AHİK-də qəbul


Baxıldı : 65

Tarix : 2019-06-18 09:19:56


İyunun 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri  cənab Vladimir Qyorqiyevi qəbul edib. 

S.Möhbalıyev qonağı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə  təbrik edib və yeni missiyasında ona uğurlar arzulayıb. AHİK sədri bildirib ki,  həmkarlar ittifaqları qazanc üçün ölkəyə gələn miqrantların əməyinin yerli sakinlərin əməyi kimi qiymətləndirilməsinə, onların həmkarlar ittifaqı tərkibində hüquqlarının müdafiəsinə, işəgötürənin özbaşınalığından qorunmasına, ədalətli əməkhaqları almasına çalışır.

Millət vəkili qeyd edib ki, biz uzun illərdir ölkəmizdə yaşayan, işləyən miqrantların sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində addımlar atırıq. İşləyən miqrantların həmkarlar ittifaqı təşkilatlarına üzv olunmasına çalışırıq. Son illərdə təşkilatımızın Rusiya Federasiyasının Sverdlovsk, Volqoqrad, Həştərxan və s. vilayətlərinin həmkarlar ittifaqı təşkilatları ilə apardığı müzakirələrin nəticəsi olaraq müəyyən nailiyyətlər əldə etmişik. Deməliyəm ki, həmin vilayətlərdə çoxlu sayda həmvətənimiz yaşayır.  Orada yaşayan və çalışan vətəndaşlarımızın hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb. Yuxarıda qeyd etdiyim vilayətlərin həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

S. Möhbalıyev vurğulayıb ki, Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyası ölkəmizin  Miqrasiya Xidməti ilə geniş işgüzar və əməkdaşlıq əlaqələrinə malikdir.

Daha sonra millət vəkili qonağa ölkənin ən böyük ictimai təşkilatı olan AHİK  və onun fəaliyyət istiqamətləri haqqında məlumat verib. Deyib ki, AHİK  öz sıralarında 27 sahə həmkarlar ittifaqını və 1,5 milyon həmkarlar ittifaqı üzvünü birləşdirir . AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. Həmçinin Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatıdır.

Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 110 illiyinin geniş şəkildə qeyd edilməsi  bu təşkilatın böyüklüyünü və cəmiyyətdəki nüfuzunu bir daha təsdiq edir: “1904-cü ildə işçilərin hüquqlarının müdafiəsi ilə bağlı imzalanmış “Mazut” müqaviləsinin bu il 115 illiyi tamam olur. Düşünürük ki, bir neçə gündən sonra keçiriləcək BƏT-in 100 illiyinə bir  töhfə kimi həmin müqavilənin bir nüsxəsini onlara təqdim edək”.  

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev öz növbəsində səmimi qəbula və dolğun məlumata görə AHİK sədrinə  minnətdarlığını bildirib. Deyib ki, təşkilatınız tərəfindən insanlara, çalışanlara yaratdığınız şəraitə, göstərdiyiniz hüquqi dəstəyə görə sizi alqışlayırıq və öz tərəfimizdən hər cür dəstək göstərəcəyimizə əmin edirik. V. Qyorqiyev artıq üç aydan çoxdur ki, Azərbaycanda fəaliyyət göstərdiyini və hər zaman qarşılıqlı əməkdaşlığa yüksək önəm verdiyini söyləyib: “Uğurlu əməkdaşlıq münasibətlərinin formalaşdırılmasında birgə fəaliyyət müsbət qiymətləndirilir. Azərbaycanın əmək miqrasiyasının idarəçiliyi və əməkçi miqrantların hüquqlarının qorunması sahəsində, institusional və qanunvericilik baxımından, uğurları çoxdur”. 

Azər MUSTAFAYEV