“Ağır iş rejimi sosial həyatımıza təsir edir”


Baxıldı : 44

Tarix : 2019-06-07 13:54:55


Fransanın Luvr muzeyi 2018-ci ildə öz rekordunu  yeniləyərək, illik ziyarətçi sayının 10,2 milyon olduğunu bildirib və ən çox ziyarət edilən muzeylər sırasında birinci yerə yüksəlib. Ancaq ziyarətçilərin sayının artması burada çalışanların işlərinin çoxalmasına gətirib çıxarıb. Muzeyə gələnlərin  sayı çoxdur deyə qeydiyyat və təhlükəsizlik bölmələrində işləyənlər gərgin iş rejimində çalışır, demək olar ki, gün ərzində novbələr heç bitmir.

Muzey çalışanları gələn turist sayının çoxluğunu və personalın az olmasını əsas gətirərək tətil elan ediblər. İşçilərin işə çıxmaması  muzeyin açılış və qapanış saatlarına təsir edib. Tətil müddəti ərzində yalnız daha öncədən giriş üçün yer bron edənlərin muzeyə girişi təmin olunub. Muzeyin önündə uzun növbələr yaranıb.

Çalışanlar bildirib ki, son 2 ildə muzey ziyarətçilərinin sayı illik olaraq 20 faiz çoxalsa da, personalın sayı sadəcə 1 faiz artırılıb: “Muzeyə gələnlərin sayı yoxlama və qeydiyyat bölmələrində çalışan işçilərin  sayına nisbətdə dəfələrlə çoxdur. İşçi heyəti nahar fasiləsində belə çalışmağa məcbur olur. Bu ağır iş rejimi sosial həyatımıza da təsir edir”.

Statistik göstəricilərə görə, 2017-ci ildə Fransaya turist axını azalsa da, 2019-cu ildən yenidən  bu yöndə inkişaf özünü göstərir. Luvr muzeyi də yenidən 2012-ci ildəki mövqeyini möhkəmləndirib.

“Themed Entertainment Association” tərəfindən tərtib edilmiş ən çox ziyarət edilən 20 muzeyin siyahısında  Luvr muzeyi ilk sırada yer almaqdadır.

CAVİD