Ağdam yenə də cənnətməkan olacaq


Baxıldı : 42

Tarix : 2020-11-20 21:21:11


Ağdamın işğaldan azad olunması xalqımız tərəfindən coşqu ilə qarşılanıb. Ağdamlılar ermənilərin talan etdikləri cənnətməkan şəhərin yenidən bərpa olunacağına əmindirlər. Rayon mərkəzinin, qəsəbələrin, kəndlərin qurulması işində dövlətimizin yanında olacaqlarını sevinclə qeyd edirlər.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Cahangir Talıbov öncə Ağdamın azad edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik etdi: “Biz bu qələbə üçün Ali Baş Komandana, Şəhidlərimizə və Qazilərimizə borcluyuq. Bu şanlı tarixi qanı ilə yazan Şəhidlərimizin qarşısında baş əyirik, ailələrinə səbir diləyirik”.
Sədr Ağdam rayonunun işğaldan əvvəlki vəziyyətindən danışarkən bildirdi ki, ermənilərin barbarlığı nəticəsində, təəssüf ki, rayon demək olar, yerlə-yeksan olub: “Ağdam vaxtilə çox gözəl və mədəni-maarif müəssisələri ilə zəngin bir rayon idi. Həmin dövrdə rayonda 108 kitabxana olub. Bunlardan 107-si filial, 1-i isə mərkəzləşmiş kitabxana idi. Burada 370 nəfər işləyirdi. 10 musiqi məktəbi, 1 uşaq muğam məktəbi fəaliyyət göstərirdi.  Bunların işçilərinin sayı 655 nəfər idi. Eyni zamanda rayonda 370 nəfər işçisi olan 22 mədəniyyət evi və 50 klub olub. Qeyd edim ki, rayonumuzda muzey və qalereya da fəaliyyət göstərirdi: Tarix-Diyarşünaslıq Muzeyi, Rahib Məmmədov adına muzey, Qurban Pirimov adına muzey, Çörək muzeyi və Rəsm qalereyası. Onu da nəzərinizə çatdırım ki, Çörək muzeyi SSRİ məkanında cəmi 2 yerdə olub. Onlardan biri Ağdamda, biri isə Leninqradda (indiki Sankt-Peterburq) idi. Burada da 44 nəfər çalışırdı. Rayon komitəsinin sıralarında 1440 nəfər üzv birləşirdi. Rayonun mədəniyyət evində təşkilatımıza ayrıca otaq vermişdilər”.
Cahangir müəllim bildirdi ki, biz-bütün Ağdam sakinləri böyük ümidlə, qüvvə ilə çalışıb Ağdamımızı bərpa edəcəyik. Buna tam əminik. Bu ümidlərimizi cənab Prezidentin Ağdamın geri qaytarılması münasibətilə xalqa etdiyi müraciət daha da artırdı. Dövlətimizin başçısı dedi ki, ermənilər işğal altında olan yaşayış məntəqələrimizi dağıtmaqla elə güman edirdilər xalqımız bu torpaqlara qayıtmayacaq. Onlar səhv etdilər. Çünki xalqımızın ruhuna yaxşı bələd deyillər. Biz Qarabağda yeni şəhərlər, kəndlər, qəsəbələr salacağıq. Yeni yollar çəkəcəyik.
Bəli, cənab Prezident, Ağdam da, digər işğaldan azad olunmuş şəhərlərimiz kimi, Sizin rəhbərliyiniz altında, yenə Azərbaycanımızın cənnət məkanlarından birinə çevriləcək.

Aliyə SƏMƏDOVA