olanadək sosial məzuniyyətdə olmuşam. 5 aydır ki, əvvəlki vəzifəmdə çalışıram. İdarənin rəhbəri tərəfindən bildirilib ki, işçilər attestasiya olunacaqlar. Mənə bu halda güzəşt nəzərdə tutula bilərmi?Sevda AZADZADƏ,Şirvan şəhəri.- Əmək Məcəlləsinin 66-cı maddəsində attestasiya olunmayan işçilər müəyyən edilmişdir. Sosial məzuniyyətdən sonra müvafiq vəzifədə işləməyiniz bir ildən azdırsa, qeyd olunan maddənin tələbinə əsasən, Siz də attestasiya olunmayan işçilər sırasındasınız. Qanunvericiliyin tələbinə əsasən, hamilə qadınlar və uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) attestasiya olunmurlar (ƏM, maddə 66).Sorğuları şərh etdi: AHİK-in Hüquq Şöbəsi