Şagirdlərin valideynləri cərimələnəcək


Baxıldı : 309

Tarix : 2015-12-05 05:47:00


Respublikamızda uşaqların təhsildən yayınmasının qarşısını almaq üçün daha bir addım atılacaq. Bununla bağlı İnzibat Xətalar Məcəlləsinə yeni dəyişiklik təklif edilir. Yeni tələbə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə şagirdin valideyni yüz manat miqdarında cərimə ediləcək. Amma bu təkliflər cəmiyyətdə birmənalı qarşılanmır. Məsələyə münasibət bildirən Milli Məclisin Elm və Təhsil Komitəsinin sabiq sədri Şahlar Əsgərov deyir ki, cərimələr problemdən çıxış yolu deyil: \ Şagirdlərin dərsdən yayınma səbəblərinin araşdırılması daha doğru variantdır. Əgər dərsdən yayınma müşahidə olunursa, bunun səbəblərini uşaqda yox, məktəbdə axtarmaq lazımdır. Məktəbdə şagirdlərə qarşı elə münasibət olmalı, elə formada dərs keçilməlidir ki, uşaqlar böyük həvəslə gəlsinlər. Cərimələr isə uşaqların təhsilə cəlb olunmasından çox, onların dərsdən yayınmalarına səbəb ola bilər. Nəzərə alsaq ki, şagirdlər heç yerdə işləmirlər, o halda onlar bu cəriməni necə ödəməlidirlər? Məlum məsələdir ki, həmin cəriməni ödəmək valideynin üzərinə düşəcək. O zaman bu, şagirdlərin deyil, valideynlərin cərimələnməsi olacaq. Bunun müxtəlif fəsadları ola bilər. Valideynlər belə hallarla qarşılaşmamaq üçün övladlarını təhsildən yayındıra bilərlər\ . Azərbaycan Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev deyir ki, uşaqların təhsildən yayınmasında valideynlərin günahlandırılması düzgün deyil: \ Təhsilşünaslıqda, pedaqogika elmində cəzalandırma və rəğbətləndirmə tələbləri var. Dediyiniz təklif irəli sürülərkən bu tələblər nəzərə alınmayıb. Bu məsələyə görə məsuliyyət məktəbin və məktəbə nəzarət etməli olan qurumların üzərinə düşür. Əgər məktəb təlim-tədris işini normal qursa, tərbiyəvi tədbirlər keçirsə, maraqlı olsa, şagird qarşısına qoyduğu hədəfə nail olmaq üçün istədiyini məktəbdən alsa məktəbdən yayınarmı? Yayınmaz. Bu məsələdə günahkar olan tədris işini təşkil edən şəxslərdir. Bu iş ona görə baş verir ki, bizim məktəblərin böyük əksəriyyəti təlim-tədris işini yüksək səviyyədə qura bilmir. Əgər şagird məktəbə maddi ziyan vurubsa, bu halda valideynə demək olar ki, dəymiş ziyanı ödəsin. Amma dərsə davamiyyətlə bağlı belə bir qərar vermək anlaşılmazdır. Hansı valideyn öz övladına deyər ki, dərsə getmə və yaxud hansısa dərsdən yayın. Yaxşı olardı ki, müəyyən qərarlar verilərkən təhsil mütəxəssislərinin, pedaqoji işi bilən adamların fikirləri nəzərə alınsın. Hər fəaliyyətin elmi var. Pedaqogikada deyilir ki, pis şagird yoxdur, pis müəllim ola bilər. Azərbaycanda elə məktəb direktorları, direktor müavinləri var ki, şagirdə nəsə öyrədən, onu məktəbə cəlb edən müəllimləri gözümçıxdıya salırlar. Ona görə ki, o da o birilər kimi olsun və direktor bu işdən xeyir görsün. Şagirdin məktəbdən yayınmağının kökündə dayanan amili-sosial, pedaqoji və iqtisadi qiymətləndirmə aparıb müəyyənləşdirmək və bu səbəbi aradan qaldırmaq lazımdır\ .XALİD