Ağdam yenə də cənnətməkan olacaq


Baxıldı : 46

Tarix : 2020-11-20 21:30:05


Torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsi  Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Ordumuzun və xalqımızın birliyi sayəsində Qələbə ilə başa çatdı. 
“23 iyul 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal edilən Ağdam şəhərinə,  Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanatın şərtlərinə əsasən, 20 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri daxil oldu. Bu xəbəri xalqımız, xüsusilə də ağdamlılar böyük sevinc və qürur hissi ilə qeyd edir”.  Bunu Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Ağdam Rayon Komitəsinin sədri Rəhman Qasımov dedi. 
Qeyd etdi ki, hələ ötən əsrin sonlarında Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlər nəticəsində 5897 şəhid, 3531 nəfər əlil olmuş, 1871 nəfər uşaq yetim qalmışdı. Kədər hissi ilə bildirirəm ki,  Ağdamın 160 min əhalisindən 148 mini öz doğma ev-eşiyindən didərgin düşüb məcburi köçkün statusu almışdı. Onlar respublikanın 58 rayonunda, əsasən də Mingəçevir, Bərdə və Bakıda məskunlaşmışdı. İşğaldan öncə Ağdam şəhəri böyük sənaye şəhəri idi. Orada  13 şərab zavodu, Üzümçülər Evi, Un kombinatı, Dəzgahqayırma,  Xalça zavodları var idi.  Həmçinin 3 böyük kinoteatr, 79 böyük  mədəniyyət ocağı, dramteatr fəaliyyət göstəriridi. Ağdamda dünyada ikinci olan möhtəşəm  Çörək Müzeyi var idi. Təəssüflər olsun ki, işğal altında olan zaman erməni vandalları  Ağdam şəhərində daşı daş üstdə qoymayıb. Bu saydıqlarımdan əsər-əlamət, bir dənə olsun belə salamat bina yoxdur indi. Bunun nəticəsidir ki, 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması”, 2010-cu ildə “Əl-Cəzirə” Ağdamı “ruhlar şəhəri” siyahısına salıb. Amma bu bizi qorxutmur, çünki Ali Baş Komandanımızın rəhbərliyi ilə əvvəlkindən də yaxşı yenidən qurub yaradacağıq. Qürur hissi keçirirəm ki, Prezidentimizin və rəşadətli Ordumuzun sayəsində Birinci Qarabağ müharibəsində Ağdam uğrunda canından keçən 6 minə yaxın şəhidin qisası alındı. Hazırda Ağdamda əhalinin sayı  202 200 nəfərdir. Sevindiricidir ki, quruculuq, abadlıq işlərindən sonra yavaş-yavaş ağdamlılar öz el-obalarına qayıdıb firavan yaşayacaqlar. 
Məni, eləcə də bütün ağdamlıları qürurlandıran bir də odur ki, cənab İlham Əliyev Ağdamın işğaldan azad edildiyi gün xalqa müraciət etdi. Bu müraciət bir daha göstərir ki, mənim Ağdamım Azərbaycan üçün böyük əhəmiyyət daşıyan gözəl məkanlarımız sırasında özünəməxsus yer tutur.
Biz ağdamlılar doğma şəhərimizin bərpasında var gücümüzlə çalışacağıq. Hörülən hər daşa sevincimiz, qürurumuz hopacaq.
Biz Sizinlə fəxr edirik, Ali Baş Komandanımız, Müzəffər Ordumuz!
Əsli ƏHMƏDOVA