AHİK-də Küveyt Həmkarlar İttifaqı nümayəndələri ilə görüş olub


Baxıldı : 239

Tarix : 2018-02-17 00:52:37


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse- prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev Küveyt Həmkarlar İttifaqları Federasiyasının sədri Məhəmməd Cüməan Əl-Hudaniyəni və Federasiyanın baş katibi Məhəmməd Əl-Aradanı qəbul edib.

Qonaqları salamlayan S.Möhbalıyev Küveyt nümayəndə heyətinin AHİK-in fevralın 5-də keçirilmiş V qurultayında iştirakından məmnunluğunu ifadə edərək bildirib ki, iki dost ölkənin həmkarlar ittifaqı təşkilatları arasındakı işgüzar əlaqələrin və əməkdaşlığın möhkəmləndirilməsinə və dərinləşməsinə böyük önəm verir. AHİK sədri Küveyt nümayəndə heyətinin üzvlərinə Azərbaycan həmkarlar ittifaqlarının yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında danışıb, işçilərin mənafelərinin müdafiə olunması, əmək hüquqlarının qorunması, məişət və istirahət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərdən  söhbət açıb.

Küveyt nümayəndə heyətinin rəhbəri Məhəmməd Cümaən Əl-Hudaniyə ölkəmizdə qarşılaşdıqları yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə öz minnətdarlığını ifadə edib. AHİK-in V qurultayına dəvətə görə S.Möhbalıyevə təşəkkürünü bildirən qonaq Azətbaycan həmkarlar ittifaqlarının ölkəmizin həyatındakı mühüm rolunu, Azərbaycan cəmiyyətinin inkişafına verdiyi layiqli töhfələri xüsusi olaraq qeyd edib və ölkəmizdə gedən sosial-iqtisadi dəyişiklikləri yüksək qiymətləndirib.

Söhbət əsnasında hər iki tərəf həmkarlar ittifaqı mərkəzləri arasındakı işgüzar münasibətləri, dialoq və ikitərəfli görüşləri davam etdirmək və möhkəmlətmək əzmində olduqlarını bildiriblər.

Görüşün yekununda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Küveyt Həmkarlar İttifaqları Federasiyası arasında Əməkdaşlıq Protokolu imzalanıb.