Advokat


Baxıldı : 583

Tarix : 2015-03-14 03:04:00


2010-cu ilin mart ayından Şahdağ Qış-Yay Turizm kompleksində \ Dia-Holdinq\ şirkətində fəhlə işləmişəm. İşdən çıxandan sonra 2011-2012-ci illərdə Bakıda əmək müqaviləsiz işləmişəm. 01 dekabr 2013-cü ildən yenə də Qusar rayonunda əvvəlki iş yerimdə işləyirəm.2014-cü ilin mart ayının 6-da maşında olan qəza nəticəsində ağır zədə almışam. Xəstəxanada 5 ay müalicə olunmuşam. 01 avqust 2014-cü ildə xəstəlik vərəqəsini işlədiyim yerin mühasibatlığına təqdim etmişəm.Mühasibatlıq müxtəlif bəhanələrlə xəstəlik vərəqəmə görə müavinətin verilməsindən imtina edir. Son olaraq xəstəlik vərəqəsini itirdiklərini və buna görə də müavinəti verə bilməyəcəyini söyləyirlər.Xəstəlik vərəqəsi itibsə, mənə çatası müavinət necə ödənilməlidir? Xahiş edirəm, mənə xəstəlik vərəqəsinə görə pulun düşüb-düşmədiyini və əməkhaqqının illərə görə neçə faizinin verilə biləcəyi barədə məlumat verəsiniz. Zaur NAĞIYEV,Qusar rayonu.- \ Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə\ nin tələblərinə uyğun olaraq əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər bu növ müavinətin verilməsi üçün əsas ola bilməz.Sualınızdan məlum olur ki, Bakı şəhərində işləyəndə əmək müqaviləniz olmayıb. Şahdağ Qış-Yay Turizm Kompleksində işləyərkən əmək müqaviləsi ilə işləməyiniz haqqında yazmırsınız. Qeyd edirik ki, əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət məcburi dövlət sosial sığorta ödəmələri hesabına verilir. Belə müavinətlər təyin edilərkən sosial sığorta stajı kimi \ Sosial sığorta haqqında\ qanuna əsasən, sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən fəaliyyəti dövrlərinin müddəti nəzərə alınır. Adıçəkilən Qanunun 12-ci maddəsində məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər sırasında \ Əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər\ də qeyd olunur. Əgər Şahdağ Qış-Yay Turizm kompleksində \ Dia-Holdinq\ şirkətində qeyd etdiyiniz kimi 9 ay fəhlə, 01.12.2013-cü ildən 06.03.2014-cü ilə kimi nəzarətçi vəzifəsində əmək müqaviləsi ilə işləmisinizsə, onda Sizə ödəniləcək xəstəlik vərəqəsi həmin müddəti əhatə edən sosial sığorta stajına uyğun olaraq ödənilməlidir.Sualınızın bir hissəsində xəstəlik vərəqəsinə əsasən müavinətin ödəniləcək məbləğini soruşursunuz. Əsasnamənin 62-ci bəndinə əsasən müavinət:1) 12 il və daha çox sosial sığorta stajı olan işçilərə qazancın 100 faizi miqdarında;2) 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə qazancın 80 faizi miqdarında;3) 8 ilədək sosial sığorta stajı olan işçilərə qazancın 60 faizi miqdarında ödənilir.Lakin sosial sığorta stajı 6 aydan az olan işçilərə xəstəlik vərəqəsinə əsasən müavinət ödənilmir.Əgər mühasibatlıq xəstəlik vərəqəsini itiribsə, onda Əsasnamənin 7-ci bəndinə uyğun olaraq hərəkət etməlidir. Burada deyilir: \ Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər\ .Deməli, qanunvericiliyin müddəalarına əsasən, xəstəlik vərəqəsinə və ya dublikatına görə müavinət ödənilərkən əmək müqaviləsi ilə işlədiyiniz bütün dövrlər, Şahdağ Qış-Yay Kompleksinin \ Dia-Holdinq\ şirkəti də nəzərə alınmaqla, sosial sığorta stajınıza hesablanacaq və qazancın faiz dərəcələri yuxarıda qeyd edilən miqdarda ödəniləcək.Qəzetinizin nömrələrinin birində oxudum ki, işçiyə əmək kitabçası açılmadığına görə işəgötürən inzibati qaydada cərimə olunur. Bilmək istəyirəm ki, işəgötürən əmək qanunvericiliyini pozduğu daha hansı hallarda inzibatı qaydada cərimə olunur? Saleh VƏLİYEV,Bakı şəhəri.- İşçilər, işəgötürənlər və başqa fiziki şəxslər Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ-hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, məhdudlaşdırmağa, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyalarını yerinə yetirmədiklərinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizami, inzibati və cinayət məsuliyyətinə cəlb olunurlar.Əmək Məcəlləsinin 312-ci maddəsinə əsasən, əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Bu məsuliyyət İXM-in bir neçə maddəsində yer alsa da, 53-cü maddə \ Əmək qanunvericiliyinin pozulması\ adlanır. Biz də həmin maddəni olduğu kimi oxuculara təqdim edirik.Maddə 53. Əmək qanunvericiliyinin pozulması53.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə -fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.53.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, idarələrin və ya təşkilatların işəgötürənləri tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə -yeddi yüz manatdan min iki yüz manatadək miqdarda çərimə edilir.53.3. İşçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda çərimə edilir.53.4. İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə -vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək miqdarda çərimə edilir.53.5. İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə -vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda çərimə edilir.53.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə -vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda çərimə edilir.53.7. İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə -vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda çərimə edilir.53.9. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsinə görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.53.10. İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə -vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on üç min manatadək miqdarda cərimə edilir.53.11. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina edilməsinə və ya həmin səbəbdən onların işdən azad edilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.53.12. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.Qeyd: Bu Məcəllənin 53.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.Sorğuları şərh etdi: AHİK-in Hüquq Şöbəsi